Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:11

Abdulla Şaiq. Tülkü həccə gedir


1

Tülkü qocalmış idi,
Şikardan qalmış idi.
Ov keçmirdi əlinə,
Ət dəymirdi dilinə.
Həftələrlə qalıb ac,
Dolanırdı yalavac.
Ova batmırdı dişi,
Yaman keçirdi işi
Günü olmuşdu qara,
Düşündü, tapdı çara:
Təsbeh aldı əlinə,
Şal bağladı belinə,
Ayaqlarında çarıq,
Başında tirmə sarıq,
Çiynində atlaz əba,
Əlində zorba əsa.
Ağlayırdı, gedirdi,
Çölləri seyr edirdi;
Olmuşdu mömin bəndə
Çatdı böyük bir kəndə.
Kənd ağzında bir xoruz
Eşələnirdi yalqız
Gördü ki, tülkü lələ,
Girmiş başqa bir şəklə.
Gəlir təsbeh əlində,
Bir şal qurşaq belində,
Ayaqlarında çarıq,
Başında tirmə sarıq,
Çiynində atlaz əba,
Əlində zorba əsa.
Ağlayır, təsbeh çəkir,
Gözündən qan-yaş tökür...
Xoruz durub uzaqdan
Baxdı ona bir zaman
Dedi: - A tülkü lələ,
Neçin girdin bu şəklə?
Yoxsa sənə, ey baba,
Üz veribdir bir bəla?
Tülkü başın salladı,
Hönkür-hönkür ağladı.
Dedi: - A məstan xoruz,
Gözləri mərcan xoruz!
Qocalmışam, düşmüşəm,
Sizi çox incitmişəm.
Məndən daha qaçmayın.
Dərdlərimi açmayın.
Daha üzüm qaradır.
Qəlbim dolu yaradır.
Halal-haram qanmadım.
Qocalığı anmadım.
Sizi tutdum hey dedim,
Allah kərimdir! – dedim.
Yamanlıq olmuş işim,
Qanlar tökmüş bu dişim.
Mənim günahım çoxdur,
Halıma yanan yoxdur.
İndi həcca gedirəm,
Daha tövbə edirəm.
Xoruz dedi: - Baba can,
Sənə bu canım qurban!
Daha bəsdir, ağlama,
Ürəyimi dağlama!
Haqq yolunu bulmusan,
İndi mömin olmusan,
Qocalmısan, ay lələ,
Quyruğun var bir şələ.
Səni uzun yol yorar,
Məni özünlə apar.
Yolda qulluq edərəm,
Hər işinə gedərəm.
Tülkü baxdı həsrətlə,
Cavab verdi hörmətlə:
-Sağ ol, məstan xoruzum,
Sevimli, əmlik quzum,
Yollar uzun, burama.
Tez ol, gəl düş arxama
Hər gün namaz zamanı
Sən verərsən azanı.
Xoruz oldu sevincək,
Qanad gərdi yelkən tək.
Qanadını çırparaq,
Uçub gəldi qaçaraq,
Öpdü əl-ayağını,
Üzünü, qulağını.
Boynunu dimdiklədi,
Ona min dil söylədi
Tülkü, ağzında virdi,
Təsbehini çevirdi.
Ona həsrətlə baxdı;
Gözləri şimşək çaxdı.
Bir az söhbət etdilər,
Yola düşüb getdilər.

