Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:17

Avropa İttifaqı Azərbaycanı jurnalistləri azad etməyə çağırır. Bakının cavabı


Peter Stano
Peter Stano

Azərbaycan XİN-dən Aİ-ə cavab

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun "Politico" qəzetinə müsahibəsində Azərbaycanda müstəqil jurnalistlər və hüquq müdafiəçilərinin həbs olunması haqda fikirlərinə münasibət bildirib.

Nazirliyin sözçüsü müsahibədə Azərbaycanla bağlı yer alan fikirləri qərəzli sayıb. "Azərbaycanda hər hansı bir vətəndaşın siyasi əqidəsinə, fikirlərinə görə təqib olunduğu, özlərini jurnalist və ya hüquq müdafiəçisi kimi təqdim edən şəxslər barədə cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlər kökündən yanlışdır", - o vurğulayıb.

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

+++

Avropa İttifaqı Azərbaycanı hökuməti açıq tənqid etdikdən sonra həbs olunmuş tanınmış alimin hüquqlarına ehtiram nümayiş etdirməyə çağırıb.

Bu barədə "Politico" saytına danışan Avropa İttifaqı xarici işlər idarəsinin sözçüsü Peter Stano deyib ki, Brüssel "Cənubi Qafqazda sülhü təbliğ edən" gənc alim Bəhruz Səmədovun işi ilə bağlı məsələni narahatlıqla izləyir.

Avqustun 23-də Səbail rayon Məhkəməsində iki gün əvvəl saxlanan politoloq B.Səmədov haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-ci (Dövlətə xəyanət) maddəsi ilə ittiham edilir. Həmin maddə ilə şəxsə 12 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası verilə bilər. Səmədov məhkəmədə özünü təqsirli bilməyib və ona qarşı təzyiqlərin olduğunu bildirib.

"Politico" xatırladır ki, Azərbaycanın Aİ ilə sıx münasibətləri var və tərəflər 2022-ci ildə blokun Rusiyanın qaz asılılığından çıxarılması üçün təbii qaz ixracına dair saziş imzalayıblar.

Stano deyib ki, Səmədovdan əvvəl Azərbaycanda ötən ildən bəri getdikcə artan sayda jurnalist, insan haqları fəalı və vətəndaş cəmiyyəti nümayəndələri saxlanıb.

Aİ sözçüsü öz təməl hüquqlarından istifadəyə görə saxlananların hamısının azadlığa buraxılmasına çağırıb.

Stano bildirir ki, Aİ Azərbaycanı saxlananların işi ilə bağlı şəffaflığın və onların ləyaqətli şəraitdə saxlanmalarının təmin edilməsinə çağırıb.

Bundan əvvəl "Freedom House" insan haqları təşkilatı bildirmişdi ki, Azərbaycanda müstəqil ədliyyə sistemi yoxdur və bu, müxalif şəxslərə, fəallara və tənqidçi jurnalistlərə qarşı qondarma cinayət işlərinin açılmasına imkan verir.

Azərbaycan hakimiyyəti ölkədə siyasi baxışlarına görə heç kimin təqib olunmadığında israr edir və bildirir ki, sözügedən şəxslər konkret cinayət əməllərinə görə saxlanıblar.

XS
SM
MD
LG