Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:42

ABŞ Qırğızıstan şirkətlərinə sanksiyalar qoydu


Rusiya və Qırğızıstan prezidentləri Vladimir Putin və Sadır Japarov
Rusiya və Qırğızıstan prezidentləri Vladimir Putin və Sadır Japarov

Birləşmiş Ştatlar Qırğızıstanın 4 şirkətini sanksiya siyahısına daxil edib.

ABŞ Maliyyə Nazirliyinin verdiyi məlumata görə sanksiya siyahısına daxil edilmiş şirkətlərin arasında RM Design and Development şirkəti də var.

Nazirliyin məlumatında deyilir ki, 2022-ci ilin martında yaradılmış bu şirkət elektron və kommunikasiya avadanlığının, habelə bunlar üçün komplektləşdirici hissələrin satışı ilə məşğul olur:

"RMDD şirkəti yaradıldığı andan bəri Rusiyaya, o cümlədən Rusiya müdafiə müəssisələrini elektronika ilə təchiz edən firmalara fəal şəkildə ikili təyinatlı mallar satır”.

ABŞ-ın sanksiya siyahısına habelə Qırğızıstanın GTME Texnologii, Proqres Lider və Cargoline şirkətləri daxil edilib.

Qeyd olunur ki, bu şirkətlərin hamısı Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra yaradılıb.

İvanovanın Qırğızıstanda yaratdığı şirkət

GTME Texnologii 2022-ci ilin iyununda təsis olunub. Onun əsas sifarişçisi Rusiyanın elektron və rəqəmsal təchizatçısı Technologies Systems and Complexes Limited şirkətidir.

Proqres Lider şirkətini ötən ilin martında Rusiya vətəndaşı Tatyana İvanova açıb. O Rusiyanın SiAySi şirkətinin sahibi və baş direktorudur. İvanovanın Qırğızıstanda yaratdığı şirkət məhz onun özünün rəhbərlik etdiyi SiAySi firmasını elektron mallarla təchiz edir.

Cargoline şirkəti isə Rusiyaya milyonlarla dollarlıq xarici aviasiya avadanlığı satır. Şirkətin müştəriləri arasında ABŞ-ın ticarət məhdudiyyətləri tətbiq etdiyi şirkətlər də var.

ABŞ Maliyyə Nazirliyi Qırğızıstan şirkətlərinin müştəriləri olan Rusiya şirkətlərini də sanksiya siyahısına salıb.

Bunlar Bazis Treyd Prosoft, Radiotexsnab, Region-prof, Texnologiyalar, sistemlər və komplekslər və SiAySi şirkətləridir.

ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir ki, Rusiya şirkətləri sanksiyalı elektron malların idxalını davam etdirə bilmək üçün Rusiya xaricindəki araçılardan və araçı təchizat məntəqələrindən istifadə edir. Məlumatda deyilir ki, bu sahədə ən fəal araçı isə Qırğızıstan şirkətləridir.

Nazirlik qeyd edir ki, Qırğızıstanın təchiz etdiyi mallar sonradan Rusiya müdafiə sektorunun müəssisələrinə çatdırılır.

Bundan əvvəl

ABŞ-ın Qırğızıstan üzərinə sanksiyalar qoymağa hazırlaşdığı barədə ilk dəfə The Washington Post qəzeti iki gün əvvəl yazmışdı.

WP açıq sənədlərə istinadla yazırdı ki, bu il Qırğızıstandan Rusiyaya ixracın həcmi 2022-ci illə müqayisədə 250 faiz artıb.

Sənədlər habelə göstərir ki, Qırğızıstan şirkətləri Çin və Cənubi Koreya şirkətlərindən həm də hərbi sənayedə istifadə olunan yarımkeçiricilər və gərginlik tənzimləyiciləri də daxil elektron malları alaraq sonradan Rusiyaya satır.

Məqalədə deyilir ki, sanksiyalardan yan keçən belə təchizat sxemləri Rusiya xüsusi xidmətlərinin iştirakı ilə həyata keçirilir.

Qəzet bildirir ki, Qırğızıstanın Vaşinqtondakı səfirliyi vəziyyəti şərh edərkən Bişkekin beynəlxalq normalara əməl etdiyini, qaçaqmalçılığın və qanunsuz ticarətin başqa növlərinin qarşısını aldığını bildirib.

Səfirliyin bildirdiyinə görə Qırğızıstandan Rusiyaya ixracın kəskin artım rəqəmlərinə səbəb yüklərin izlənməsi üçün daha mükəmməl yeni elektron sistemlərin tətbiqi ola bilər.

Səfirlik sanksiyaların pozulması hallarının olduğunu etiraf edib, amma tənqidçiləri “məsələnin real iqtisadi kontekstini” nəzərə almağa çağırıb.

XS
SM
MD
LG