Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:26

BRICS Azərbaycana nə verəcək?


BRICS+
BRICS+

Oktyabrın 22-də Kazanda BRICS sammiti başlayır. Üç gün çəkəcək sammit iki mərhələdə gerçəkləşəcək. Birinci gündə qurum üzvlərinin görüşləri olmalıdır. Növbəti iki gündə isə görüşlər digər ölkələrin iştirakı ilə baş tutmalıdır. Tədbirdə ümumilikdə 32 ölkədən nümayəndələrin iştirak edəcəyi açıqlanıb.

Azərbaycan da BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib. (Adı Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının adlarının baş hərflərindən götürülüb. Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri quruma sonra qoşulub)

Bu üzdən sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. Tədbir çərçivəsində Azərbaycanın (o cümlədən, Belarus, Türkiyə və Monqolustanın) 18 il öncə yaradılan bu quruma üz olması məsələsinə də baxıla bilər.

Qərb ölkələrində bəzi təhlillərə görə, bu təşkilat Şimali Amerika və Qərbi Avropadakı zəngin ölkələrin siyasi, iqtisadi qüdrətinə qarşı bir alternativ kimi yaradılıb. Məqsəd – inkişafda olan ən vacib ölkələri bir araya gətirməkdir. Amma təşkilatçıların açıq bəyanlarına görə, BRICS, əsasən, iqtisadi qurumdur.

Azərbaycanın əsas ticarət tərəfdaşı isə Avropa İttifaqıdır (Aİ). Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 64.4 faiz təşkil edib. Bu rəqəm BRICS üzvlərində cəmi 20 faizdir. Lakin idxalla bağlı bunu demək mümkün deyil. Məsələn, BRICS-in əsas ölkələrindən Rusiya Azərbaycana idxalda birinci yerdədir.

Azərbaycan niyə BRICS-ə üzv olmaq istəyir?

Azərbaycan BRICS-ə üzvlük üçün hələ aprelin əvvəlində müraciət edib. Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Report"a müsahibəsində Azərbaycanın BRICS-ə qoşulmaq istəməsinin səbəblərdən danışarkən bildirib ki, o, dünyanın 30 faizdən çox ərazisini, 43 faiz əhalisini və 26 faiz ümumi daxili məhsulunu əhatə edir: "Təşkilata üzv dövlətlər böyük təbii resurslara, böyük daxili bazara və əmək rezervlərinə, bir sıra üzvləri yüksək texnoloji sənayeyə malikdir".

Türkiyənin "Sabah" nəşrinin müəllifi Mehmet Yüce isə hesab edir ki, Azərbaycan BRICS-in Qərbə pəncərəsi ola bilər.

Məzahir Əfəndiyev
Məzahir Əfəndiyev

"Çoxvektorluluq prinsipini qoruyub saxlamaq"

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Məzahir Əfəndiyev mövzu ilə bağlı "Turan"a deyib ki, dünyada kifayət qədər gərgin dövr yaşanır: "Rusiya-Ukrayna müharibəsi, sözün əsl mənasında, dünyanın təhlükəsizliyində və iqtisadi zəncirin qırılmasında əsas səbəb kimi göstərilir. Eyni zamanda, regionumuzda böyük qüvvələrin ciddi maraqları var. Bu baxımından Azərbaycan xarici siyasətdə çalışır ki, çoxvektorluluq prinsipini qoruyub saxlasın".

Deputatın sözlərinə görə, BRICS iqtisadi əlaqələrə köklənən böyük beynəlxalq platformadır və Azərbaycan həmin platformanın çağırışlarından yararlanmaq üçün orada iştirak etməyi planlaşdırır.

"İqtisadi baxımdan ciddi bir qazanc vəd etmir"

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə mövzu ilə bağlı bir qədər fərqli düşünür. O, AzadlıqRadiosuna müsahibəsində əvvəlcə xatırladıb ki, Azərbaycanın strateji müttəfiqi Türkiyənin də bu quruma üzvlük ilə bağlı müraciət etdiyi deyilir: "Burada Türkiyə ilə Azərbaycan birgə davranır və Azərbaycan Türkiyənin BRICS ölkələrinin bazarına girməsi üçün vasitəçi ola bilər".

