Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:40

Süleyman Sani Axundov. Müalicə


Mənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: "Eyibsiz gözəl olmaz" demişlər. Mənim də rəfiqimin bircə eyibi vardır, o da qayət əsəbidir. Əslinə baxsan, bu da eyib deyil, modalı bir xəstəlikdir.

İlk baharın sonunda rəfiqim təbiblərdən bir konsilium düzəltdirərək, xəstəliyinə çarə diləmiş. Həkimlər ona belə bir müalicə təklif etmişlər: "Bu üç ay yayı gözəl ab-havalı və az şənlikli bir kənd tapıb orada yaşamağı sizə məsləhət görürük.

Bilmərrə oxu, yazı ilə məşğul olmayaraq, vaxtında yeyib, vaxtında istirahət
etməlisiniz. Ümidvarıq ki, belə bir müalicə ilə xəstəliyiniz sizdən dəf olar".
Rəfiqim, Azərbaycan kəndlilərini bir-bir nəzərdən keçirdikdən sonra bacısı
yaşadığı kənddə dayanır. Yay fəsli girdikdə bacısına bir məktub yazıb həkimlərin
qərarını ona bildirir. Bir neçə il sevgili qardaşından ayrı düşmüş bacı, xeyli şadlıqla
məlum edir ki: "Qardaş, durmayıb tezliklə gələsən və özün ilə heç bir şey
gətirməyəsən, çünki hər şeyimiz vardır". Bu xəbəri aldıqdan sonra rəfiqim
bacısının qabaqlamasına baxmayaraq, öz adəti üzrə yorğan-döşək, purjunlu
çarpayıdan tutmuş diş fırçasınadək, malakan furqonuna doldurub yola düşdü.

* * *

Furqon ilə səyahət etmək ləzzətini qələmə almaqdan vaz keçirik, çünki hər bir
azəri oğlunun ömründə bir dəfə də olmuş olsa, o "ləzzəti" çəkməsinə şübhə
etmirik. Bundan əlavə, doğrusu, o səyahəti layiqincə təsvir etmədə özümüzü aciz
görürük. Ancaq bunu əlavə etmək istəyirik ki, furqon ilə səfər edən şəxsə mənzil
başına çatana kimi "sümsükut" orucu tutmağı əmr buyurmuşlardır. Danışmaq
istəyənlər, lalların barmaq üsulu ilə danışmalarına bələd olmalıdırlar, çünki adi dil
ilə danışdıqda elə bir dil meydana çıxır ki, onu anlayan bir dilçi bu böyük dünyada
hələ tapılmamış. Rəfiqim birinci dəfə furqon ilə səfər etdiyinə görə (uşaqlıqda
etdiyi səyahəti hesaba almırıq) "sümsükut'u pozub furqonçu malakan ilə danışmaq
istəmiş, lakin iki kəlmə deməyə müvəffəq olmamış, o da belə surətdə: "...i hıqq,
van... vay, da...uyn...yi...".

