Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:45

Mirzə Ələkbər Sabir. Bəzi yerlərdə təsadüf olunur aşa, ətə















Bəzi yerlərdə təsadüf olunur aşa, ətə.
Müftə görcək tuturam kəndimi bozbaşa, ətə!

Deyirəm, kaş qonaqlıq olan evlərdə bütün
Yeyib-içməkdə başım bənd ola, çulğaşa ətə!

О qədər xoşlanıram tüstüsü çıxcaq kababın --
Ac pişik tək cumuram şövq ilə birbaşa ətə!

Görürəm ta əti qəssab dükanında asılıb,
Az qalır it kimi nəfsim hürə, dırmaşa ətə!

Nuş olur canıma ət, xasə о həngamədə kim,
Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa, ətə!

Əti çox istəyirəm, leyk pulu ondan çox,
Nola, quzğun kimi ta müftə qonam laşa, ətə!

Xərc edir bir para əşxas pulun bayramda
Zəfərana, yağa, razyanaya, xaşxaşa, ətə!

Filhəqiqət yeməli şeydir əgər pulsuz ola,
Yaramır pul verilə hər quruya, yaşa, ətə!

Pulu ancaq yaraşır çinləyəsən sənduqə,
Nə ki, xərc eyləyəsən millətə, dindaşa, ətə!

Oylə zəhləm gedir, allah da bilir, millətdən,
Oluram süst adı gəlcək, dönürəm daşa, ətə!

Adı puldursa pulun, leyk özü can yonqarıdır,
Vermək olmur qohuma, qonşuya, qardaşa, ətə!

Verərəm dinimi, imanımı, əmma pulumu
Vermərəm "Bəhlul" ağa, arxayın ol, aşa, ətə!
XS
SM
MD
LG