Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:34

Sayman Aruz. Sən gözəlsən, ya azadlıq?















Sən gözəlsən, ya azadlıq?
Ey gözəlliyin zindanların darıxmasından da sıxıcı!
Sən gözəlsən ya ölüm?
Divarlarını sürüm-sürüm sürünürdüm zindanın.
Adını gəzirdi,
Adını yazırdı çəkilmiş dırnaqlarım.
Kişiliyimi pozurdu zindanbanım.
Namus-deyə namussuzluğa bürünürdüm ,
Səni düşünürdüm,
Səni düşünürdüm...
Boy-deyə boylanırdım bağımsızlığa.
Bağlı, məftilli, uca pəncərəyə.
Zindanın yeganə ağacına dəxillənirdim*.
Qan alırdım sulu damarlarından .
Asılırdım ucalığından.
Vasıl olurdum özümə,
Cəhənnəmin ortasına.
Səni düşürdüm, səni.
Gəl ye məni,
Gəl yu məni,
Sonra gizli bir qəbirdə quyla məni!
gül olurdum divarda.
gəl olurdum divarda.
İsa olurdum ,
Musa olurdum,
Cadugər olurdum,
Açılmırdı qandallarım
Və qanlı azadlığımda
Dibimə çatırdım!

Sənsiz olurdum zindanda
Zindanda olurdum sənsiz!

Soyundurdular
Və sulu bədənlərimizi sillələdilər.
Salavat çevirdilər salavat.
Saldırırdılar içalatıma,
Inancımın ortasına.
Of belə, of belənçi azadlığıma!
Səni düşünürdüm səni,
Heç zaman bürünmədiyim kəfəni
Və ürəyim,
Güvəncimin kəffarəsini* tullayırdı sifətimə.
Iy çəkirdim əllərini.
Qıvrılırdım gədələrin qollarına.
Buraxın deyirdim məni, buraxın!
Məni aparın onun gözəlliyindən asın!
Qulaq asın mənə, qulaq asın!
Ölümümü alıram
Həyatımız ki bir paraya dəymədi!

Sirrimi divarlara yazdım
Və günəşin batmasını gözlədim!
Ağıllı olmaq istəyirsənsə ölü ol,
Ölü ol.
Sabahlar,
Sükut kimi sakit olacaqsan
Və təqvimlər səni daşiyacaqlar
Və balıqlar səndən danışacaqlar,
Kəlmələr edam olunacaq
Kəlmələr edam olunacaq!

______________________
*Dəxillənmək: müqəddəs ağaca parça bağlayıb, nəzr eləmək.
*Kəffarə: İranda edam olanlarin dəfni üçün, izləyən insanlar tərəfindən yığılan pula deyirlər. ( günahların cübranı)
XS
SM
MD
LG