Necə ki, görürsünüz rəfiqim ancaq "İvan dayı" deyə bilmiş ki, o da
furqonçunun adıdır. Rəfiqim "i" hecasını dedikdə furqon daşa toxunaraq mətləbə
dəxli olmayan bir "hıqq" kəlməsi meydana çıxır. "Van" dedikdə araba yırğalanıb
rəfiqimin pensnesini yerə atır, o da daş üstə düşüb parça-parça olur. Bu vaxt
rəfiqimdən bir "vay" nidası çıxır. Dalınca furqon çuxura düşüb rəfiqimi yuxarı elə
atır ki, biçarənin başı kibitkaya toxunub əzilir və "uy"... etməsinə səbəb olur. İndi
özünüz də görürsünüz ki, "sümsükut"u pozanın cəzası nə qədər böyük imiş.
Günəş dağlara enən zaman İvan dayının "avtomobili" gurultu ilə kəndə varid
olur. Rəfiqimin pişvazına çıxmış bir sürü bacısı uşaqları "dayım gəldi" deyə
arabanı əhatə edirlər. Refiqim isə furqonun içində isti paltosunu, qaloşunu geyib,
şarfinı boynuna dolayır və çətri əlinə alıb xeyli vüqar ilə arabadan enir. Uşaqlar
onun ətrafinı əhatə edirlər.
- Ay qırılmışlar, nə çoxsunuz? Sizi ürkütməsək sanamaq olmaz. -Uşaqlar
gülüşürlər.
- Həsən, neçə qardaşsınız?
- Dayı can, bizə yeddi qardaş deyərlər. Hamımız qulluğunda hazırıq, əmrini
gözləyirik.
- Onda şeylərimi götürün, gedək.
- Bu saat, dayı can, - deyə Həsən furqona qalxıb şeyləri bir-bir endirir.
Yeddi qardaş yüklənəndən sonra furqonda rəfiqimin bir mafraş yorğan-döşəyi,
çamadanı və çarpayısı qalır.
- Uşaqlar, gedək, yerdə qalan şeyləri də gəlib İvan dayı ilə gətirərsiniz, - deyə
rəfiqim karvanın başını çəkir. Bu vaxt rəfiqimin bacısı, yeddi yaşar qızı Gülnaz ilə
darvazanın ağzında durub qardaşını gözləyirdi. Onun qorxusu bu şimarıq uşaqdan
idi, çünki yeddi qardaşın bu tek bacısı və özünün son beşiyi çox əzizlənib, azada
böyümüşdü.
- Bax, qızım, dayın xəstədir, səs-küy sevmir, gərək bilmərrə nadincliyi atasan.
Onda dayın sənə çox şey alar, səni də sevər.
Bu halda yüklü qardaşlar həyətə daxil olurlar. Gülnaz dayısını isti paltona və
şarfa bürünmüş görüb qəhqəhə ilə gülməyə başlayır.
- Niyə gülürsən, a şeytan qız... – deyə rəfiqim soruşur.
- Belə sənə gülürəm, qoy gedim evdən yorğan gətirim, bürün.
Gülnazın bu sözlərinə gülüşürlər. Rəfiqimin bacısı onun boynuna sarılaraq:
- A qardaş, Gülnaz demişkən, bu istidə nə üçün belə bürünmüsən?

- Bacı, halımı heç sorma, lənət malakan furqonuna da, ona minənə də, yolda
mənə bir qədər soyuq dəymiş və furqon da məni əzmiş ki, ayaq üstə durmağa
taqətim yoxdur, - deyərək rəfiqim şikayətlənir.
- Gəl içəri, soyun, rahat ol, qorxma buranın elə havası vardır ki, ayaqsız gələn
ayaqlı qayıdır. Nə üçün özünə yük edib bir belə şey gətirmisən? Mən səni xəbərdar
etməmişdimmi? - deyə bacısı soruşdu.
- Ana can, dayımın şeyinin çoxu furqonda qalmış, - deyə Həsən gülür.
- A bacı, özün bilirsən ki, mən çox vasvasıyam... gərək öz yorğan-döşəyimdə
yatam ki, rahat olam.
- Elə səni bu günə salan o deyilmi? Gəl içəri, soyun ayaqlarını isti su ilə yuyum,
rahat ol.
Rəfiqim və bacısı palaz ilə döşənmiş otağa daxil olurlar.
- Bax, bu otağı sənin üçün hazır etmişəm. Bir adam buraya giribçıxmayacaqdır,
uşaqların günləri bağda, bostanda keçir, qulaqların bir səs
eşitməyəcəkdir, - deyə bacısı rəfiqimi arxayın edir.
Rəfiqim yuyunub, camaşırını dəyişincə, yeddi qardaş anaları ilə bir bərabər
onun otağını döşəyib, purjunlu çarpayısını qururlar, rəfiqim də soyunub yerinə girir
və səfərin şiddətli əziyyətindən yorğun düşdüyünə görə tezcə yuxulayır.
Yeddi qardaş anaları:
- Bax, dayınız yatmış, səs olmasın, - deyə uşaqları onun otağından uzaq edir.

