Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:11

Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindən çıxarılır


Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin oktyabrın 8-də danışıqlardan əvvəl
Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin oktyabrın 8-də danışıqlardan əvvəl

Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin oktyabrın 8-də Rusiya sərhədçilərinin 1 yanvar 2025-ci il tarixdən Ermənistan-İran sərhədinin buraxılış-yoxlama məntəqəsindən çıxarılmasına dair razılığa gəlindiyini elan ediblər.

Bu razılaşmaya əsasən Ermənistan sərhədçiləri sərhəd-buraxılış məntəqəsində bütün fəaliyyəti öz üzərlərinə götürəcəklər. Bundan başqa Ermənistan-Türkiyə sərhədinin mühafizəsində bundan sonra Rusiya hərbçiləri ilə yanaşı Ermənistan hərbçiləri də iştirak edəcəklər.

Ermənistanın Türkiyə və İranla sərhədlərini onilliklərdir ki, Rusiya hərbçiləri mühafizə ediblər.

Davamlı proses

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Moskva ilə əldə olunmuş bu razılaşma artıq may ayından bəri tətbiq olunur. Həmin vaxt Rusiya və Ermənistan liderləri qərara gəlmişdilər ki, Rusiya qüvvələri Ermənistanın müəyyən bölgələrindən tədricən çıxarılacaq, amma Türkiyə və İran sərhədi boyunca mövqelərində qalacaq.

Azatutyun yazır ki, bu proseslər Azərbaycan 2023-cü ildə Qarabağ üzərində suverenliyini bərpa etdikdən sonra xüsusilə sürətlənib.

Ermənistan hakimiyyəti Rusiya sülhməramlılarını Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatın, daha sonra isə bölgənin erməni əhalisinin oranı tərk etməsinin qarşısını almamaqda ittiham edirdi.

Şərhçilər bildirirlər ki, Azərbaycanın Qarabağ üzərində nəzarəti ələ alması Bakı və Yerevan arasında uzunmüddətli və davamlı sülhün bərqərar edilməsinə imkan yaradıb.

Hazırda tərəflər sülh müqaviləsinə dair çətin danışıqları davam etdirirlər.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Daha sonra Rusiya sülhməramlıları Azərbaycan ərazisindən çıxarılıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG