Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:27

İran və İsrail arasında ölüm-dirim müharibəsi neftin qiymətini göylərə qaldıracaqmı?


İsrailin Beyrutun cənub ətrafına hava hücumu.
İsrailin Beyrutun cənub ətrafına hava hücumu.

Oktyabrın 1-də İranın İsrailə raket hücumundan sonra Yaxın Şərqdə ölüm-qalım müharibəsi ehtimalı artıb. İsrailin Qəzza zolağında bir ildir apardığı müharibə və bu ayın əvvəli Livanın cənubuna hərbi müdaxiləsi fonunda İranın hücumu dünya bazarlarında neftin qiymətini 9 faiz bahalaşdırıb. Ekspertlər deyir ki, tammiqyaslı İsrail-İran müharibəsi beynəlxalq enerji təchizatını tərsə sala və dünya iqtisadiyyatına sarsıdıcı dalğalar göndərə bilər.

AzadlıqRadiosunun əməkdaşı Əbubakar Siddiqi bu barədə yazır.

"Görünən odur ki, regional neft və qaz ixracında böyük sarsıntılar dünya iqtisadiyyatına maddi təsir göstərəcək", - Cenevrə Akademik İnstitutunun böyük elmi-tədqiqat əməkdaşı Farzan Sabet söyləyir.

'Aqressiya aktı'

İsrail mediası yazır ki, ölkə İranın nüvə obyektləri və ya neft və qaz qurğularını hədəf ala bilər. ABŞ prezidenti Co Bayden İsrailə xəbərdarlıq edib ki, dünyanın ən böyük neft istehsalçılardan biri olan İranın neft qurğularını vurmasın. Rəsmi Tehran infrastrukturuna zərbə endiriləcəyi halda, "bundan daha da güclü" cavabla hədələyib.

"İsrail İranın neft və qaz obyektlərinə böyük hücum həyata keçirsə, sonuncu Hörmüz boğazındakı mühüm tranzit keçid yollarının təzyiqinə əl ata bilər", – Sabet söyləyir.

İran dünya neft daşımalarının keçdiyi strateji Hörmüz boğazını illər boyu bağlamaqla hədələyib.

Neft tankerləri Hörmüz boğazından keçir.
Neft tankerləri Hörmüz boğazından keçir.

"Dünya iqtisadiyyatı üçün Hörmüz boğazı olduqca vacibdir", – Londonda yerləşən "Chatham House" beyin mərkəzinin enerji siyasəti və geosiyasət üzrə eksperti Nil Killiam söyləyir.

Dünyanın ən böyük təbii qaz istehsalçılarından biri olan Qətər də öz ixracı üçün Hörmüz boğazından istifadə edir. Ötən həftə orada Ərəb körfəzi ölkələrinin yüksək rəsmiləri ilə İran prezidenti Məsud Pezeşkian görüş keçiriblər. Birincilər qonağı bir daha əmin ediblər ki, mümkün İran-İsrail münaqişəsində neytral mövqe tutacaqlar.

Bununla belə, İsrail İrana hücum edərsə, rəsmi Tehranın qonşu ölkələrin neft qurğularını hədəf alacağı barədə narahatlıqlar dolaşır.

Sabetin sözlərinə görə, İsrailin mümkün hücumuna İranın istənilən cavabı dünya enerji qiymətlərinə və ticarətə təsir göstərəcək: "Bu, aqressiya aktı kimi qiymətləndirilə və İrana qarşı növbəti təzyiqə gətirib çıxara bilər".

Killiam deyir ki, İsrail, çox güman, İran rejiminə ziyan vuracaq və ölkə iqtisadiyyatına zərər verəcək, amma dünya neft bazarlarına təsir göstərməyəcək hədəflərə zərbə endirəcək.

İranın İsrailə hücumu zamanı səhraya düşən ballistik raketin qalıqları
İranın İsrailə hücumu zamanı səhraya düşən ballistik raketin qalıqları

"Qiymət artımını hiss et"

1973-cu il ərəb neft embarqosu və 1979-cu il İrandakı İslam inqilabı sonrası enerji qiymətlərində kəskin artımlar bəzi ölkələrdə böyük qaz qıtlığı və yanacaq-doldurma məntəqələrində sonsuz növbələrə gətirib çıxarmışdı.

Lakin ekspertlər belə fikirdədir ki, İsrail-İran olum-dirim savaşı nəticəsində Yaxın Şərqdə yarana biləcək neft və qaz axınlarındakı ciddi pozuntular dünya iqtisadiyyatında nəzarətin itməsinə gətirib çıxarmayacaq. Buna səbəb ABŞ-nın əsas neft və qaz təchizatçısına çevrilməsi və dünya miqyasında qalıq yanacaqlara azalan etibardır.

"Qərb istehlakçılar yanacaqdoldurma məntəqələrində qiymət artımını hiss edəcək", – Sabet deyir. Onun fikrincə, əvvəlki dönəmlərdən fərqli olaraq bu artım çox az olacaq.

Lakin Sabet bildirir ki, Yaxın Şərqdə neft və qaz axınlarının iflicinin Çin iqtisadiyyatına "olduqca böyük" effekti ola bilər. Hesablamalara görə, rəsmi Pekin İrandan gündəlik 1.5 milyon barel, yəni regiondakı ümumi idxalının 15 faizi qədər neft idxal edir.

XS
SM
MD
LG