* * *

Aradan təxminən bir saat keçmiş günəşin son zərrələri üfüqdən qaib olduqda,
qızıl inək dərvazanın ağzında elə bir böyürtü salır ki, sanki imdad bəkləyən bir
gəmi bağırır.
- Ay uşaqlar, tez qapını açıb inəyi içəri salın, yoxsa dayınız bu saat yuxudan
oyanar, - deyə anaları bağırır.
Uşaqlar qızıl inəyi içəri buraxıb balasını yanına salırlar ki, səsini kəssin. Əfsus
ki, bu tədarük səmərəsiz qalır, çünki birinci mələməsindən rəfiqim yerindən dik
atılıb qalxır və deyir:
- Budur, kənd məişətinin ləzzəti başlanır.
Rəfiqimin bacısı, qardaşım balkonda gəzən görüb badyada köpüklənən süd ilə
içəriyə girir.
- Çox yaxşı vaxtda durmusan, qardaşım, çayımız hazırdır.
- Mən özüm durmamışam, bacım, sizin azançınız durquzmuş, - deyə rəfiqim ah
çəkir.
Bacısı gülərək:
- Sənə söz verirəm ki, sabahdan bir də o azançının səsini eşitməyəcəksən. Hər
səhər-axşam sənə bu yeni sağılmış süddən verəcəyəm, içərsən gör bir ayın ərzində
kökəlib yanaqların necə lalə kimi qızaracaqdır.
Bunu deyib, rəfiqimin bacısı otağa girib çırağı yandırır və sonra badyanı süd ilə
yerə qoyub kasa gətirməyə gedir və süddən bir qədər kasaya doldurub qardaşına
uzadır ki:
- Al bunu iç!
- Bacı, toxda, de görüm bu südü necə sağmısan?
- Bunun necəsi yoxdur ki, badyam iki dizimin arasına qoyub inəyin əmcəklərini
barmaqlarım ilə tutub aşağı çəkmişəm, süd də çeşmə kimi axıb badyaya tökülmüş.
Belə ki, şövqün var, səhər sağanda gəl tamaşa et.
- Mən onun üçün soruşmadım, inəyi sağan vaxt döşlüyün vardımı?
- Yox.
- Əllərini sabun ilə yumuşdunmu?
- Əllərim tərtəmiz, gül kimi, nə üçün yuyum?
- Onda bacı, sənin bu südünün içində bu saat milyonlarla mikroblar narınca
kimi qaynaşırlar. Mən onu içə bilmərəm, məni əfv edərsən, çünki buna həkimlər
razı deyil.
- A qardaş, elə həkimlərin sözünə baxıb bu günə düşmüsən,vasvası olma ye, iç,
gör necə sağalasan.
- Bacım, onlardan keçib, mənim üçün çay gətir. Səhərdən mən deyən kimi inəyi
sağarsan, südü bişirərsən, mən də içərəm...

* * *

Məlumdur ki, kənd əhli erkən yatıb erkən də yuxudan qalxmağı adət etmişdir.
Odur ki, rəfiqim də şamdan sonra bu qanuna tabe olmaq istədi, lakin bir tərəfdən
hələ erkən yatmağa adət etməmişdi. Digər tərəfdən də qızıl inəyin səsindən
həyəcana gəlmiş əsəbləri qaydasınca rahat olmamışdı. Ona görə də təbiblərin
əmrindən çıxaraq oturub bir qədər kitab mütaliəsinə məşqul oldu. Sonra soyunub
çırağı farağat etdi və yerinə girib rahat olmaq istədi. Elə yenicə yuxuya gedirdi ki, qulağına İncə, həzin bir səs gəldi. Fikir verdikdə gördü ki, səs otağın içindən gəlir. Getdikcə səs ona yaxınlaşırdı. Bir azdan sonra digər bir səs də ona qoşuldu. Bu anda rəfiqimin üzünü bir şey sancdı. O, cəld qalxıb lampanı yandırdı və onu sancan hərifi gördü.

Rəfiqim şəhərdən tədarüksüz gəlməmişdi. Çamadanı açıb cunayını çıxardı və
üzünü onunla örtdü ki, hünülər ona əziyyət verməsin.

