Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:46

Mirzə Ələkbər Sabir. Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!















Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!
Baği-şəhdə etdiyin işrət həlal olsun sənə!
Əhlinə şah olduğun dövlət həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Oldun ol gündən ki, malik rütbeyi-əcdadına,
Düşmədi el qayğısından başqa bir şey yadına,
Ədlü dadə dad verdin, yetsin allah dadına!
Yaxşı bir şöhrət qazandın adına, övladına;
Getdiyin yol, tutduğun niyyət həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Afərinlər doğru yollu verdiyin peymanlara,
Əhdini ifa üçün sadir olan fərmanlara,
Həftədə bir, ayda bir and içdiyin quranlara,
Aqibət hər səmtdən cəlb etdiyin mehmanlara;
Çəkdiyin bu xani-biminnət həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Müstəqillən hökmüranı olduğun İranına
Hankı xidmətdən saqındın ta toxunsun qanına?
İndi bir İran deyil, aləm güvənsin şanına....
Namına, namusuna, insafına, vicdanına....
Əhli-vicdan verdiyi qiymət həlal olsun sənə!
Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!

Altı min ildən bəri mövcud olan bir məmləkət
Görməmişdi sən kimi bir şahi-vala-mərtəbət:
Niyyətin saf, etiqadın pak, qəsdin məsədət,
Millətin şad, ölkən abad, ümdə fikrin mərhəmət....
Qoydugun tac, örtdüyün xələt həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Arslanlar boynuna saldırdığın zəncirlər,
Namvərlər qətlinə çəkdirdiyin şəmşirlər,
Atəşi-qəhrü qəzəblə yaxdığın təmirlər
Vəsfə şayandır, həqiqət, etdiyin tədbirlər....
Ümmi-Xaqan oğlu, bu qeyrət həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!
XS
SM
MD
LG