Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:56

Britaniya telekanalı İran-Rusiya silah sazişini əldə etdiyini deyir


Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi
Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi

Britaniya telekanalı İran-Rusiya silah sazişini əldə etdiyini deyir.

Britaniyanın Sky News telekanalı iddia edir ki, İrandan Rusiyaya silah təchizatına dair müqaviləni əldə edib.

Telekanal bildirir ki, sözü gedən sənədi ona Britaniyanın müdafiə sahəsindəki mənbələrdən biri ötürüb.

Sky News kanalının iddiasına görə Britaniya kəşfiyyatı sənədin orijinallığına 100 faiz əmindir.

Əgər iddialar doğru çıxarsa, bu, Ukraynaya tammiqyaslı müdaxilə başlanandan bəri İranın Rusiyanı silahlarla təchiz etdiyinə dair ilk sənədli sübut olacaq.

Tehran və Moskva bu xəbəri hələ ki, şərh etməyiblər.

Hansı silahlar?

Ötən ilin 14 sentyabrına aid 16 səhifəlik müqavilədə söhbət İrandan Rusiyaya 1 milyon dollarlıq silahın göndərilməsindən gedir.

Bundan iki ay əvvəl Vladimir Putin İrana səfər etmişdi.

Bu da xəbər verilir ki, müqaviləyə artilleriya və tank sursatı, habelə raketlər daxildir.

Bu arada 5 səhifəlik başqa sənəd də açıqlanıb. Burada söhbət Rusiyaya T-72 tankları üçün komplektləşdirici hissələrdən, haubitsa lülələrindən və sursatdan gedir.

Sky News telekanalının mənbələri iddia edirlər ki, bu sənədlər İranın Müdafiə və Silahlı Qüvvələrin Maddi-Texniki Təchizatı Nazirliyi ilə Rusiyanın Rosoboronaeksport dövlət şirkəti arasında imzalanıb.

Sənədlərin ingiliscə tərtib olunduğu və qiymətlərin dollarla göstərildiyi bildirilir.

Telekanalın mənbəyi bildirib ki, bu, İranın başqa ölkələrlə imzaladığı müqavilələrdə adi praktikadır.

London və Kiyev də şərh etmirlər

Bu da xəbər verilir ki, telekanalın jurnalistləri may ayında bu sənədləri Ukraynanın baş naziri Denis Şmıhal və Britaniyanın xarici işlər naziri Ceyms Kleverliyə göstəriblər.

O vaxt Ukrayna baş naziri Britaniyaya səfər etmişdi.

Lakin hələlik nə London, nə də Kiyev bu sənədlər barədə açıqlama verməyiblər.

Mayın axırlarında Ukrayna İrandan Rusiyaya silahlar verilməsi ehtimalı ilə bağlı Tehran üzərinə sanksiyalar elan edib.

Bundan əvvəl ABŞ, Qərbin başqa ölkələri və Ukrayna İranı Rusiyaya Şahed dronları verməkdə ittiham etmişdi.

Rusiya rəsmiləri bu ittihamı rədd etsələr də, media və hərbi blogerlər Rusiyanın Ukraynaya zərbələr endirdiyi Geran-2 dronlarının Şahed PUA-larının tam surəti olduğunu yazırlar.

Tehran isə iddia edirdi ki, dronlar Rusiyaya Ukrayna müharibəsindən əvvəl verilib.

XS
SM
MD
LG