Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:33

Süleyman Sani Axundov. İki dost, iki düşmən


Avqustun isti günlərindən biri idi.

Mədənçilərin istirahət evində nahardan sonra xəstələrin bir taqımı bağçada kölgəli ağacların altında oturub söhbət edirdilər.

Bunlardan Rəhman adlı bir işçi Vətəndaş müharibəsində zühur etmiş bir vəqəni
yoldaşlarına nağıl edirdi.

Onlar da oturub artıq diqqətlə onu dinləyirdilər. Bu dəmdə istirahət evinin həkimi əlində qəzet, odasından çıxıb bağçaya gəldi. Onu gördükdə Rəhman səsini kəsdi.

- Yoldaşldar, nə üçün istirahət evinin qanununu pozursunuz?

Taxtınızda uzanıb rahat olmalısınız - deyə həkim onları məzəmmət etdi.

Qoca işçi Salman dedi:

- Yoldaş Fəxrəddin, biz sükutu pozmayırıq, yuxumuz da gəlməyir.
Yoldaş Rəhman Vətəndaş müharibəsindən qayət maraqlı şeylər söyləyir, rica
edirik ona mane olmayasınız.

Həkim izin verdi. Özü də skamyada oturub qəzet oxumağa məşğul oldu.
Rəhman nağıl etməyə başladı. Söylədiyi, doğrudan da, maraqlı şey idi. Hətta
Fəxrəddinin də fikrini cəlb etmişdi. O, qəzet oxumağı buraxıb dinləyirdi. Rəhman
nağılı bitirdi. Araya bəhs düşdü. Cavan işçi Niyazi dedi:
- Yəqin oğlu atasını öldürdükdə kim olduğunu bilməmiş.
Qoca Salman dedi:
- Burada təəccüblü bir şey yoxdur. Vətəndaş müharibasində belə ittifaqlar çox
olmuşdur. Ata oğlu, oğul atanı, qardaş qardaşı öldürmüşlər.
- Niyazi bu ildən firqəyə namizəd yazılmışdır, onda kommunizm qayəsi hələ
möhkəmləşməmişdir, onun üçün də şübhə edir.
- Yoldaş Mərdanın bu sözünə mən de şərikəm, - deyə Fəxrəddin təsdiq etdi.
- Vətəndaş müharibəsi qeyri müharibələrə bənzəməz. Bu sinif müharibəsi,
məfkurə mübarizəsidir. Burada ata, oğul, qardaş, hərgah başqa-başqa məsləklərə
mənsub isələr, adi bir düşməndirlər.
- Kommunizmi dərin düşünsəniz, onun qayəsini yaxşı anlasanız ata, ana,
qohum, dost, aşina hissi sizə qalib gəlməz. İndi izniniz ilə mən də başıma gələn bir
vəqəni söyləyim...
- Söyləyin, - deyə rica etdilər.
İşçilər onun əski bir kommunist olduğunu bilirdilər. Həkim qutusunu çıxarıb
papirosunu yandırdı, çəkdi. Sonra hekayəyə şüru edərək dedi:
- Söylədiyim aydın olmaq üçün bir keçmişə əl atmalıyam. Mən kəndli
övladıyam. Kəndlinin əlində bir parça əkin yeri olar, onu becərib məhsulu ilə öz
coluq-çocuqlarını aclıqdan saxlar. Mənim atam Səfərəlinin elə bir parça yeri də
olmamış. Həsənqulu ağaya rəncbərlik edərək min məşəqqət ilə öz ailəsinə çörək
qazana bilmiş.
Həsənqulu ağa tündməcaz bir mülkədar idi. Atam ondan artıq əziyyət çəkərdi.
Anam da ağalıqda qaravaş idi. Binəva göz yaşından başqa, xanımlardan bir