- İndi, həriflər, "Şuri-şahnazı" başlayın, - deyə rəfiqim lampanı söndürüb yerinə
girdi və bir azdan sonra yuxuya getdi. Bu vaxt üfüqdən ay ahəstə-ahəstə çıxmağa
başladı. Boz köpək bunu gördükdə pəncərəsi altında başını göyə qaldırıb heybətli
səsi ilə ulamağa başladı. Biçarə rəfiqim hövlnak yerindən sıçrayıb qalxdı və yenə
lampanı yandırdı, sonra pəncərəni açıb bağırdı:
- Quduz dəymiş, səsini kəs.
Boz köpək pəncərədən bir qədər uzaqlaşıb yenə ulamağa başladı. Həsən
dayısının səsinə oyanıb həyətə çıxdı və bir odun qapıb boz köpəyə atdı. Odun
köpəyə nə təhər dəydisə, heyvan özünü çardağın altına soxub uzun-uzadı
zingildəməyə başladı, axırda sakit oldu. Lakin iş-işdən keçmişdi. Boz köpəyin
ulamağını eşidib qonşu itlər də ağız-ağıza verib ulaşmağa başladılar.
Rəfiqim yorğana bürünüb pəncərədən bu musiqini dinləyərək söyləyirdi:
- "Bir az şənlikli bir kənd tapıb da orada bu üç ay yayı istirahət etməlisiniz ki,
əsəbləriniz rahat olub möhkəmləşə". Bəli, əsəblərim möhkəmləşir, möhtərəm
təbiblərim.

* * *

Gecə yarıdan keçmişdi, köpəklərin səsləri kəsilmiş, kənd sükuta dalmışdı.
Rəfiqim üçüncü dəfə lampanı söndürüb yerinə girdi, lakin yata bilmədi, çünki bu
səfər də otağa döşənmiş xalılardan birələr yerinə daraşıb onu rahat olmağa
qoymadılar. Yenə lampanı yandırıb paltarını geydi və otaqda o baş-bu başa
getməyə başladı. Axırda taqətdən düşüb paltarlı yerinin üstə uzandı. Yorğun bədən
rahatlıq tələb edirdi. Rəfiqim nə vaxt yuxuya getdiyini özü də bilmədi.
Sübhün tüluunda, eyvanda gecələmiş çil xoruz oyanıb uca və zil səslə banladı:

Qu-qu-riqu.

Son həyəcanı çil xoruz özünə məxsus bir tərz ilə bitirdi. İkinci "qu-qu-riqu"da
rəfiqim dik atıldı.

Zavallının ürəyi elə atlanırdı ki, sanki bu saat partlayacaqdır. Rəfiqim otağı
aradıqda öz çəkməsindən başqa əlinə bir şey keçmədi, çəkmənin bir tayını əlinə
götürüb, pəncərəni açdı. Çil xoruzu eyvanın sürahısı üstə banlayan gördü. Var
qüvvəsilə çəkməni çil xoruza atdı, çil xoruz qığıltı ilə eyvandan yerə yıxıldı. Bunun
səsinə toyuqlar qışqırıq saldılar. Bunların səslərinə qonşu xoruz-toyuqlar da
qarışdılar, yatmışları oyatdılar.

