Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:20

Navalnının ölümü ABŞ-ın Ukraynaya yardımının səsə qoyulmasını sürətləndirməyə bilər


Aleksey Navalnının Rusiya həbsxanasında ölməsinin elan edildiyi gün ABŞ-da Nyu-Yorkdakı Rusiya konsulluğu yaxınlığında aksiya
Aleksey Navalnının Rusiya həbsxanasında ölməsinin elan edildiyi gün ABŞ-da Nyu-Yorkdakı Rusiya konsulluğu yaxınlığında aksiya

Kremlin opponenti Aleksey Navalnının Arktikada yerləşən həbsxanada ölümünə dair xəbər dünyaya yayılarkən ABŞ prezidenti Co Bayden (Joe Biden) bir daha Konqresi Ukraynaya 60 milyard dollarlıq yardım paketini təsdiqləməyə çağırıb. Ukraynanın özünü Rusiya hücumundan qoruması üçün nəzərdə tutulan bu paket artıq xeyli müddətdir təsdiqini gözləyir.

Son dörd ay içində Nümayəndələr Palatasında bir qrup respublikaçı yardım paketinin təsdiqinə imkan vermir, əvəzində isə demokratlara və Ağ evə immiqrasiya islahatlarının aparılmasına və Meksika ilə sərhədin möhkəmləndirilməsinə daha çox pul ayrılması üçün təzyiq edir.

"Bu faciə bizə indiki anın nə qədər taleyüklü olduğunu xatırladır"

Rusiya hökuməti Navalnının Qütb Dairəsindən şimalda yerləşən sərt rejimli həbsxanada xəstələnərək huşunu itirdikdən sonra öldüyünü bildirib. Ekstremizmdə suçlanaraq 19 illik həbsə məhkum edilən müxalif siyasətçi bura dekabr ayında göndərilmişdi. Onun özü və tərəfdarları Kremlin bu ittihamı ondan fəaliyyətinə görə intiqam almaq üçün ortaya atdığını deyirdilər.

Üç ildən artıq köməkçilərinin işgəncəyə bənzətdiyi şərtlərdə saxlanan Navalnının ölümü Qərbdə, bir çoxlarına görə, prezident Vladimir Putin və hökumətinin öz ölkəsinə, eləcə də Ukrayna da daxil, digər ölkələrə nə qədər böyük təhdid olduğunu yenə göstərir.

"Bu faciə bizə indiki anın nə qədər taleyüklü olduğunu xatırladır. Biz Ukraynanın özünü Putinin qəddar hücumlarından qorumağa davam edə bilməsindən ötrü maliyyə yardımını verməliyik. …Ukraynanı bu çətin anda dəstəkləyə bilməməyimiz heç zaman unudulmayacaq" - Bayden fevralın 16-dakı çıxışında belə deyib. O, eyni zamanda Navalnının ölümündə Putinin məsuliyyət daşıdığını da bildirib.

Ancaq ABŞ-da bir neçə təhlilçi Navalnının ölümünün yardım paketinin aqibətinə ciddi təsir göstərəcəyi ehtimalının az olduğunu söyləyib.

Bayden:"Putin səhv edib"
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

AzadlıqRadiosunun əməkdaşı Todd Prinsin (Todd Prince) hazırladığı məqalədə deyilir ki, fevralın 8-də Senatdan keçən yardım paketinin aşağı palatadakı taleyi qeyri-müəyyən olaraq qalır.

Maliyyə paketinin 95 milyard dollarlıq ən son versiyasına Ukraynadan başqa İsrail və Tayvana ayrılan maliyyə dəstəyi, habelə Qəzza və Qərb Sahili üçün ayrılan humanitar yardım da daxildir. Nümayəndələr Palatası maliyyə paketinə baxmadan fevralın 16-da ikihəftəlik tətilə çıxıb. Bu da o deməkdir ki, sənəd martın əvvəlindən öncə təsdiqlənə bilməz.

"Putinin Ukraynada apardığı qanunsuz savaşı…"

Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson (Mike Johnson) eyni gündə verdiyi açıqlamada Putini Navalnının ölümünə görə günahlandırıb və bildirib ki, ABŞ və tərəfdaşları Putinin Ukraynada apardığı "qanunsuz" müharibəni maliyyələşdirmə imkanlarını kəsmək üçün əldə olan bütün imkanlardan yararlanmalıdır.

Ancaq o bunu da deyib ki, aşağı palata hər hansı yardım sənədinə baxmağa tələsməyəcək. Başqa sözlə, onun sözügedən sənədi nə vaxt səsverməyə çıxaracağı, yaxud ümumiyyətlə çıxarıb-çıxarmayacağı bilinmir. "Respublikaçıların rəhbərlik etdiyi Nümayəndələr Palatası xarici yardım qanununu təsdiqləmək üçün tələsdirilə, yaxud buna məcbur edilə bilməz", - Consonun fevralın 14-də dilə gətirdiyi sözlərdir.

Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya hücumundan bəri ABŞ ona ən çox hərbi yardım göstərən ölkə olub. Bugünədək ABŞ-ın Ukraynaya silah və hərbi avadanlıq alınması üçün ayırdığı hərbi yardımın həcmi 44 milyard dollar aşıb.