hədiyyə almazdı. Mənim də vəzifəm ağalıq qapısında kötək yemək idi. O vaxt
mənim doqquz yasım var idi. Bir ittifaq mənim bu döyüş-söyüşümün qabağını
almağa səbəb oldu. Həsənqulu ağanın övladı yox idi. On yaşında qardaşı oğlu
Şahbaz bəy onun vahid varisi idi.
Bu uşaq atasız, anasız bir yetim idi. Şəhərdə leyli məktəbdə tərbiyə alırdı. Nağıl
etdiyim il yay tətili münasibətilə Şahbaz, əmisigilə gəldi. Nökərlər, qaravaslar
onun başına fırlanırdılar. Nə etsinlər? Gələcək səadətləri onun əlində idi. Şahbaz
özü həlim bir çocuq idi, lakin yeri gəldikdə hökmran bir sinif üzvü olduğunu
büruzə verirdi. Birinci qədəmdən biz dostlaşdıq, birlikdə oynardıq, birlikdə
gəzərdik. Şahbazın qorxusundan heç kəs məni incidə bilməzdi. Onun bu böyük
yaxşılığını mən heç bir vaxt unutmaram. Şahbaz həmin yay mənə rusca əlifbanı
öyrətdi. Bu isə gələcək səadətimə səbəb oldu. Amma Həsənqulu ağanın xilafi-rəyi
idi. Yalnız Şahbazın xatirəsi üçün bir söz deməyirdi. Bir ittifaq mənim
məhəbbətimi Şahbaza daha da artırdı. Bir gün çayda çimərkən dərin yerə düşüb
boğulurdum. Şahbaz özünü atıb məni çıxartdı. Onun özü yaxşı üzmək bilməyirdi.
Bu isə tutduğu əməlini bir qədər də qiymətləndirirdi.
Yay bitdi, Şahbaz oxumağa getdi. Bizim üçün yenə məşəqqət günləri başlandı.
Atam buna səbir etməyib şəhərə köçdü. Bir müddət işsiz qaldı. Axırda neft
zavodunda fəhlə oldu. Gərək Salman əminin yadına gələ.
- Bəli, bəli, yaxşı yadımdadır, - deyə Salman təsdiq etdi.
- Türkdə bir məsəl var, deyərlər: "Yağışdan çıxdım, yağmura düşdüm". Biz də
Həsənqulu ağanın zülmündən xilas olduq, zavod sahibi Hacı Səlimin çəngəsinə
düşdük. Axırda atamın sol qolunu maşın kəsib atdı, azarxanaya düşdü. Atam nə
qədər azarxanada idi, Hacı Səlim onun məvacibini kəsməyirdi ki, şikayət etməsin. Sağalandan sonra bir şey verməyib atamı küçəyə atdı. Məhkəməyə düşdülərsə də, nəticədə məhkəmə işi zavod sahibinə tərəf kəsdi. Əlil atam aralıqda xırdavatçılıq edərək artıq əziyyət ilə gündəlik çörəyimizi qazana bilirdi. Burada mən məktəbə daxil olub sonra "Maarif' cəmiyyətinin yardımı ilə orta təhsil bitirərək Leninqrada getdim. Orada darülfünunun tibb fakültəsinə girdim. Şahbaz bəy ilə görüşdük. Əski dostluğumuz yenə təzələndi. O vaxt Şahbaz institutda memarlıq oxuyurdu. Məni Şahbaz bəydən ayıran bir şey var idisə, o da sinif ayrılığı idi. Get-gedə bu ayrılıq dərinləşirdi. Mən orta təhsillə oxuyan zaman bolşevik firqəsinə girmişdim. Buraya gəldikdə firqə təşkilatında çalışmağa başladım. Bunu Şahbaz bilirdi. Bir dəfə bu barədə mübahisəmiz oldu.

