Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:44

Keçmiş rektora qətl sifarişi suçundan 14 il 6 ay həbs cəzası verildi


Müşfiq Atakişiyevin məhkəməsi
Müşfiq Atakişiyevin məhkəməsi

Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun icraçı direktoru, Təfəkkür Universitetinin keçmiş rektoru Müşfiq Atakişiyev 14 il 6 ay azadlıqdan məhrum edilib. Mayın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

İqtisad elmləri namizədi olan 58 yaşlı M.Atakişiyev 13 il öncə "Təfəkkür"ün prorektoru Tariyel Əhmədovun qətlinə sifariş verməkdə təqsirli bilinib.

M.Atakişiyev ilə yanaşı, onun bacısı oğlu Dəyanət Quliyev və onun İmişli rayonunda qonşusu olmuş Samir Quliyevin hər birinə də eyni cəza - 14 il 6 ay həbs kəsilib.

Cinayət işinin materiallarında iddia olunur ki, M.Atakişiyev prorektoru öldürməyi bacısı oğluna sifariş verib. O da öz növbəsində bu işi 40 min dollar qarşılığında həmyerlisi S.Quliyevə həvalə edib. İttihama görə, S.Quliyev 2011-ci il sentyabrın 16-da səhər saat 5 radələrində T.Əhmədovu idman etdiyi meydançada dəmir boru ilə öldürüb.

M.Atakişiyev rektor olduğu dönəmdə T.Əhmədov ilə aralarında ciddi problemlər yaşandığını məhkəmədə etiraf edib. Dediyinə görə, prorektor onun vəzifəsindən uzaqlaşdırılmasına çalışır, müxtəlif yerlərə şikayətlər yazırdı. Bu üzdən, o da T.Əhmədovun özünün bir müddət işdən kənarda qalmasını istəyib, amma ölümünü yox.

"İki qadın arasında qeybət və dedi-qodu əsasında…"

Sabiq rektor hökmdən öncə son sözündə deyib ki, onun qətlə sifariş verməsi haqda heç bir sübut yoxdur.

"Dəyanətlə üzləşmə videosu var, orada da mənim qətli sifariş verməyim barədə deyilənləri təkzib edir. İki qadın arasında qeybət və dedi-qodu əsasında mənə belə ittiham verilib. Çox təəssüf ki, hansısa iş ictimailəşəndə o işi daha da obyektiv, ədalətli araşdırmaq əvəzinə, o adama ağır cəza verirlər. Bu da absurddur", - M.Atakişiyev son sözündə belə deyib.

O, çıxışının sonunda ona verilmiş qəsdən adamöldürmə ittihamının Cinayət Məcəlləsinin 126-cı (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsinə tövsif olunmasını istəyib və başqa hər hansı hökmü qanunsuz sayacağını bildirib: "Öldürülməsini yox, bir müddət işdənkənar qalması üçün ona xəsarət yetirilməsini istəmişəm. Onun ölümü mənə sərf eləmirdi, aramızda problemlər vardı deyə, şübhələr mənə yönələ bilərdi...".

Amma məhkəmə onu da, digər iki nəfəri də qəsdən adamöldürmədə təqsirli bilib.

D.Quliyev keçmiş polis zabitidir. O, 2000-2022-ci illərdə daxili işlər orqanlarında, o cümlədən Binəqədi rayonu 7-ci polis bölməsində mayor rütbəsində əməliyyat müvəkkili kimi xidmət edib.

"102" xidmətinə zəng qətlin üstünü açıb

T.Əhmədovun qətlinin üstü 12 il sonra – ötən ilin mayında açılıb. D.Quliyev Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək 2011-ci ildə prorektoru qətlə yetirdiyini xəbər verib, ancaq bu cinayəti təkbaşına törətdiyini söyləyib.

Onun həbsindən sonra həyat yoldaşı və qızı qohumlar ilə söhbətlərində, telefon danışıqlarında D.Quliyevin dayısına görə cəza çəkdiyini bildirərək M.Atakişiyevi günahlandırıblar. Narazılıqlar böyüdüyündən hüquq-mühafizə orqanları da bundan xəbər tutub və 2023-cü ilin noyabrında M.Atakişiyev ilə S.Quliyev həbs olunublar.

D.Quliyev məhkəmədə bildirib ki, dayısı ondan prorektoru öldürməyi yox, ona xəsarət yetirməsini istəmişdi.

M.Atakişiyev 2008-2010-ci illərdə Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert komissiyasının sədri olub. Eyni zamanda, 2000-2014-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsində çalışıb. 2022-ci ildən həbs edilənədək İqtisadiyyat İnstitutunun icraçı direktoru idi

XS
SM
MD
LG