Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:10

Mirzə Ələkbər Sabir. Neyliyim, allah! Bu urus başdılar















Neyliyim, Allah! Bu urus başdılar
Bilməyirəm hardan aşıb-daşdılar?!
Ölkədə gündən-günə çoxlaşdılar,
Hər əmələ, hər işə çulğaşdılar,
Qoymayın, ay köhnələr, ay yaşdılar!
Heyvərələr hər yerə dırmaşdılar!

Hər biri min gunə iş icad edir,
Məclis açıb nitqlər irad edir,
Şiə ikən sünniləri şad edir,
Sünni ikən şiəyə imdad edir,
Sanki bular bir-birə qardaşdılar,
Yoxdu təəssübləri, çaşbaşdılar!

Heç biri öz məzhəbinin hörmətin
Gözləməyir, gözləyir el qeyrətin;
Cümləsi bir yolda qoyub niyyətin,
Xoşlamayırlar atalar adətin;
Çünki nə sünni, nə qızılbaşdılar,
Bir yava şeydir bu başı daşdılar!

Əmr təəssüb ola bütlan neçin?
Sünni deyə şiələrə can neçin?
Şiə bilə sünnini insan neçin?
Birləşə yəni bu müsəlman neçin?
Hümmət edin, din gedir, ay başdılar!
Qoymayın aldatdı bizi saşdılar!

İndi ki, duyduq buların niyyətin --
Cəhd eləyin pozmağa cəmiyyətin!
Bunları pozmaq bizə olmaz çətin:
Harda ki, gördüz oxuyun lənətin
Hökm eləyin, küfrlə ulğaşdılar,
Dini-xudadan qırılıb qaşdılar,
Cümləsi kafırlərə yoldaşdılar,
Çünki təəssübləri yox, çaşdılar!
XS
SM
MD
LG