- "Kommunizm utopyadır" - deyə Şahbaz mən ilə bəhs etdi.
- Proletariat hökumət qurmağa qadir deyil, o vurar, dağıdar, bəlkə, də
padşahlığı yıxar, lakin üç gün də olsa hökumət apara bilməz...
- Nə üçün?
- ...Çünki tarixdə işçi-kəndli hökumət sürdüyü görülməmişdir.
- Görülməmişdir, indi isə görülər, - deyə mən cavab verdim.
- Sən bir çocuq kimi bəhs edirsən, - deyə Şahbaz hayqırdı.
- Şahbaz, hirslənmək lazım deyil, mənə məntiqli sübutlar gətir. Keçmişdə çox
şeylər görünməmişdi, indi görünür. "Tarixdə görünməmişdir, ona görə olmaz" bu
bir dəlil deyil ki, sən gətirirsən. Məncə, sən həqiqəti gizlədirsən, qəlbindəkini açıb
deməyirsən.
- Mən nəyi gizlədirəm? - deyə Şahbaz sordu.
- Sən hökm sürən bir sinfə mənsubsan, ağalıqdan düşmək istəməyirsən, mətləb
buradadır.
- Dogru deyirsən, fəqət mən fikrimi gizlətməyirəm; çünki aydın inanıram ki,
hökumət siz kommunistlərin əlinə düşsə, insanları böyük fəlakətə salacaqsınız. İş
silah gücünə gəlirsə, məni öz sıranızda yox, müqabilinizdə görərsiniz.
Bu bəhslərdən sonra mən Şahbazdan çəkilməyə başladım.
Bir gecə firqə yoldaşımızın mənzilində gizli müşavirə edirdik. Qəflətən qapı
döyüldü. Biz təşvişə düşdük, kim isə məni səslədi. Qapını açdıq. Şahbaz içəri girib
dedi:
- Tez olun kağızlarınızı tələf edin, jandarmlar gəlirlər...
Biz cəld kağızları sobaya atıb yandırdıq. Bir azdan sonra jandarmlar evi əhatə
etdilər. İçəriyə soxulub aramağa başladılar. Ələ heç bir şey düşmədi. Jandarmların
biri Şahbaza diqqətlə baxıb dedi:
- Bu studenti mən buraya gələn gördüm. Yəqin bunlara bizim gələcəyimi xəbər
vermiş.
Şahbazı tutub apardılar. Hərçənd əldə bir sübut yox idi, mən yenə təşvişə
düşdüm. Şahbazı bir gecə həbsdə saxlayıb buraxdılar. Mənim ilə görüşdükdə
gülərək dedi:
- Hökumət əleyhinə işləyənlər siz, həbsə alınan mən.
Bu ittifaq yoldaşlar arasında Şahbazın ehtiramını artırdı. Mən üçüncü kursda
olanda ata və anam vəfat etmişdi. Sağ qalan bacım Tahirə idi. O da ali ibtidai
məktəbi bitirmişdi. Onu hazırlaşdırıb özüm ilə Peterburqa gətirdim, mamaçalıq
kursuna qoydum.
Şahbaz Tahirəni tez-tez teatrlara, konsertlərə aparardı. Onun namuslu bir cavan
olduğu mənə məlum idi. Ona görə də bacım ilə gəzmələrinə mane olmazdım. Getgedə
Şahbaz ilə Tahirə arasında məhəbbət törədi. Bunu bildikdə qorxuya düşdüm;
çünki bunların evlənməsi qeyri-mümkün idi. Hərgah Şahbazın özü və əmisi
Həsənqulu ağa da rəy versəydi, mən razı olmazdım. Ona görə Tahirəni ondan
ayırıb görüşməyini qadağan etdim. Bu İttifaq bizim dostluğumuzu pozdu. Tahirə
mamaçalıq kursunu bitirib vətəninə qayıtdı. Bu vaxt Fevral inqilabı başlandı. 4-cü
kurs tibb tələbələrinə şahadətnamə verib Almaniya cəbhəsinə göndərdilər.
Göndərilənlər sırasında mən də var idim. Cəbhədə əsgərlər arasında bolşevizm və
müharibəni yatırmaq propağandası apardığım üçün məni tutub həbsxanaya saldılar.
Oktyabr inqilabı məni həbsdən azad etdi. Sonra vətəndaş müharibəsi başlandı. Üç
il Sibirdə, axırda Cənub cəbhələrində Qızıl Ordu içərisində həkimlik vəzifəsini icra
edirdim. İyirminci ildə Qızıl Ordu ilə Azərbaycana daxil olduq. İyun əksinqilabi