* * *

Rəfiqim paltosunu geyib qaloşlarını ayağına taxaraq, eyvanda o baş-bu başa
gedib, dəli kimi öz-özünə danışırdı. Bacısı əlində badya qızıl inəyi sağmağa
getdikdə qardaşını eyvanda gördü.
- Nə erkən durmusan, a qardaş?
- Təbiblərin əmrini yerinə yetirirəm, bacım. Sizin bu gözəl kəndinizin saf
havasını uduram, bacım, - deyə rəfiqim yenə də hirsli o baş-bu başa yeriş edirdi.
- Çox gözəl fikirdir, qardaşım, inşallah bir həftənin ərzində yanaqların qızarıb
çıraq kimi yanacaqdır. Bax, görürsən döşümə döşlük taxmışam, əllərimi de sabun
ilə təmiz yumuşam. Daha arxayın ol, -bacısı qızıl inəyi sağmağa məşğul oldu. Bu
vaxt Həsən heyətə çıxdı və dayısını eyvanda görüb dedi:
- Sabahın xeyir, dayı can.
- Aqibətin xeyir, bacıoğlu, ancaq bilmirəm çil xoruzun aqibəti nə haldadır,
xeyirdir ya şər.
Bu halda Həsən çil xoruzu eyvanın attına girmiş görüb deyir:
- Dayı can, çil xoruz canını sizin yolunuzda fəda etmiş.
- Demək, intiqamımı çil xoruzdan almışam, çönbələn dəymiş sübh tüluundan
məni oyadıb yatmağa qoymamış, görünür, çəkməm onu bərk tutmuşdur.
- Dayı can, çəkməniz burada yoxdur.
- Axtar, gör haradadır?
Həsən axtarmağa başlayır, axırda çəkməni köpəyin hinində parcalanmış tapır,
köpək isə işi duyub həyətdən qacır.
- Dayı can, boz köpək çəkməni parçalayıb bu hala salmış, - deyir və çəkməni
göstərir.
- Demək, boz köpək də məndən intiqamını almış. Həsən, bu gecə bütün
kəndiniz mənə müharibə elan etmişdi, düzü, özümü məğlub sanıram. Ona görə də
hərb meydanından qaçıram. Çay içəndən sonra gedib karvansaradan İvan dayını
buraya çağırarsan.
- Nə üçün, dayı can?
- Mənə lazımdır.
- Baş üstə, dayı can. Amma çil xoruzun xatasını çəkəcəksən, çünki Gülnazın
sevgili xoruzudur.
- Eybi yoxdur, pul verərəm, ona bir gözəl xoruz alarsan. İndi çil xoruzu göz
önündən uzaq et.
Həsən çil xoruzu aparıb bağçada basdırır və sonra əhvalatı anasına söyləyir.
Rəfiqimin bacısı çay zamanı qardaşına deyir:
- Bacın sənə qurban olsun, görünür, bu gecə narahat olmusan, hər nə şey ki,
səni narahat edir, söylə hamısını rədd edim.
- Ay bacı, şair demiş:
Düşmən bir olsa dəfini asandır eyləmək.
Vay ol zaman ki, üz qoya dörd bir kənardan.
İndi sən zavallı, bunların hansına çarə edəsən: birəyə, hünüyə, köpəklərin,
çaqqalların ulamasına, xoruzun banlamasına və qeyri-qeyri...
Bu halda İvan dayı daxil olub salamlaşır.
- İvan dayı, haçan şəhərə qayıdacaqsan?
- Bu saat, furqonu qoşub buraya gəlmişəm.
- Miniklərin varmı?
- Xeyr.
- Necə məni buraya gətirmisən, elə də şəhərə qaytaracaqsan.
- Baş üstə.
- A qardaş, nə edirsən? Belə də iş olarmı? Tanışlarımız məni məzəmmət edər
ki, qardaşını bir gün də saxlamadı. Sənə bacın qurban olsun, bir az səbir et, iki
günün ərzində elə öyrənəcəksən, yanında top da atsalar, yuxudan oyanmayacaqsan.
- Bacı, hərgah məni ölümə göndərmək istəyirsənsə qalım.
- Allah eləməsin, qardas, nə danışırsan.
- Onda mənə mane olma...

* * *

Çaydan sonra yeddi qardaş, dayılarının şeylərini İvan dayının furqonuna
daşıyırdılar. Çil xoruzun ölümündən bixəbər Gülnaz, rəfiqim ilə bərk dost
olmuşdu, çünki dayı onun üçün çox şeylər gətirmişdi. Ona görə onu buraxmaq
istəmirdi.
- Gülnaz, qızım, üç aydan sonra Həsənə yazacağam, səni şəhərə gətirsin, orada
səni məktəbə qoyacağam, gələn yayda səninlə bərabər buraya gələcəyəm.
Şeylər furqona qoyulduqdan sonra rəfiqim əlvida edərək furqona mindi və
"sümsükut" orucunu tutub yola rəvan oldu.
XS
SM
MD
LG