Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:10

Rusiya indi də Qazaxıstandan qoşun toplamaq istəyir - Qərb mediası


Almatıda Rusiyanın Ukraynaya təcavüzünə qarşı etiraz mitinqi
Almatıda Rusiyanın Ukraynaya təcavüzünə qarşı etiraz mitinqi

Rusiya ordusuna qoşulanlara dərhal 5 min dollar ödəniş vəd edən elanlar Qazaxıstan internet istifadəçilərinin ekranlarını bürüyüb.

Reuters yazır ki, keçmiş sovet respublikası olan Qazaxıstanın əhalisinin 3 milyonu etnik ruslardır.

Qazaxıstan həm də Moskvanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqının üzvü olmaqla Rusiyanın ən yaxın müttəfiqlərindən biri sayılır.

Bütün bunlara baxmayaraq rəsmi Astana Rusiyanın “xüsusi hərbi əməliyyat” adlandırdığı Ukrayna müharibəsinə dəstək verməyib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sülhə və sərhədlərin toxunulmazlığına çağırıb. O habelə Rusiyanın Ukraynanın işğal edilmiş ərazilərində yaratdığı qondarma “respublikaları” tanımaqdan imtina edib.

Reuters yazır ki, Qazaxıstanda əhəmiyyətli sayda etnik rusun olmasına baxmayaraq sözü gedən elanların məhz etnik qazaxları hədəflədiyi görünür.

Belə ki, reklamlarda Rusiya və Qazaxıstan bayraqları təsvir edilib, habelə “Çiyin-çiyinə” şüarı yazılıb.

Elanlar Rusiya ordusu ilə müqavilə bağlayanlara birdəfəlik ödənişlə 495 min rubl (5300 dollar) avans, habelə 190 min rubl (2000 dollar) aylıq maaş vəd edir.

Uzaq Saxalində

Elanlarda göstərilir ki, yeni səfərbərlər Rusiya silahlı qüvvələrinə Rusiyanın Uzaq Şərq regionundakı Saxalin adasında qoşulacaqlar.

İnternet saytında onun sahibinin Saxalin regionu üzrə İnsan Kapitalı İnkişafı Agentliyinin olduğu göstərilir.

Buna baxmayaraq saytın telefon mərkəzi Reuters agentliyinin sorğularına və elektron məktublarına cavab verməyib.

Qazaxıstan qanunları vətəndaşlara başqa ölkələrdə ödənişli hərbi xidməti qadağan edir.

Qazaxıstanın İnformasiya və Sosial İnkişaf Nazirliyi də bu məsələyə dair Reuters-in sorğularına cavab verməyib.

Mərkəzi Asiyadakı digər keçmiş sovet respublikalarının sakinləri bildirirlər ki, onların həmvətənləri də ya Rusiya nizami ordusuna, ya da Vaqner kimi özəl muzdlu şirkətlərinə yazılıblar. Amma bunlar üçün səfərbərlik Rusiya ərazisində aparılır.

İş o yerə çatıb ki...

Rusiyada Özbəkistandan, Tacikistan və Qırğızıstandan olan milyonlarla əməkçi miqrant yaşayır.

Adının çəkilməsini istəməyən bir Tacikistan sakini Reuters agentliyinə deyib ki, onun bacısının əri ötən oktyabrda Ukraynanın Lisiçansk regionunda gedən döyüşlərdə həlak olub.

Həmin şəxsin sözlərinə görə onun qardaşı oğlu da Rusiya həbsxanalarından birində Vaqner qrupuna qoşulub.

Ötən may ayında Qırğızıstanda bir nəfər Ukraynanın Luhansk vilayətində Rusiyaya bağlı qruplaşmalardan birinə qoşulduğuna görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

İş o yerə çatıb ki, Rusiya siyasətçilərindən biri Rusiya XİN-ə müraciət edərək həmin şəxsin azadlığa buraxılması və Rusiyaya qaytarılması üçün Bişkek üzərinə təzyiq göstərilməsini rica edib.

Reuters yazır ki, xaricdə işləyən qazax miqrantların sayı xeyli azdır, çünki ölkənin özü neftlə zəngindir.

Buna baxmayaraq Ukraynanın Rusiyanın nəzarətində olan hissələrindəki tikinti işləri üçün də işçilərin Qazaxıstandan toplanmasına səy göstərilir.

XS
SM
MD
LG