Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:07

Mirzə Ələkbər Sabir. Təraneyi-əsilanə















Nə soxulmusan arayə, a başı bəlalı fələ?!

Nə xəyal ilə olubsan belə iddəalı, fələ?!



Sənə dinmədikcə, əbləh, azıxıb yolun çaşırsan,

Qapıda dayanmayıb da zala doğru dırmaşırsan,

Qara fəhlə olduğunda bəyü xanla çulğaşırsan,

Bəyə bizdə görməyirsən bu qədər cəlalı, fələ?!



Nə çığır-bağır salırsan, yorulub usanmayırsan,

Ədəb ilə öz məqamın tanıyıb dayanmayırsan,

Hələ köhnə paltarından qızarıb utanmayırsan,

Başına qoyub gəlirsən yekə bir motalı, fələ?!



Buna bax, bu sir-sifətlə danışır da bir ibarə!....

Gözüm ağrıyır edəndə bu qırılmışa nəzarə....

Gətirib buraxdı kimlər buları bizim diyarə?

Nə bilim haralı kasıb, nə bilim haralı fələ?!



Belə idi adət əvvəl? Bəyə yalvarardı kasıb,

Nücəbaləri görəndə ayağa durardı kasıb,

İki qat olub ədəblə bəyə baş vurardı kasıb,

Var idi vəfalı kasıb, var idi həyalı fəhlə!



Dəyişib zəmanə indi, dolanıb bütün ümurat,

Ayağı çarıqlılar da gəlib istəyir müsavat,

Belə əsrdə məişət bizə xoş keçərmi, heyhat!

Ayılıb yatan cəmaət, göz açıb qapalı fələ!



Adə, fəhlə, sən get əlləş, sana günlərin ay olsun,

Get olarla söz danış kim, sənə fəqrdə tay olsun,

Bəşəriyyət aləmində nəyinə görə pay olsun?

Bu deyilmi baş-qulağın, a başı havalı fələ?!



Bəşəriyyət axtarırsan, hanı rütbəvü cəlalın?

Mədəniyyət axtarırsan, hanı pulu-mülkü-malın?

Əzəmiyyət axtarırsan, hanı xalisən, mənalın?

Hanı taqə-taqə şalın, a cırıq çuxalı fələ?!



Danışırsan azğın-azğın, hanı qəsri-zərnigarın?

Hanı Anna tək barışnan, hanı Sonya tək nigarın?

Hanı məclisi-qumarın, rüfəqayi-meygüsarın?

Hanı nəşəyi-xumarın, a qalın qafalı fələ?!



Əgər istəsəydi allah, ki səni edəydi məqbul,

Bizə verdiyi tək, əlbət, sənə həm verərdi pul-mul.

Di utan ləyaqətindən, barı olma bunca məchul!

Quru-boş əl ilə umma özünə kəmalı, fələ!



Qələt eylə, etmə bir də belə boş xəyalı, fələ!

Dur itil, cəhənnəm ol, get, ürəyim daralı, fələ!
XS
SM
MD
LG