Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:50

Üzeyir Hacıbəyov. Evlənmək məsələsi


Dünyada hәr şey asandır, amma, bircә şey çәtindir. O şey--evlәnmәkdir.

Bu әyyamda bizdә hәr bir şey aziatski vә yevropeyski olduğuna görә, arvadlarımız da hәmçinin aziatski vә yevropeyskidir.

Aziatski, yәni oxumamış arvad almaq çox asan şeydir vә nәticәsi dә qorxulu deyildir. O iş at almaq kimi bir şeydir. Mәsәlәn, sәn istәyirsәn bir at alasan, pulun da var. Gәlirsәn dәllal yanına, o sәnin üçün bir at alır. Sәn dә o atı gәtirib, töylәdә bağlayırsan.... Bәs oxumamış arvad almaq da buna bәnzәr bir şeydir. Mәsәlәn, sәn arvad almaq istәyirsәn. Anana ya bacına deyirsәn ki, "Get mәnim üçün bir qız al". Anan ya bacın çarşabını başına salıb gedir, oranı axtarır, buranı axtarır, axırda öz xoşuna gәlәn bir qız seçir. Sәn dә o qızı alırsan. Qız olur sәnin arvadın vә oturub evdә saqqız çeynәyir. İndi bu gün sәn durub, [....] yә gedәsәn vә ya pulunu qumara uduzasan vә ya piyaniskә olasan vә ya matişkә saxlayasan, sәnin arvadın heç vaxt demәz ki, "Ey mәnim sahibim, nә üçün mәn burada dura-dura, sәn pis-pis işlәr görürsәn?" Arvad bu sözü demәz. Amma oxumamış arvadın evinә gedәrsәn, otaq sәliqәsiz, zir-zibil çirk, toz-torpaq.... Süpürәn yox, sünürtdürәn yox. Balış üzü, keçinәcәk, әrin tuman köynәyi sap-sarı.... Yuyan yox, yudurtduran yox. Uşağın üzünü it yalasa doyar.... Tәmizlәyәn yox, tәmizlәtdirәn yox.

Ona görә bizim elm oxumuş vә kamal qazanmış cavanlarımız aziyatski arvad almaq istәmirlәr. Onlar axtarıb yevropeyskisini tapırlar. Qıraxmal taxan cavanlarımız da ki, -- onların bir çoxu sövdәgәr oğlanlarıdırlar vә özlәri dә türk dilini matişkәlәrdәn öyrәniblәr -- elmli cavanlarımızın bu işini görüb hәvәsә düşürlәr vә deyirlәr ki, "Kәrbәlayı Novruzun oğlu hәrçәnd kurs qurtarıbdır, amma onun heç dövlәti yoxdur, bununla belә gedib bir oxumuş müsәlman qızı aldı. Mәn hәrçәnd kurs qurtarmışam, amma pulum çoxdur, gәrәk mәn dә oxumuş qız alam.

Qıraxmal taxan cavan bu hәvәsә düşüb, özünü verir oxumuşlar cәrgәsinә; deyir, danışır, gülür, cibindәki puldan söhbәt salır, barmağındakı brilyant üzüyü göstәrir vә elmü kәmalını bildirmәk üçün deyir: "On kәrә Mәskovuya getmişәm, iki kәrә Fitilbörkә, bir kәrә dә istәdim Parijә gedim, amma tәk sәbir gәldi". Qәrәz, bir növlә oxumuş qız alır. Alandan sonra hәvәsi yatır. Axşam durur bir yerә getmәyә, arvad soruşur ki, hara gedirsәn?

Deyir:

-- Heç, yoldaşlarımgilә gedirәm.

Arvad deyir:

-- Mәn dә gedәcәyәm.

Bu razı olmur ki, orada qumar oynanılacaqdır, şәrab içilәcәkdir. Arvad deyir:

-- Elә isә, mәn sәni o cürә yerә qoymaram.

-- Qoymazsan?

-- Bәli, qoymaram.

Qıraxmal taxan görür ki, xeyir, bu oxumuş arvad xatalı şeydir. Bunun әl-ayağını bağlayacaqdır. Deyir, "vaxsey, mәn özümü әcәb işә saldım...." Fikir edir vә deyir ki, yaxşı, әlbәt, bir gün olar, özümü salaram Mәskovuya.

O gün olur. Cavan gedir Moskvaya vә şәhәrә çatan kimi özünü ölü kimi salır kafe-şantana. Matişkәlәr düzülür bunun dörd әtrafına. Arvad-filan yaddan çıxır. Kef nә kef!... Pul xәzәl kimi sәpәlәnir. Hәr gecә belә, hәr gecә belә....

Amma heyf, iş belә gәtirir ki, bunun oxumuş arvadının student qardaşı vә ya bir qohumu Moskvada olub, cavanın bu hәrәkәtini görür vә deyir ki, filankәs, bu, yaxşı iş deyildir ki, sәn edirsәn. İndiyә qәdәr kef çәkirdin, çünki subay idin. Amma indi sәn evli adamsan, arvadın da oxumuşdur. Belә şeylәri eşidib bilsә, sәndәn inciyәr vә razı olmaz ki, azarlı matişkәlәrdәn sonra gedib onu da azarladasan.

Qıraxmal taxan cavan görür ki, evlәnmәk onun üçün böyük әngәl oldu. Deyir: "Yox, gәrәk, evә qayıdan kimi arvadı çadralayam. Çünki çadrası olsa, danışmaz". Amma arvad çadraya girmәk istәmir; dava düşür, qalmaqal çıxır, sәs-küy qalxır, axırda baş yarılır. Qәrәz, pis-qis işlәr әmәlә gәlir vә qıraxmal taxan cavan deyir: "O günә bir daş düşәydi ki, mәn oxumuş arvad almaq fikrinә düşdüm. Baisin evi yıxılsın...."

Bәs bundan mәlum olur ki, elm vә kamalı bir qıraxmal taxıb, düşbәrә papaq geymәkdәn ibarәt bilәn cavanlardan ötәri oxumuş arvad almaq "xәtadır". Mәsәl var ki, zәr qәdrini zәrgәr bilәr.
XS
SM
MD
LG