Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:24

Üzeyir bəy Hacıbəyli. Yazı yazanın yazı yazmaqdan qabaq fikri


-- Nә yazım? İrandan yazım, yoxsa Osmanlıdan? Yoxsa Rusiyadan yazım? Yox, qoy öz әhvalımızdan yazım. Yaxşı, öz әhvalımızdan nә yazım? Cәhalәt....

Ah, daha bu söz zәhlәmizi tökdü! Bәs, nә? Bu qarandaşı çıxardan nә ağıllı adammış....

Qarandaş! Bu sözün әsli qarandaş deyil, qara daşdır, demәli, türk sözüdür. Bәs, onda gәrәk qarandaşı icad edәn dә türk olsun!... O kim imiş?... Osmanlıda qanuni-әsasi. Qoy bu barәdә yazım. İranla Osmanlını tutuşdurum.... Amma biz dә qәribә adamlarıq ha! Bildir sultanı söyürdük, İran şahını tәrif edirdik. İndi İran şahını söyürük, sultanı trif elәyirik. İndi bunu bir avam adama söylәsәm deyәr ki, siz mütәqәllüb adamsınız.... Mütәqәllüb--yәqin bu söz qәlp sözündәn çıxır. Qәlp pul, qәlp adam.

Adәm Әleyhissәlam.... Mәsәlәn, iki yüz ildәn sonra bizdәn heç bir nişanә dә qalmayacaq.... Amma tәәccübdür, vallah! Keçәn gün Qız qalasına baxırdım.... Neçә illәrdi ki, durur vә neçә-neçә şeylәr görür, demәli, tarixin dilsiz şahididir. Amma mәni yandıran burasıdır: canım, axı bu qalanı, bu hasarı bir adam tikibdir, onun üstündә әllәşibdir, bax, haman bu daşları öz әli ilә götürüb, gәtirib buraya qoyubdur. Yaxşı, bәs indi o adam hanı?... Hanı o adam? Vallah, lap acığım tutur. Bu barını tikәn, bu daşları düzәn o canlı, başlı, ağıllı, hissli adam yox olub gedib, amma onun qayırdığı bu cansız, ruhsuz, hissiz şey indiyә qәdәr qalıb, hәlә bundan sonra da nә qәdәr qalacaqdır!...

Hә, indi mәn nә yazım? Ah, bu әhvalat mәni xarab elәdi: yaşa, ömür elә, әziyyәt gör, cәfa çәk, utan, inci, qorx, ağla, ağla balam, ağla sonra da öl! Yox ol, dön torpaq ol! İndi ki, belәdir, indi ki, axırda mәn ölüb heç olacağam, indi ki, mәnim bu әziyyәtlәrim, çәkdiyim cәfalar hamısı әbәs olacaqdır, onda!... Adam çox fikir elәsә anarxist olar, vallah! İran padşahlarını pislәyirik ki, deyirmişlәr:

"Pәs әz mәn hәr çe bad-bad!"

Vallah, doğru deyirmişlәr! Çox da deyәk ki, mәsәlәn, Nәsrәddin şahdan sonra İran bütün dünyanın hakimi olub, iranlılar da lap qızıldan paltar geyinmişlәr! Bundan Nәsrәddin şaha nә? Hәrgah ölәndәn sonra bunu hiss elәyә bilsәydi, yenә sözümüz olmazdı, axı hiss elәmir!... Әşi, bu sonranın fikridir, hәlә qoy görәk, indi nә yazaq!

Çox gözәl, sultan qanuni-әsasi verdi.... Adam indi İstambula gedә, yox, әvvәl Tehrana gedә, ondan sonra İstambula gedә! Gәrәk dörd gün yol gedәsәn. Әvvәl Batuma ... kim deyәrdi ki, Mәşәdi Rüstәm Batumdadır? Gәrәk ki, mәn dünәn onu bazarda gördüm, boynunda başlıq vardı.... İranda adamların boynuna zәncir salırlar.... Dәmir şişlәri qızdırıb, bәdәninә soxurlar! Bah, bah, bah! Biz bu sözlәri eşidirik, amma heç halınıza tәfavüt elәmir. Mәsәlәn, dünәn yazılmışdı ki, İranda "Ruhül-qüds" müdirini ölüm cәzasına mәhkum edibdilәr, sonra da yazılmışdı: "Onu boğacaqlar...." Gör ha, o adamı boğacaqlar! Biz hamımız bunu oxuduq, sonra qәzeti yerә qoyub, işimizә getdik. Dәxi bir fikir elәmәdik ki, axı necә yәni "onu boğacaqlar?!" Adamı boğmaq çox pis şeydir.... Necә olar ki, adamı boğsunlar!... Mәsәlәn, kәndiri boğazına salıb dartacaqlar, onun nәfәsi tıncıxacaqdır.... Ürәyi qısılacaqdır, istәyәcәkdir ki, çıxsın getsin evlәrinә ... arxayınca otursun.... Bu cәlladlar nәdir? Onlar da bizim kimi adam deyildirlәrmi? Nә üçün adamı boğurlar? Şah buyurur!... Şahı boğsunlar, yәni bir azca boğsunlar, onda o görәr ki, bu cürә şeylәr pis zaddır, daha bir dә adamı boğdurmaz.... Allahın altında insanın bәdәni elә yaranmış olaydı ki, onu nә boğmaq, nә güllә ilә deşmәk, nә xәncәrlә parçalamaq, nә qayalardan atıb әzdirmәk, nә suda qәrq etmәk, qәrәz, bir şeylә öldürmәk mümkün olmayaydı.... Ah, çox fikir adamı dәli-divanә elәr, amma bir tәrәfә baxsan, dәli olmaq da bәd deyil....

Yox, bu gün mәn heç zad yaza bilmәdim, qalsın sonraya!...
XS
SM
MD
LG