Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:06

Prezidentin öyündüyü profisit nəyin hesabına formalaşıb?


Hökumət dövlət büdcəsinin Neft Fondundan asılılığına son qoya bilmir
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Hökumət dövlət büdcəsinin Neft Fondundan asılılığına son qoya bilmir (Arxiv. 2021)

İyulun 11-də ilk yarımilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirəyə prezident İlham Əliyev də qatılıb. O öz çıxışında ilk altı ay boyunca Azərbaycan iqtisadiyyatının daha da gəlişdiyini söyləyib: "Bir çox ölkədə, hətta ölkələrin əksəriyyətində biz tam başqa mənzərə görürük. Amma bizdə xarici ticarət balansımızın müsbət - yəni profisiti çox böyük səviyyədədir. Ölkələrin böyük əksəriyyəti daha çox idxal edir, nəinki ixrac edir. Bizdə isə bu, tam əksinədir və ilin birinci altı ayında bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır".

Dövlət Gömrük Komitəsi (DGK) indiyədək 2023-cü ilin ilk beş ayına dair xarici ticarət göstəricilərini açıqlayıb. Həmin göstəricilərə görə, sözügedən müddətdə Azərbaycanın toplam ixracı 16.1 milyard dollar olub. Eyni dövrdə ölkəyə 6.8 milyard dollarlıq məhsul gətirilib. Deməli, ilk beş ayda Azərbaycanın ixracı onun idxalını 9.3 milyard dollar qabaqlayıb. Bu baxımdan, İlham Əliyevin "bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır" deməsi həqiqəti əks etdirir. Ancaq burada prezidentin gözdən qaçırdığı məqamlar da var. Azərbaycanda ixracın idxalı qabaqlaması heç də ölkənin əlavə dəyər yaradan istehsal sahələrinin inkişafı hesabına baş verməyib. Ölkənin neft və qaz resursları, ənənəvi olaraq, ixracın əsasını təşkil edib. Bu baxımdan, 2023-cü il də istisna deyil. Rəsmi rəqəmlərə görə, bu il ixracın 91 faizi, yəni ölkənin xarici ticarət hesabına qazandığı hər 100 dolların 91-i neft və qaz satışı hesabına təmin edilib. Üstəlik, neft və qazın hansısa emalından da söhbət getmir. Azərbaycan ixrac gəlirlərinin mütləq əksəriyyətini xam neft və təbii qaz satışı hesabına təmin edib. Bu baxımdan, ölkənin ixracının idxalı 10 milyard dollar qabaqlaması müsbət hal olsa da, ixracın 91 faizinin yalnız təbii sərvətlər hesabına formalaşması xeyli dərəcədə üzqızardacaq durumdur. İndi ölkənin idxala sərf etdiyi vəsait Azərbaycanın qeyri-enerji ixrac gəlirlərini dörd dəfə qabaqlayır.

Manatın məzənnəsinin dəyişməməsi uğurdurmu?

Müşavirədəki çıxışında prezident İ.Əliyev manatın məzənnəsinə də toxunaraq deyib ki, bu məzənnə altı ildir dəyişməyib və bu da dünya təcrübəsində, özəlliklə indiki şəraitdə nadir hadisələrdən biridir. Doğrudan da, 2018-ci ilin martından bəri manatın dollara qarşı məzənnəsi bir qəpik də olsa, dəyişməyib. Bu, ilk baxışdan uğur kimi görünə bilər, amma həm də ciddi problemlərin xəbərçisidir. Axı valyutaların üzən məzənnə rejimində qiymətləndirildiyi ölkələrdə ölkənin çeşitli gəlir qaynaqları olur. Nəticədə gəlir qaynaqlarının birində problem yaşanarsa, bu, ölkə iqtisadiyyatına öldürücü zərbə vurmur. Toplam gəlirlərdə bir sahənin payı həlledici deyil. Diqqətdən qaçmasın ki Azərbaycanın xaricdə valyuta qazancı, demək olar, təkcə enerji sektorundandır. Bu baxımdan, ölkənin bütün makroiqtisadi göstəriciləri enerjidaşıyıcıların qiymətindən asılıdır. Deməli, neftin qiyməti hökumətin gözləntisinə uyğundursa, büdcə öhdəliklərinin gerçəkləşməsində problem yaşanmayacaq. Di gəl, sonsuzadək enerji qiymətlərinə bel bağlamaq olmaz, axı bunun acı təcrübəsini Azərbaycan xalqı yaxın keçmişdə - 2015-ci ildə yaşayıb. Bir gün içində milli valyutanın kəskin dəyərsizləşməsi insanların sosial rifahını kəskin pisləşdirib. Azərbaycan iqtisadiyyatı bu sarsıntıdan yalnız üç il sonra çıxa bildi. O da yenə enerji qiymətlərinin təkrar yüksəlməsi hesabına. Bu baxımdan, indiki durumda hökumət manatın məzənnə sabitliyini uğur kimi qələmə versə də, bunun bir məcburiyyətdən irəli gəldiyini də unutmaq olmaz. Ölkənin gəlir qaynaqları çeşitlənməyənədək məzənnə məsələsi ölkə iqtisadiyyatı üçün risk amilləri yaratmağa davam edəcək.

2023-cü il iqtisadiyyat baxımından necə keçir?

Prezidentin müşavirədəki çıxışı, əsasən, olumlu notlar üstündə qurulsa da, bu il ölkə iqtisadiyyatı üçün yetərincə problemli il kimi də yadda qalacaq. Dövlət Statistika Komitəsinin (DSK) bilgilərinə görə, 2023-cü ilin ilk beş ayında Ümumi Daxili Məhsul (ÜDM) cəmi 0.7 faiz artıb. Ötən ilin eyni dövründə bu göstərici 7.2 faiz idi. Bu il ölkə iqtisadiyyatının böyüməsi ötən illə yanaşı, hökumətin proqnozlarından da aşağıdır. İlin əvvəlində hökumət 2023-cü ildə ölkə iqtisadiyyatının 2.7 faiz artacağını proqnozlaşdırdığını bildirmişdi. Görünür, hökumət yetkililəri də bunun baş tutmayacağını anlayıblar, yoxsa bir müddət öncə 2023-cü illə bağlı böyümə proqnozu 1.8 faizə endirilməzdi. Hazırda Azərbaycan ÜDM-in artım tempinə görə Cənubi Qafqaz ölkələri arasında sonuncudur.

İqtisadi böyümə ilə yanaşı, inflyasiya göstəriciləri də hökumətin gözləntilərini doğrultmayıb. İlin əvvəlində hökumət ölkədə 6.9 faizlik inflyasiya olacağını proqnozlaşdırmışdı. İlk beş ayın nəticələrinə görə, Azərbaycanda inflyasiya göstəricisi hökumətin proqnozu ilə müqayisədə, az qala, iki dəfə yüksək - 13.1 faizdir. Təsadüfi deyil ki, hökumət ilin ortasında inflyasiya proqnozunu da dəyişməli olub və ilin sonunadək ölkədə inflyasiya göstəricisinin 10.4 faiz olacağını bildirib. Mərkəzi Bankın inflyasiyaya dair hədəf diapazonu 2-6 faiz aralığındadır. Elədirsə, inflyasiyanın 6 faizi aşması artıq problem yaşandığını göstərir. Hazırda Azərbaycandakı inflyasiya göstəricisi həmin həddi iki dəfə aşır.

XS
SM
MD
LG