Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:07

Wall Street Journal: ABŞ Maduro ilə onun vəzifədən getməsini müzakirə edib


Nikolas Maduro
Nikolas Maduro

ABŞ bu yaxınlarda üçüncü dəfə Venesuela prezidenti olmuş Nikolas Maduroya ona narkotik qaçaqmalçılığına dair ittihamla bağlı əfvin müqabilində vəzifəsindən getməyi təklif edib.

Bunu The Wall Street Journal qəzeti bu danışıqların iştirakçısı olmuş üç mənbəyə istinadla yazır.

Maduronun növbəti inauqurasiyası 2025-ci ilin yanvarında olmalıdır.

Qəzetin mənbələrindən biri deyib ki, ABŞ Maduronun prezident postundan getməsi üçün “mümkün olan hər şeyi” təklif edib.

Xəbərdə deyiir ki, ABŞ hökuməti Maduroya və Venesuelanın başqa yüksək vəzifəli şəxslərinə ekstradisiya məqsədi ilə təqib olunmayacaqlarını vəd edir.

2020-ci ildə ABŞ Maduronu Birləşmiş Ştatları “kokainlə doldurmaq” cəhdlərində ittiham etmiş və bunun sübutu üçün 15 milyon dollar mükafat təyin etmişdi.

Maduro etirazçılara həbsxanalar vəd edir

ABŞ müxalifət nümayəndəsi Edmundo Qonsalesi iyul ayında keçirilmiş son prezident seçkisinin qalibi kimi tanıyıb.

Bundan əvvəl Qonsales və seçkilərə buraxılmamış müxalifət lideri Mariya Korina Maçado seçki dairələrinin 80 faizinin protokollarını dərc etmişdilər. Bu göstəricilərdən məlum olub ki, Qonsales seçkidə böyük səs fərqi ilə qalib gəlib.

Maduronu qalib elan etmiş Milli Seçki Şurası seçki protokollarını indiyədək dərc etməyib.

Seçki nəticələri protokollarının açıqlanmasından sonra Venesuelada kütləvi etiraz aksiyaları başlayıb. Hakimiyyət 2400-dək aksiya iştirakçısını saxlayıb. Daha 20 nəfərin həlak olduğu xəbər verilir.

Maduro etirazçılar üçün iki yeni həbsxana tikməyi və əksər etirazçıları katorqa işlərinə göndərməyi vəd edib.

Vaxt daralır

WSJ-nin məlumatına görə ABŞ Maduro ilə danışıqlara hələ seçkidən əvvəl başlayıb. Venesuela müxalifəti seçki nəticələrinin saxtalaşdırılacağından əmin idi.

O vaxt Maduro hakimiyyətdən getməsinin şərtlərini müzakirə etməkdən boyun qaçırmışdı.

Yaxın çevrəsindən gələn məlumatlara görə, o bunu heç indi də etmək istəmir.

Qəzet vurğulayır ki, razılaşmanın bağlanması üçün o qədər də çox vaxt qalmayıb.

Əgər ABŞ seçkisində Donald Tramp qalib gələrsə, danışıqlar dayandırıla bilər.

Tramp indiki prezident Co Baydenlə müqayisədə Maduroya qarşı daha sərt mövqe tutur.

XS
SM
MD
LG