Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:59

Həbsdə olan keçmiş deputat: 'Məni zəhərləyiblər'


Hüseyn Abdullayev
Hüseyn Abdullayev

Həbsindən, azı, 6 il ötən keçmiş deputat Hüseyn Abdullayev deyir ki, istintaq təcridxanasında onu zəhərləyiblər. Bir aya yaxındır sağlamlığında yaranmış ciddi problemlərin də bundan qaynaqlandığını iddia edir.

"Bu dəqiqə əsas məsələ mənim səhhətimdir. Məni zəhərləyiblər, ayaq üstdə güclə dayanıram. Son 25 gündə bu vəziyyətdəyəm", - o, avqustun 15-dəki məhkəmədə belə deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində H.Abdullayev haqqındakı yeni cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu cinayət işi martın əvvəlində - onun əvvəlki işi üzrə 6 illik cəzasının başa çatmasına 40 gün qalmış başlanıb. O bu dəfə 5.5 milyon manatdan çox vəsaiti xarici banklara köçürməklə, qohumunun adına mülklər almaqla leqallaşdırmaqda suçlanır.

Məhkəmənin hazırlıq iclasında H.Abdullayevin vəkilləri cinayət işinə xitam verilməsi, prosesdə vəkillərinin yanında əyləşməsi, ev dustaqlığına buraxılması da daxil, müxtəlif vəsatətlər qaldırıblar. Bununla belə, müdafiəçilərin hamısı onun sağlıq durumuna daha çox diqqət çəkiblər. Vəkillər vurğulayıblar ki, H.Abdullayevin həyatı təhlükədədir.

"Ona təcridxanada adını bilmədiyimiz dərman verilib"

Onlar müvəkkillərinin öncədən də sağlamlığında problemlər olduğunu, onun yüksək təzyiqdən əziyyət çəkdiyini, bu üzdən dərmansız keçinmədiyini bildiriblər.

"Ona təcridxanada adını bilmədiyimiz bir dərman verilib. Bundan sonra vəziyyəti kəskin pisləşib. Ürəyində ağrı, boğulma yaranıb, deyir, sinəm yanırdı. Vəziyyəti o qədər pisləşib ki, vəkillərlə görüşə əlil arabasında gətirib-aparırlar. Məhkəməyə zorla gətirilib, adam gəzə bilmir", - vəkil Şəhla Hümbətovanın sözləridir.

O, Penitensiar Xidmətin Müalicə Müəssisəsi şöbə rəisinin H.Abdullayev ilə bağlı rəy verdiyini vurğulayıb. Həmin rəydən H.Abdullayevin infarkt keçirdiyi, onun ürəyində açıq şəkildə çapıq yarandığı bilinib: "Belə vəziyyətdə olan adama xüsusi tibbi yardım göstərilməlidir. Buna baxmayaraq, onu xəstəxanaya köçürmürlər. Bu cür münasibətin səbəbi də məlum deyil. Mən "adamın həyatı təhlükədədir" deyəndə şişirtmirəm. Həqiqətən adam ölümcül vəziyyətdədir".

Digər vəkillər də ailəsinin vəsaiti hesabına sabiq deputatın tibb müəssisəsində müayinəsinə imkan yaradılmasını istəyiblər. Səhhətindəki problemlər üzündən H.Abdullayevin məhkəməyə gətirilməməsi, məhkəməyə videokonfrans vasitəsilə qatılması barədə də vəsatət qaldırıblar.

Vəkillərin digər vəsatətləri sabiq deputatın haqqında cinayət işinə xitam verilməsinə, yaxud onun ev dustaqlığına buraxılmasına dair olub.

Hakimlər H.Abdullayevi ev dustaqlığına buraxmaqdan imtina etsələr də, onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsinə, məhkəmə iclaslarına videokonfrans vasitəsilə qoşulmasına razılıq veriblər.

Bu iş üzrə məhkəmə iclası avqustun 22-nə təyin edilib.

Xatırlatma

H.Abdullayev 2018-ci il aprelin 18-də Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. Dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması və s. ittihamlarla 6 il azadlıqdan məhrum edilib. 2024-cü ildə bu cəzanın başa çatmasına 40 gün qalmış onun haqqında yenidən cinayət işi başlanıb, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə ittiham verilib. Bu maddədə 12 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.

57 yaşlı H.Abdullayev özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir.

O, ilk dəfə 2007-ci ildə deputat olduğu dövrdə parlamentdə Fəzail Ağamalı ilə davadan sonra xuliqanlıq ittihamı ilə həbs olunmuşdu. Şərti cəza ilə azadlığa buraxılan H.Abdullayev bundan sonra Almaniyaya mühacirət edərək orada sığınacaq almışdı.

XS
SM
MD
LG