üsyanda mən hərbi lazaretdə həkimlik, bacım Tahirə isə şəfqət bacısı vəzifəsini ifa
edirdi. Bacım Tahirə yoldaş Niyazi kimi həmin il bolşevik firqəsinə namizəd
olmuşdu. Bir gün yaralılara baxıb yenicə odama girmişdim ki, bir qədər istirahət
edəm, Tahirə daxil olub dedi:
- Yeni bir yaralı gətirmişlər, gəl bax.
- Yaxşı, get, bu saat gələrəm, - dedim.
- Xəstənin yarası ağırdır, hər dəqiqəsi xətərlidir, - deyə bacım yalvancı bir
nəzərlə üzümə baxdı.
Qalxıb getdim. Yaralı bihuş idi. Üzündən qan qaçıb meyit rəngini almışdı.
Yarasına diqqətlə baxdıqda xətərsiz bir yara olduğunu bildim, lakin xəstənin
bədəni qayət zəif idi. Yeni azardan durmuş adamın vücuduna bənzəyirdi. Yaranı yuyub bağladım. Sonra ümumi odaya almağı əmr etdim. Bu vaxt bacım mənə yaxınlaşıb yavaş dedi:
- Xəstəni tək odaya qoymağı əmr et.
- O nə üçün?
- Sonra deyərəm.
Mən xəstəni xüsusi odaya aparmağı əmr verib, mənzilimə qayıtdım.
Tahirənin yaralıya təcili surətdə baxmaq təkidi, müəmmalı təklifi məni şübhəyə
salmışdı. Burada bir sirr var, - deyə fikrə getdim. Aradan on dəqiqə keçmiş Tahirə
də daxil oldu.
- Yaralını tanıdınmı? – deyə sordu.
- Yox, kimdir?
- Şahbaz bəy...
Məni heyrət görürdü. Dörd il icərisində nə qədər dəyişiklik... "Kommunizmi
silah gücü ilə yürütmək istəsəniz, məni sıranızda yox, müqabilinizdə görərsiniz"
sözü yadıma düşdü.
- Şahbaz bəy körpünü dinamitlə uçurmaq istədikdə, qarovulçu əsgər güllə ilə
vurmuş, - deyə Tahirə əlavə etdi.
- Xəstənin halı indi necədir?
- Huşu gəlmiş, ancaq böhran içindədir.
- Hərarəti neçədir?
- 39,5.
- Həkimlərdən kim baxır?
- Yoldaş İvanov.
- Gedək, - deyə qalxdım.
Qəlbimdə bir iztirab ilə Şahbazın yanına gəldim, nəbzini aldım.
- Yəqin malareya ilə xəstələnmiş. İndi də bu hərarət onun hərarətidir.
- Yarasından heç bir qorxu yoxdur. Kaş ağır bir öldürücü yara olaydı.
- O nə üçün? – deyə Tahirə iztirab ilə sordu.
- Qızıl Ordu ilə müharibə edən əksinqilabçı ağanın, körpü dağıtmağa qəsd edən
bir mühəndisin nə olduğunu bilirmisən?
Bunu eşitdikdə Tahirənin rəngi üzündən qaçdı. Əski məhəbbət qəlbindən helə
çıxmadığını büruzə verdi.
- Xəstəyə baxmağa yoldaş İvanov kimi təyin etmiş?
- Məni.
- Sən yaramazsan.
- Nə üçün?
- Məsləhət belədir. Get bacı Markovanı göndər.
Tahirə məyus və pərişan odadan çıxdı. Bir azdan sonra Şahbaz gözlərini açdı.
Zəif səslə sordu:
- Mən haradayam?
Mən sandalya alıb yanında oturdum. Şahbaz böhranlı gözlərini üzümə dikdi,
diqqətlə baxdı.
- Fəxrəddin, mən nə üçün buradayam?
- Şahbaz, sən yaralısan, bura da xəstəxanadır.
- Düşünürəm... Düşmən əlindəyəm.
- Qət etmə, yaran yüngül yaradır, Tezliklə sağalarsan...
- Sonra da güllə qabağında...
- Biz xəstə ilə müharibə etməyirik. Daha danışmağa izin verməyirəm, - deyə
mən ayağa qalxdım. Bu halda Markova daxil oldu.
- Yoldaş Markova, bu xəstəyə siz baxacaqsınız. Xəstəyə yaradan artıq malareya
əziyyət verir. Kinə təyin edirəm. Gündə üç dəfə verərsiniz. Çox su içməyə izin
verməyiniz, əvəzində çay veriniz. Mən qapıya tərəf yönaldım. Qapıdan çıxdıqda
qulağıma Şahbaz tərəfindən - iki dost, iki düşmən, - sədası dəydi.

