Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:47

Azərbaycan nə qədər yaşıl ölkədir?


'Monopoliyadır, imkan vermirlər!' - Azərbaycanda külək enerjisi niyə zəif inkişaf edib
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

'Monopoliyadır, imkan vermirlər!' - Azərbaycanda külək enerjisi niyə zəif inkişaf edib

Dekabrın 25-də prezident İlham Əliyev Azərbaycan Respublikasında gələn ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Son illər Azərbaycanda hökumət rəsmiləri tez-tez yaşıl iqtisadiyyatla bağlı açıqlamaları dilə gətirirlər. Ölkənin strateji inkişaf sənədlərində yaşıl artıma nail olunması hədəf kimi göstərilir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının gələn il Bakıda keçirilməsinə qərar verildiyindən hökumət rəsmiləri yaşıl iqtisadiyyat məsələsindən daha çox danışmağa başlayıblar. İstər-istəməz, sual doğur: İndiki dövrdə Azərbaycan iqtisadiyyatı yaşıl iqtisadiyyatın tələblərinə nə qədər cavab verir?

Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişaf üçün "yaşıl" iqtisadiyyatın genişləndirilməsi əsas istiqamətlərdən biridir. "Yaşıl iqtisadiyyat" insan rifahını və sosial ədaləti təmin edən və həm də ətraf mühit risklərini kəskin azaldan iqtisadiyyat kimi anlaşılır. İqtisadiyyatın "yaşıl" olması ekoloji təmiz məhsul istehsalı və xidmətlər deməkdir. Deməli, "yaşıl" olmayan xidmət və məhsullar əvəzlənməli, kommersiya fəaliyyətində ekoloji prinsiplərə sərt şəkildə əməl edilməlidir.

Enerji istehsalı ənənəvi mənbələr hesabına təmin edilir

Yaşıl iqtisadiyyatın ən vacib elementlərindən biri "yaşıl" enerji istehsalıdır. Belə enerji istehsalı deyərkən, ənənəvi enerjidaşıyıcıların bərpaolunan enerji resursları ilə əvəzləməsi anlaşılır. Azərbaycanın enerji istehsalında bərpaolunan mənbələrin payı çox azdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqladığı rəqəmlərə görə, 2023-cü ilin 11 ayı ərzində Azərbaycanda toplam 26 milyard 487 milyon kVt/st enerji istehsal edilib. Bu qədər enerjinin 93 faizi istilik elektrik stansiyalarının payına düşüb. Ölkənin elektrik enerjisi istehsalında su elektrik stansiyalarının payı 6 faizə yaxındır. Külək və günəş enerjisinin enerji istehsalında payı isə 1 faiz civarındadır. Yəni rəsmi rəqəmlərdən görünür ki, Azərbaycanda elektrik enerjisinin mütləq əksəriyyəti ənənəvi enerji mənbələri hesabına təmin edilir. Bərpaolunan enerji mənbələrinin enerji istehsalında payı 7 faizə yaxındır.

Müqayisə üçün bildirək ki, Beynəlxalq Energetika Agentliyi 2023-cü ildə dünya elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 29 faizə çatacağını proqnozlaşdırır. Deməli, Azərbaycanda bərpaolunan enerji mənbələrinin elektrik enerjisi istehsalındakı payı dünya ortalaması ilə müqayisədə bir neçə dəfə aşağıdır.

Düzdür, indi Azərbaycanda alternativ enerji mənbələrinin inkişafı ilə bağlı bəlli layihələr icra edilir – günəş və külək elektrik stansiyaları tikilir. Hökumət bu yolla bərpaolunan mənbələrin istehsaldakı payının bir neçə dəfə artacağını və Azərbaycanın yaşıl enerji ixrac edən ölkəyə çevriləcəyini bildirir. Amma unutmaq olmaz ki, dünyada bərpaolunan enerji mənbələrinin inkişafı prosesi uzun illərdir başlanıb və Azərbaycanın bu trenddə geridə qaldığını hökumətin rəsmi sənədləri də təsdiqləyir. "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi" adlı 2016-cı ildə qəbul edilən sənəddə deyilirdi ki, 2020-ci ildə Azərbaycanda külək enerjisi üzrə istehsal gücü 350 MVt, günəş enerjisi üzrə 50 MVt, bioenerji üzrə 20 MVt-yə çatdırılacaq. Hökumət 2020-ci ildə ölkədə külək enerjisinin istehsal gücünün 350 MVt olacağını vəd etsə də, cəmi 66 MVt istehsal gücü yaradıb. Günəş enerjisi üzrə həmin göstərici 50 MVt vədinə qarşı 35.1 MVt, bioenerji üzrə isə 20 MVt vədinə qarşı cəmi 1 MVt olub. Başqa sözlə, hökumət 2020-ci ildə alternativ enerji ilə bağlı çatmaq istədiyi həddin hələ də gerisindədir.

