Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:27

Süleyman Sani Axundov. Ümid çırağı


İlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər yüksəlmiş dağ bəşında düşən Ş... şəhərinin əhalisi dərin yuxuya dalmışdı.

Yalnız iki balaca otaqdan: yalnız yanında özü kimi balaca bağçalı bir evdən işıq gəlirdi.

Pencərədən çırağın zəif şöləsi bağçaya düşərək oranın zəngin böcək və
pərvanələrini öz tərəfinə çəkirdi. Masa başında oturmuş, mütaliəyə məşğul, zəif
əndamlı, sarımtıl bənizli, qıvırcıq saçlı bir gənc, çənəsinə dirsəklənərək kitab
oxuyur, ! ara-sıra yorğun qara gözləri biixtiyar qapanaraq rahatlıq edirdi. O zaman
uzun, ox kimi kirpikləri çöhrəsinə kölgə salır, başı masa üzərinə əyilir, bir müddət
belə mürgüləyirdi, sonra diksinərək başını qaldırır, gözlərini ovcalayır, qalxıb
pəncərəni açır, başını dişarıya çıxararaq bağçanın saf havasını dərindən tənəffüs
edirdi.

Qaranlıqda qalmış pərvanə və böcəklər pəncərənin açılmağından istifadə
edərək otağa soxulur, çırağın ətrafında uçuşurdular. Gecənin dərin sükutu və
zülməti gəncin qəlbinə xof buraxır, onu diksindirirdi.

- Bu nə uşaqlıqdır? - deyə gənc pəncərəni qapayır və sonra əvvəlki yerini
tutaraq, özlərini şöləyə atan pərvanələrə baxır: - Bu heyvancıqlar qaranlığı
sevməzlər. Gör necə özlərini oda atırlar? Nə qədər işığa məftun bir məxluq, - deyə
söylənirdi. Bu zaman nəzəri masanın üstə durmus cib saatına sataşır.
- Ah, gecə yarıdan keçmiş, lakin mən hazır deyiləm. Sabah son imtahanlarımı
verəcəyəm. Orta təhsilimi bitirmək bu gecə ki səy və qeyrətimə bağlıdır. Atam
yox, mənə yardım edəcək kimsəm yox, öz nicat və səadətim öz əlimdədir. Səy və
qeyrət lazımdır. Sabah orta məktəbi bitirib ali məktəbə girəcəyəm. Orada bir neçə
il təhsil alıb həkim olacağam, vətənim üçün mənfəətli bir üzv olacağam. Zavallı
anamı məişətin bu ağır zəhmət və əziyyətindən xilas edəcəyəm.
Əlilə o biri otağa işarə edərək:

- Yat, anacığım, rahat ol və gələcək səadətimizə də inan, - deyə yenə də
mütaliəyə başlayır.

Gəncin zənni yanlış idi, zavallı qadın bir neçə saat işlədikdən sonra rahat olmaq
istədisə də yata bilmədi. Gözlərini oğlunun qapısına dikərək uzun və dərin fikrə
getmişdi. Ağır, qara günlü məişəti birir-birir gözlərinin önündən gəlib keçdi.
Budur, on səkkiz yaşında bir qız ikən özü kimi bir zəhmətkeşə arvad oldu. İçərisində yaşadığı evə sahib oldu. Övlad arzusu çəkərək bir gözəl oğula ana oldu.
Ah, nə böyük bir səadət. Lakin rəhmsiz fələk tezliklə bu səadəti yasa döndərdi.
Bir il bəxtiyar yaşadıqdan sonra istəkli əri xəste düşüb vəfat etdi. Onu bir yaşlı
uşaq ilə sahibsiz qoydu. O gündən bədbəxt ana çalışır, sel tək göz yaşları tökür,
lakin körpə oğluna baxdıqca ağır məişətini unudur, beşiyini yırğalarkən deyirdi:
- Yat, oğlum, yat, yat ümid çırağım, yat, cəmi səadətimi, cəmi ömrümü sənin
uğrunda sərf etməyə and içirəm.

Qeyrətli ana bu müqəddəs vəzifəsini çox gözəl ifa etdi. Oğlunu böyütdü,
oxutdu, bu yaşa yetirdi. İndi təhsilini bitirmək üçün övladı belə çalışır, zəhmət
çəkir. Onun incə ana qəlbi sıxılır, övladının əziyyətinə razı olmayır, onun
zəhmətlərinə dözə bilməyirdi. Lakin bu zəhməti ona səadət qapısını açacağını da
gözəlcə düşünürdü.

Ən artıq sıxılacaq bir şey varsa, o da oğlunun məktəbə getmək məsələsidir ki,
bir neçə il bir-birindən ayrı düşəcəklərdi, bu isə ona qeyri-mümkün bir imtahan
görünürdü. Yazıq ananın qəlbini hər dəqiqə deşən, onu rahat buraxmayan bir
məsələ vardı. O da bir il bundan əqdəm ərinin qohumlarından biri dalaşarkən bir
cavanı öldürməsi idi. Düşmənləri qatilin həbsə alınıb sürgün edilməsinə iktifa1
etmək istəməyirdilər. Qana qan etmək fikri bəsləyirdilər. Bu səbəbdən zavallı
qadın bu ili daima qorxu içərisində yaşayır, oğlunu gözlərindən iraq buraxmaq
istəməyirdi.

Gecə keçər, oğlu yatmaz, ana axır buna səbir etməyib qalxar, şala bürünər,
oğlunun otağına girər, övladının başını qucub qıvrıcıq saçlarından öpər.

- Ana, nə üçün durdun?

- Oğul, yata bilmədim. Qəlbimdə bir qorxu, bir iztirab hiss edirəm. Qorxuram
sənə düşmən tərəfindən bir xətər toxuna.

- Anacığım, xof və iztirabın əsilsizdir, öz otağımda, gözünün önündə dərs
oxuyuram. Mənə nə ola bilər? Mən bir məktəbliyəm, kimsə ilə də düşmənçiliyim
yox, arxayın ol, mənə heç bir kimsə tərəfindən xətər toxunmaz, get, ana, rahat ol.

- Bəs sən oğlum, yatmayacaqsan? Oxuduğun yetər, dur, sən də rahat ol, çırağı
söndür.

- Yox, ana, səhəri açsam da, sabahkı imtahanlarımı hazır etməliyəm. Maraq
etmə, bir gecəni yatmaqla mənə heç bir şey olmaz, lakin bir ilimi qayib etmək, hər
ikimiz üçün fayda verməz. İndi daha mənə mane olma, - deyə gənc kitab oxumağa
başlayır, anası da otağına çəkilir.

Bir saat belə keçir. Qəflətən bir tüfəng açılıb dağlara səda salır, dərin sükutu
pozur. İkinci bir qadın çığırtısı bu sədayə cavab verər, yatmış qonşuları oyadır.
Gənc tələbə yerə sərilir. Bir saat bundan əqdəm böyük ümidlər bəsləyən gənc, bir
qəddar düşmənin, rəhmsiz düşmənin gülləsinə qurban oldu.

Sahibsiz ananın ümid çırağı söndü... Yenə zülmət, yenə dərin sükunət... lakin
balaca otaqdan:

- Yox, oğlum, sən ölməmisən, ancaq yatmısan. Yat, ümidim, rahat ol, sabah
yenə duracaqsan, imtahanlarını verəcəksən, anacığını bəxtiyar edəcəksən... Həzin,
qəlbləri oxşayan oxşama sədası gəlirdi.
XS
SM
MD
LG