Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:53

Kreml Moldovaya xəbərdarlıq edir


Kremlin sözçüsü Dmitri Peskov
Kremlin sözçüsü Dmitri Peskov

Kreml Moldovanı, ölkənin separatçı Dnestryanı regionunda yerləşdirilmiş Rusiya hərbi kontingenti barədə bəyanatlarında diqqətli olmağa çağırıb.

Bundan bir neçə gün əvvəl Kişinauda baş nazir Dorin Reçanın yeni qərbyönümlü hökumətinin andiçmə mərasimi olub.

Kremlin sözçüsü Dmitri Peskov xatırladıb ki, Rusiya regionda “məsul tərəf” kimi özünün sülhməramlı missiyasını icra edir.

Ötən həftə Moldova və Ukrayna prezidentləri Maya SanduVolodimir Zelenski bəyan etmişdilər ki, Moskva Moldovada müxalifətin etirazları pərdəsi altında dövlət çevrilişi etməyi planlaşdırır.

Rusiya həm tərəf, həm də sülhməramlı kimi

Əhalisi əksərən rusdilli olan Dnestryanı Moldovadan müstəqilliyini 1990-cu ildə bəyan edib.

O vaxt Moskva Moldovanın ortaq tarix və dilə malik olduğu qonşu Rumıniya ilə birləşə biləcəyindən narahat idi.

1992-ci ildə Rusiya tərəfindən dəstəklənən separatçı bölgə ilə Moldova arasında qısa, lakin qanlı müharibə olub. Bunun ardınca Rusiya Dnestryanıdakı hərbi kontingentini sülhməramlı qüvvə elan edib.

Bəzi təhlilçilər bildirirlər ki, Ukrayna müharibəsi genişlənərsə, Moldova Rusiyanın növbəti hədəfi ola bilər.

Ölkənin yeni baş naziri Dorin Reçan ötən həftə Dnestryanının demilitarizasiyasına və orada yerləşdirilmiş 1100-dək Rusiya hərbçisinin bölgədən çıxarılmasına çağırmışdı.

Dmitri Peskov bu bəyanata reaksiya olaraq deyib:

"Biz moldovalı həmkarlarımızı verdikləri hər bir bəyanata diqqət yetirməyə çağırırıq”.

Peskov fevralın 20-də Moskvada keçirilən brifinqdə iki ölkə arasında münasibətlərin “son dərəcə gərgin” olduğunu deyib.

Zelenski və Sandu bəyanat vermişdilər

Prezident Sandu Rusiyanı dəfələrlə Moldovada sabitliyi pozmaq cəhdlərində ittiham edib və Rusiya qoşunlarının regiondan çıxarılmasını istəyib.

Sandu ötən həftə bildirmişdi ki, Ukraynanın təhlükəsizlik xidmətlərindən Moskvanın onun ölkəsində xarici təxribatçıların köməyi ilə çevriliş hazırladığını göstərən sənədlər alıb.

O bildirirdi ki, Moskva Moldovanın Avropa İttifaqına üzvlüyünün qarşısını almaq və bu ölkəni də Belarus kimi Ukraynaya qarşı müharibədə platsdarma çevirməyə çalışır.

Zelenski bundan əvvəl, fevral 9-da keçirilən Avropa İttifaqı sammitindəki çıxışında demişdi ki, “Kiyev Rusiya kəşfiyyatının Moldovanı çökdürmək planını ələ keçirib”.

ABŞ Moldovanın yanında olduğunu bildirib

ABŞ Dövlət Departamenti isə bildirmişdi ki, çevriliş cəhdi barədə məlumatlar hələ ki müstəqil şəkildə təsdiqlənməyib, amma sözü gedən cəhd Rusiyanın davranışına yad olan bir məsələ deyil və Vaşinqton tamamilə Moldova hökumətinin və xalqının tərəfindədir.

Rusiya Moldovada sabitsizlik yaratamaq cəhdləri barədə iddiaları “əsassız və sübutsuz” adlandırıb.

Fevralın 19-da paytaxt Kişanauda minlərlə insan ölkənin qərbyönlü hökumətinə qarşı aksiyaya çıxıb.

Etirazçıların əsasən rusiyayönlü siyasətçi və biznesmen İlan Şorun partiyasından olduğu bildirilir.

Şor 2019-cu ildə Sandunun seçki qələbəsindən sonra ölkədən qaçıb.

Fevralın 10-da Rusiya gəmisindən Ukraynaya atılan raket Moldovanın hava məkanından keçib.

Bu hadisənin ardınca Rusiyanın Kişinaudakı səfiri Moldova XİN-ə dəvət edilmişdi.

XS
SM
MD
LG