Azərbaycan dekarbonizasiya hədəflərindən geri qalır

Dünya Bankının bugünlərdə yayımladığı hesabatdan bəlli olur ki, Azərbaycan bərpaolunan enerji mənbələri ilə yanaşı, karbon emissiyasını azaltmaqla bağlı hədəflərinə də çata bilməyəcək. Həmin hesabatda bildirilir ki, Azərbaycan iqlim dəyişikliyi üzrə Paris Sazişini imzalasa da, ölkə üzrə emissiyaların xalis sıfır səviyyəsinə çatdırılması ilə bağlı hər hansı öhdəlik götürməyib. Bununla belə, Azərbaycan 2030-cu ilədək istixana qazı emissiyalarını 1990-cı il səviyyəsindən 35 faiz, 2050-ci ilə qədərsə 40 faiz azaltmağa dair milli hədəflər müəyyənləşdirib. Dekarbonizasiya öhdəliklərini gücləndirsə də, Azərbaycan hələ də öz milli hədəflərinə çatmaq trayektoriyasına qədəm qoymayıb. Dünya Bankının hesablamaları göstərir ki, Azərbaycan 2035 və 2050-ci ilədək hədəflədiyi göstəricilərə çata bilməyəcək. Sənəddə bildirilir ki, Azərbaycan 1990-cı illə müqayisədə istixana qazının zəhərli tullantılarını 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmaqla proqnozdan geridə qalır. Belə ki, 1990-cı illə müqayisədə enerji ilə əlaqədar və sənaye proseslərindən yaranan zəhərli tullantılar 2030-cu ilədək yalnız 28 faiz, 2050-ci ildə isə 30 faiz daha az olacaq.

Azərbaycanın dekarbonizasiya hədəflərinə çata bilməməsinin əsas səbəblərindən biri milli iqtisadiyyatın strukturu ilə bağlıdır. Axı dekarbonizasiya kursunun dəqiq müəyyənləşdirilməsi və gerçəkləşdirilməsi üçün iqtisadi şaxələnmə və daha dinamik özəl sektor gərəkir. Azərbaycanda isə bu sahədə ciddi çağırışlar var və uzun illər boyunca əhəmiyyətli dəyişikliklər qeydə alınmayıb. İndi ölkə iqtisadiyyatı birmənalı şəkildə neft və qaz sektorundan asılıdır. İxracın 90 faizdən çoxu neft-qaz sənayesi ilə bağlıdır. Ölkədə digər sektorların inkişaf etməməsi yaşıl iqtisadiyyat prinsiplərinə uyğun müəssisələrin də açılmasını ləngidir.

Bu baxımdan, son illər hökumət rəsmiləri yaşıl iqtisadiyyat və yaşıl enerji məsələlərini tez-tez gündəmə gətirsələr də, indiki durumda Azərbaycan iqtisadiyyatı yaşıl iqtisadiyyat prinsiplərindən çox uzaqdır. Həm enerji istehsalı, həm də iqtisadiyyatın drayveri olan sahələr baxımından ənənəvi enerjidaşıyıcılar əsas rol oynamağa davam edir. İqtisadiyyatda şaxələnmənin aşağı olması ilə yanaşı, ölkədə insan kapitalının zəifliyi ucbatından da Azərbaycanın bu cür dəyişikliklərə dözümlülüyü yetərsiz səviyyədədir. Deməli, Azərbaycanda yaşıl iqtisadiyyata keçidlə bağlı strateji yanaşmaların, proqramların hazırlanmasına ehtiyac var.

Texnologiya və innovasiyalar azkarbonlu iqtisadiyyata keçidin ilkin şərtləridir. Dünya Bankının hazırladığı sənəddə də bildirilir ki, dünya bazarlarının azkarbonlu enerji resursları axtarışında olduğu nəzərə alınsa, Azərbaycanın ixracatında azkarbonlu hidrogen vacib rol oynaya bilər. Önəmli həcmdə bərpaolunan resursları (məsələn, dəniz küləkləri), təbii qaz resursları, infrastruktur və əsas bazarların yaxınlığı sayəsində Azərbaycan azkarbonlu hidrogen sektorunu gəlişdirib mühüm istehsalçıya çevrilə bilər. Bundan başqa, ölkə yüksəkixtisaslı, yüksəkmaaşlı iş yerlərinin yaradılması potensialı olan investisiyaları artırmaqla geniş ekoloji və ictimai sağlamlıq faydaları əldə edə bilər. Bu baxımdan, digər vacib amil yaşıl infrastruktura özəl sektorun sərmayə yatırmasının stimullaşdırılmasıdır. Bu, istər iş yeri sayının artması, istərsə iqtisadiyyatda əlavə dəyər yaranması baxımından çox faydalıdır. Bütün bunların gerçəkləşməsi üçün hökumətin strateji planlamanı və real struktur islahatları doğru aparması ən önəmli şərtdir.

XS
SM
MD
LG