2

Gəldilər kəndə yaxın.
Toyuqlar axın-axın
Küçədə dənlənirdi,
Yem tapıb şənlənirdi.
Gördülər tülkü lələ
Giribdir başqa şəklə:
İri təsbeh əlində,
Bir şal qurşaq belində,
Ayaqlarında çarıq,
Başında tirmə sarıq,
Çiynində atlaz əba,
Əlində zorba əsa,
Gedir yol ilə birbaş,
Xoruza olmuş yoldaş.
Birdən qaqqıldaşdılar.
Bu hiyləyə çaşdılar.
Toyuq-xoruzdan biri,
Gəldi bir az irəli,
Dedi: - A lovğa tülkü,
Quyruğu darğa tülkü!
Yoxdur səndə mərhəmət,
Bizə verirsən zillət.
Gizli-gizli gecələr,
Kəndə girib bixəbər
Bizi çapır, çalırsan,
Hinə şivən salırsan.
Yoxmu bizim canımız?
Halalmıdır qanımız?
Etdik biz də bir tədbir,
Vardır yaxında çox “pir”;
Onlara ip bağladıq,
Nəzir verdik, ağladıq;
Kəsdik minlərcə qurban,
Verdik fəqirə ehsan;
Qəbul olmuş duamız,
Səni tutmuş ahımız.
Tülkü alışdı-yandı,
Əsasına dayandı;
Sonra başın salladı,
Hönkür-hönkür ağladı,
Dedi: - Düzdür, can xoruz,
Gözləri mərcan xoruz!
İndi üzüm qaradır,
Qəlbim dolu yaradır...
Yamanlıq olmuş işim,
Daşa dəysin bu dişim.
Qocalmışam, düşmüşəm,
Sizi çox incitmişəm.
Daha tövbə edirəm,
İndi həcca gedirəm...
Bu işə mat qaldılar,
Tülküyə yan aldılar,
Çaşdılar bu sözlərə,
Qan-yaş doldu gözlərə,
Söylədilər: - Ay lələ!
Qurban bu şirin dilə!
Xasiyyətin dəyişmiş.
Nə gözəl işdir bu iş!
Amandır, tülkü lələ,
Bizi apar özünlə
Tülkü dedi: - Nə olar,
Gəlin, gəlin, balalar!
Uçub gəldi cümləsi;
Toyuq-xoruzun səsi
Çulğaladı hər yanı,
Kəndi, çölü, ormanı.
Bir xoruz oldu zirək
Uçdu dama sevincək:
- Quqquluqu! – Çəkdi car, -
Olduq bizlər bəxtiyar:
Aydın olsun gözünüz,
Gəlin, görün özünüz
Tülkü olub peşiman,
Tökməyəcək bir də qan.
Mömin olmuş bu kişi,
Bizimlə yoxdur işi;
Ağlayır, tövbə edir,
Birbaşa həcca gedir,
Kənddə toyuq-cücələr,
Bundan tutunca xəbər,
Bir-birinə baxışdı,
Güyə düşdü, axışdı:
İşi doğru bildilər,
Uçub qaçıb gəldilər.
İnandılar tülküyə,
Peşiman olmuş, - deyə,
Biri öpür əbasın,
Biri dəmir əsasın,
Biri təsbeh, sarığı
Biri kirli çarığı
Batmış hamı sevincə,
Gülürlər incə-incə
Gətirdilər duz-çörək
“Dərə xəlvət, tülkü bəy”.
Dururdu kefi çox saz,
Baxırdı saymaz-saymaz
Bir az söhbət etdilər,
Yola düşüb getdilər,
Çovuş oldu birisi,
Basdı kəndi cır səsi,
Keçdi dəstə başına.
Papaq endi qaşına,
Əlində uca bayraq,
Oxuyurdu, o şaqraq
Dəstə şən, təmtəraqla,
Gedir çovuş bayraqla
Tülkü düşmüş irəli,
Arabir dönüb geri
Gizli-gizli baxırdı.
Ağzından su axırdı.
Sanki ölçüb-biçirdi,
Köklərini seçirdi.
Kəsilmişdi taqəti,
Gözləyirdi fürsəti.
Getdilər bir az daha,
Çatdılar bir səhraya
Tülkü dəyandı, durdu,
Başladı hiylə qurdu,
Dedi: - Ay canım xoruz,
Gözəl məstanım xoruz!
Namaz vaxtıdır, dayan!
Çıx ağaca ver azan.
Alıb tez dəstəmazı,
Qılaq burda namazı.
Xoruz çıxdı, ucadan
Verdi gözəl bir azan.
Tülkü dedi: - Tez durun,
Namaz üçün səf qurun!
Olsun xoruz pişnamaz,
Daha başlansın namaz!
Bağırdılar: - Yox, olmaz,
Bizim cinsə yaraşmaz.
Əslindən pişnamazlıq
Sənin şəninə layıq.
Tülkü dartdı özünü,
Turşutdu üz-gözünü,
Dedi: - Məndən çəkin əl!
Olmuşam çox bədəməl
Öldürmək olmuş işim,
Qanlar tökmüş bu dişim
Mənim kimi yaramaz
Olarmı heç pişnamaz?
Arıq xoruzun biri
Gəlib keçdi irəli
Tülkü bala yanladı,
Səfləri sahmanladı.
Kökləri düzdü sona,
Ürəyi yana-yana
Hiyləni saz eylədi.
Durdu belə söylədi:
- Mən keçmişəm ən sona.
Ürəyim dönmüş qana,
Yalvarıram yaradan
Keçsin günahlarımdan
Peşimanam işimdən,
Bezaram keçmişimdən.
Artıq tövbə etmişəm,
Ağlamaq olmuş peşəm.
Siz namazı başlayın,
Məni bir ölü sayın.
Deyib oturdu yerə,
Ağladı birdən-birə
Səflər coşub-daşdılar,
Namaza qalxışdılar.
Dörd səf düzülmüş idi,
Gözlər süzülmüş idi.
Pişnamaz dedi: - Quqqu!
Azançı: - Quqquriqu!
Oxundu qısa dua,
Əyildilər torpağa,
Tülkü qaldırdı başın,
Atdı möminlik daşın
Baxdı ora-buraya,
Göz gəzdirdi sıraya
Od parladı gözündən,
Artıq çıxdı özündən,
Sahmanladı işini,
İtilədi dişini.
Atdı təsbeh, əbanı,
Sarığı, həm əsanı.
Baxdı o yan-bu yana,
Dik atıldı meydana.
Yırğalandı quyruğu,
Boğdu on beş toyuğu...
Duyub o yerdə qalan,
Qurtardı tülküdən can.
Uçdu hərə bir yana,
Düzə, çölə, ormana
Çölü basdı qışqırıq,
Qopdu böyük fısqırıq.
Tülkü işin bitirdi,
Ovlarını gətirdi,
Çıxdı bir göy yamaca,
On gün yedi doyunca.
XS
SM
MD
LG