* * *

Şahbaz sürətlə sağalırdı. Bu isə onu şad etməyirdi. Bir dəfə Markova onun
yarasına yod sürtüb bağlayırmış. Şahbaz fürsət tapıb yod şüşəsini qapıb içmək
istədikdə bacı əlindən alır. Şahbazın halı məni dərin düşündürdü. Sağaldıqdan
sonra əvvəl hərbi tribunal, sonra güllə qabağında. Onun üçün nicat yolu yox idi.
Məndən heç bir yardım gözləməyirdi, çünki bilirdi ki, mən kommunizm uğrunda
hər bir şeydən keçirəm. O bilirdi ki, mən onunla şəxsən səmimi dostam, lakin
məfkurəcə dərin düşmən. "İki dost, iki düşmən" mənası bu idi.
Son zamanlar Şahbazda dəyişiklik görünürdü. Qəlbi açıq danışıb gülürdü. Hətta
şuxluq tərzi ilə bəhs də edirdi:
- Fəxrəddin, dediyimi geriyə alıram. Mən sizin hökm sürmənizə üç gün vaxt
vermişdim, amma siz üç ildir ki, hökumət aparırsınız. Lakin ömrünüzə az
qalmışdır...
- Səninlə mənim ömrümə çatar, - deyə mən cavab verdim.

* * *

Bir səhər növbətçi bacı kabinəmə daxil olub dedi:
- Yoldas Fəxrəddin, Şahbaz bəy odasından yox olmuş. Bu xəbəri eşitdikdə
sanki başıma bir ildırım çaxdı.
- Növbətçi həkim kimdir? - deyə sordum.
- Yoldaş İvanov.
- Buraya çağırınız.
Bacı getdi. Mən böyük iztirabda idim. Xəyalıma dürlü-dürlü şübhələr gəldi.
İvanov daxil oldu.
- Yoldaş İvanov, xəstə Şahbaz bəy necə olmuş?
- Yoldaş müdir, hər yeri arayıb axtarış etmişəm. Gördüm döyən yoxdur. Mənim
zənnimcə Şahbaz bəy dünən, cümə günü qaçmışdır; çünki xəstə əsgərlərin
görüşünə yaxın adamlar, ancaq o günü buraxılır, o da komandanın buraxılış
vəsiqəsilə.
- Fikriniz məncə doğrudur, lakin Şahbazın yanına bir kəs buraxılmamış.
Buradan da mənim imzam ilə vəsiqə üzrə buraxılır, bu da olmamış.
- Şahbaz bəyi buradan qaçırmışlar, - deyə İvanov mənalı nəzərlə üzümə baxdı.
- Kim qaçırmış? Bunu sizdən tələb edirəm, - deyə səsimi ucaltdım.
- Onu ərkan-hərb tərəfindən təyin olunmuş Fövqəladə komisyon arayıb tapar!..
Şübhəsiz İvanov bu işdə məni müqəssir edirdi, etməyə də haqlı idi; çünki
mənim Şahbaz ilə əski dostluğum, onu yüngül yaralı olarkən ayrı odaya
buraxdığım və sonra da ona artıq diqqət etdiyim, bunların hamısı mənim əleyhimə
idi.
Həmin fikrə Fövqəladə komisyon da gəldi. Komisyon tərəfindən aparılan
istintaq yeni bir şey açdı, o da cümə günü xəstəxanadan mənim imzam ilə bir
qadının dışarıya buraxılması, o qadın təğyiri-libas etmiş Şahbaz bəy imiş.
Əlbəttə, komisyon məni danışdırdıqda imza saxta olduğunu asanlıqla isbat
edəcəkdim, lakin məni xof və şübhəyə salan bacım Tahirə idi. Bu ittifaq düşəndən
bəri onunla görüşməmişəm. Bu halda Markova kabinəyə daxil olub dedi:
- Yoldaş müdir, Tahirə dünən axşam şəhərə getmiş, indiyə kimi qayıtmamış...