Ancaq Bayden administrasiyası dekabrdan bəri əlavə yardımın ayrılmasına nail ola bilmir. Səbəbsə respublikaçıların təklif edilən paketə qarşı çıxmasıdır. Əlavə hərbi yardımın olmaması və onun ümumiyyətlə gəlib-gəlməyəcəyi ilə bağlı qeyri-müəyyənlik Ukraynanın özünümüdafiə imkanlarını zəiflədir və Ukrayna ordusunu silah-sursatı qənaətlə işlətməyə məcbur edir.

Təhlilçilər Ukraynanın düşdüyü çətin durumdan Rusiyanın yararlandığını, şərq istiqamətində cəbhə xətti boyunca davamlı hücum etdiyini deyirlər. Bir çoxlarına görə, Putin 15-17 mart tarixlərində keçiriləcək seçkidən öncə ciddi qələbə qazanmaq arzusundadır.

ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasının spikeri Mayk Conson ilə əl sıxır.
ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasının spikeri Mayk Conson ilə əl sıxır.

"Yaxşı tərəfdaş tapa bilmirlər"

Ukrayna fevralın 17-si səhərin erkən saatlarında qoşunlarını Avdeyevkadan çəkdiyini elan edib. Bu dağıdılmış şəhər oktyabr ayından bəri qətiyyətlə müdafiə edilirdi. Ukraynanın Avdeyevkadan geri çəkilməsi Rusiyanın ötən ilin mayından bu yana ilk böyük qələbəsidir.

Yardımın ayrılmasına çalışan diaspor təşkilatı - Amerika-Ukrayna Konqres Komitəsinin direktoru Andriy Dobrianskiy deyir ki, Nümayəndələr Palatasının üzvləri Vaşinqtona qayıdanadək Navalnının ölümü xəbər başlıqlarından düşmüş ola bilər: "İndi yardımın Ukraynaya getməsini istəyənlər qanunu bloklayan tərəfdən onların düşüncəsini paylaşan yaxşı tərəfdaş tapa bilmirlər".

Konqresdə demokratlarla respublikaçılar arasında, eləcə də Respublikaçılar Partiyasının öz içində dərin parçalanmanı göstərən gedişat fonunda Bayden administrasiyasının Ukraynaya yeni yardım paketini təmin etmək cəhdləri avqustdan bəri uğursuzluqla nəticələnir.

Oktyabr ayında Bayden həm Ukraynaya yardımı, həm də ABŞ sərhəd və immiqrasiya islahatı üçün ayrılan maliyyəni özündə birləşdirən 118 milyard dollarlıq paket təklif etmişdi. Fevralın 6-da partiyanın noyabr seçkilərində aparıcı namizədi olan keçmiş prezident Donald Trampın (Donald Trump) təzyiqi ilə Senatdakı respublikaçılar bu təklifi rədd etdilər.

Hazırda təklif olunan 95 milyard dollarlıq paketə sərhəd və immiqrasiya məsələləri daxil deyil. Təhlilçilərə görə, Conson Respublikaçılar Partiyasının sağ qanadının güclü təzyiqi altındadır. Onlar qanun layihəsini indiki şəkildə müzakirəyə çıxararsa, Consonu uzaqlaşdırmağa cəhd edə bilərlər.

Navalnının ölümü barədə xəbərlərin ardınca verdiyi bəyanatda Conson yardım sənədinin partiyanın daha çox üzvünü razı sala biləcək kompromis variantının tapılmasını arzuladığını deyib.

"Onda qoy elə olsun"

2003-2006-cı illərdə ABŞ-ın Ukraynadakı səfiri vəzifəsində çalışmış, hazırda Vaşinqtonda fəaliyyət göstərən Atlantika Şurasının təhlilçisi Con Hörbstün (John Herbst) sözlərinə görə, Consonun özünün yardım və immiqasiya qanun layihəsi yazmağı planlaşdırdığı haqda söz-söhbət gəzir. İkihəftəlik fasilə ona və komandasına bu yeni qanun layihəsi üzərində işləməyə vaxt qazandıra bilər.

Vaşinqtonda fəaliyyət göstərən, Ukraynanın xeyrinə lobbiçiliklə məşğul olan "Yorkdown Solutions" şirkətinin prezidenti Daniel Vaydiç (Daniel Vajdich) deyir ki, Conson yardımın bir bölümünü borc pulla əvəzləyən qanun layihəsi hazırlayıb müzakirəyə çıxara bilər. Tramp ötən həftə Ukraynaya kredit verilməsi fikrini dəstəklədiyini söyləyib.

Yardımı kreditlərlə əvəzləmək uzunmüddətli perspektivdə, əsasən, kosmetik dəyişiklik ola bilər. Axı Rusiyanın hücumu Ukrayna iqtisadiyyatını elə hala salıb ki, bəlkə də, Kiyev heç zaman həmin kreditləri ödəmək iqtidarında olmayacaq. Vaydiç deyir ki, bu, respublikaçılara öz simalarını qorumaları, Ukraynaya hərbi dəstəyi təsdiqləmələri üçün verilən imkan ola bilər: "Əgər bu [dəyişiklik] qanun layihəsini Conson və respublikaçılardan ötrü bəyənilən şəklə salır və Ukraynaya yardım kontekstində qələbə qazandırırsa, onda qoy elə olsun".

XS
SM
MD
LG