Bununla belə, iqtisadçı hesab edir ki, Azərbaycan üçün BRICS-in böyük əhəmiyyəti yoxdur: "Azərbaycanın əsas iqtisadi tərəfdaşı və investoru Qərb ölkələridir. Bizim ixracatımızın böyük hissəsi, investisiyaların 85 faizi Qərb ölkələrinin payına düşür. Ən böyük ticarət tərəfdaşımız isə İtaliyadır. Bu nöqteyi-nəzərdən baxanda Azərbaycanın BRICS-ə üzvlüyü iqtisadi baxımdan ciddi bir qazanc vəd etmir".

Natiq Cəfərli
Natiq Cəfərli

N.Cəfərlinin fikrincə, Azərbaycanın qeyri-neft sektoru o qədər inkişaf etməyib ki, BRICS-in bazarına öz məhsullarını çıxara bilsin. Bütün bunlarla belə, o hesab edir ki, BRICS ölkələri ticarətini daha çox quru yollar vasitəsilə həyata keçirdiyindən onların Azərbaycan üzərindən keçən yeni logistik xətlərdə marağı ola bilər: "Bu da Azərbaycana əlavə iqtisadi dividentlər gətirə bilər".

O ki qaldı, 2017-ci ildən Aİ ilə strateji tərəfdaşlıqla bağlı aparılan danışıqların, hələlik, nəticə verməməsinə, N.Cəfərli vurğulayır ki, ora üzv olmaq o qədər də asan deyil: "BRICS kimi qurumlara üzv olmaq üçün bir ərizə kifayət edir və prosedur kifayət qədər sadədir. Onun bir cəlbedici hekayəsi yoxdur ki, ölkələr ora qəbul olunmaqdan ötrü çətin prosedurlardan keçsin. Aİ isə ciddi qurumdur və onun öz standartları, prinsipləri var. Onlara uymaq böyük iş və güc tələb edir".

Onun sözlərinə görə, Azərbaycan Aİ ilə sazişi bəzi şərtlərə görə imzalamır: "Onlar Ümumdünya Ticarət Təşkilatına üzvlük və ölkə bazarların açılması məsələsidir. Azərbaycan hökuməti bunu istəmir".

Azərbaycan bu təşkilata üzv olsaydı....
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

"Azərbaycan üzv olmamaq üçün danışıqlar aparır"

Azərbaycan Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə 1997-ci ildən danışıqlar aparır. N.Cəfərlinin fikrincə, bəlkə də, Azərbaycan bu təşkilatın tarixində yeganə ölkədir ki, ora üzv olmamaq üçün danışıqlar aparır: "Aİ ilə yeni sazişinin 90 faizə qədər razılaşdırılmış mətnində, demək olar, bütün məsələlər öz əksini tapıb. Burada yanlış bir təəssürat yaranmışdı ki, insan haqları və demokratiya məsələsində razılaşa bilmirlər. Bu məsələ çoxdan razılaşdırılıb. Biz Avropa Şurasına da üzv olanda bu öhdəlikləri üzərimizə götürdük, sonra yerinə yetirmədik. Aİ ilə əsas problem Azərbaycanda ticarətin sərbəst olmamasıdır. Azərbaycanda bəlli maraq qrupları var ki, ölkə bazarının rəqabətli şəkildə inkişaf etməsinə, açılmasına qarşıdırlar".

Azərbaycan Aİ ilə 2009-cu ildə imzalanan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqrama qoşulan altı ölkədən Ermənistan 2017-ci ildən Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi imzalayıb. Qalan ölkələrdən Ukrayna, Moldova və Gürcüstan bu qurumla çoxdan assosiasiya sazişləri imzalayıb. Yalnız Belarus Aİ ilə əməkdaşlığı dayandırıb.

XS
SM
MD
LG