Bunu eşitdikdə bütün bədənimə bir lərzə yayıldı. Tahirənin Şahbazın dalınca
qaçması mənə aşkar oldu. Titrək bir səslə Markovaya dedim:
- Yəqin tanışıgildə gecikib qalmışdır, gəlib çıxar. İndi vəzifəniz dalınca olunuz.
- Markova getdi. Bir azdan sonra komisyon məni danışdırdı.
- Yoldaş Fəxrəddin, cümə günü sizin izniniz ilə dışarıya buraxılan kimdir? –
deyə komisyon sədri sordu.
- Eylə ittifaq olmamış.
- Bu imza sizindirmi? - deyə vəsiqəni mənə uzatdı.
Mən alıb diqqətlə baxdım, xətt Tahirənin olduğunu bildim.
- Bu imza mənim deyil, saxtadır.
- Kimin xətti olduğunu bildinizmi?
- Bəli, bacım Tahirənindir.
- Bu cinayəti yapmağa Tahirəni nə və bəlkə, kim vadar etmişdir?
- Əskidən Şahbaz bəyə bağladığı və burada görüşdükdə təzələnən məhəbbət.
Bu barədə mən müfəssəl məlumat verdim. Komisyon bir neçə sual-cavabdan
sonra istintaqı bitirdi.

* * *

Mənim üçün hərbi məhkəmə quruldu. Komisyona verdiyim şəhadəti burada
təkrar etdim. Bu vaxt məhkəmə sədri:
- Şahidi gətirin, - deyə əmr etdi.
Bacım Tahirə daxil oldu.
S ə d r. Vətəndaş Tahirə, bu iş barəsində nə bilirsiniz? Söyləyiniz.
T a h i r ə. Saxta vəsiqəni imza edən, Şahbaz bəyi öz libasıma geyindirib
qaçırdan mənəm. Sonra mən özüm də yapdığım cinayətdən qorxub qaçdım. İndiyə
kimi şəhərdə gizlənmişdim. Qardaşımı müqəssir etdiyinizi bilib gəlmişəm.
Qardaşımın bu işdə heç bir əlaqəsi və xəbəri yoxdur. Hamısını mən tək özüm
etmişəm.
S ə d r. Şahbaz bəyi qaçırtmaqdan məqsədiniz nə idi?
T a h i r ə. Onu ölümdən xilas etmək.
S ə d r. Nə üçün?
T a h i r ə. Mən onu sevirəm.

Sədr on dəqiqə tənəffüs elan edib üzvlərlə müşavirə odasına getdilər.
Bu zaman Fövqəladə komisyon sədri yanıma gəlib dedi:
- Yoldaş Fəxrəddin, mən istintaq apardığım zamandan sizin bu işdə müqəssir
olmadığınıza inanmışdım. Lakin şübhəyə salan imzanız idi. Onu da ekspertlər
tədqiq edib aydına çıxardılar. Bacınızın yox olması komisyon üzvlərinin bir
neçəsini şübhəyə salmışdı. İndi o da aydınlığa çıxdı.
Bu vaxt sədr, üzvlərlə məhkəmə salonuna daxil oldular. Sədr məhkəmənin
qətnaməsini oxudu. Mən azad olub, Tahirə həbsə alınıb yeni məhkəmə
qurulacağım elan etdi. Lakin binəva bacım yeni məhkəməni görmədi. Qətnamə
oxunduqdan sonra özü ilə gətirdiyi süleymanini içib yerə yıxıldı. Sağaltmaq
mümkün olmadı. Canını Şahbaz bəyə bağladığı eşqə fəda etdi.
XS
SM
MD
LG