Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:17

Overçuk: ‘Ermənistan və Azərbaycan arasında nəqliyyat Rusiyanın iştirakı olmadan açıla bilməz”


Rusiya baş nazirinin müavini Aleksey Overçuk
Rusiya baş nazirinin müavini Aleksey Overçuk

Ermənistan və Azərbaycan öz sərhədlərini ticarət və səfərlər üçün “yalnız Rusiyanın iştitrakı ilə” aça bilərlər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

MDB dövlət başçılarının Moskvada keçirilən sammitinin sonunda Overçuk Ermənistanın Rusiyanın bu prosesdə iştirak etməsini istəmədiyini deyib.

O xatırladıb ki, Yerevan artıq bir ilə yaxındır ki, Ermənistan-Azərbaycan nəqliyyat kommunikasiyalarının açılışı ilə məşğul olan üçtərəfli Rusiya-Ermənistan-Azərbaycan komissiyasındakı fəaliyyətini dondurub.

Hərənin bir cür yozduğu 9-cu maddə

Azatutyun xatırladır ki, sözü gedən komissiya 2020-ci il 9 noyabr atəşkəs razılaşmasına dair üçtərəfli bəyanatın həyata keçirilməsi üçün yaradılıb.

Bu bəyanatın 9-cu maddəsində deyilir ki, Yerevan Sünik vilayətindən keçərək Azərbaycanı Naxçıvanla bağlayan dəhlizin açılmasına öhdəlik götürür. Lakin Moskvanın fikrincə, həmin maddədə bu da deyilir ki, bu dəhlizlə adamların, nəqliyyat vasitələri və yüklərin keçidinə Rusiya sərhədçiləri nəzarət etməlidirlər. Hazırda Moskvanı hər şeydən çox məhz bu müddəa narahat edir.

Rusiya xarici işlər naziri Sergey Lavrov ötən avqustda nəqliyyat kommunikasiyasının açılmasını məhz Yerevanın əngəllədiyini bəyan etmişdi. Baş nazir Nikol Paşinyan və rəsmi Yerevan Lavrovun bu ittihamını sərt bir şəkildə rədd etmişdilər.

Yerevan israr edir ki, sözü gedən 9-cu maddə Naxçıvanla Azərbaycan arasında hərəkəti Rusiya sərhədçilərinin müşayiət etməsini nəzərdə tutmur. Ermənistan, üstəlik Ermənistanın sərhəd və gömrük postlarına Rusiya sərhədçilərinin nəzarətini də qəbul etmir.

Paşinyan sözünü MDB sammitində də deyib

Bunu baş nazir Nikol Paşinyan Moskva sammitindəki çıxışında bir daha xüsusilə vurğulayıb:

“Ermənistanın guya öz suveren ərazisində kommunikasiyalara üçüncü ölkələrin nəzarət etməsinə razılıq verməsinə və guya belə bir icazəni ehtiva edən hər hansı sənədin varlığına dair bütün iddialar sadəcə olaraq doğru deyil. Öz ərazisində təhlükəsizliyi təmin etmək hər bir ölkənin suveren vəzifəsidir”.

Ötən ay Yerevana səfər edən Overçuk israr etmişdi ki, Cənubi Qafqazdan keçən kommunikasiyalar bölgə ölkələrinin suverenliyinə xələl gətirməməlidir.

Ermənistanın siyasi təhlilçilərindən Tiqran Qriqoryan Azatutyuna deyib ki, bu məsələ Rusiya Qarabağı tərk etdikdən sonra, indi Moskva üçün son dərəcə əhəmiyyətlidir.

Şərhçinin sözlərinə görə indi regiona təsir göstərmək ün Moskvanın çox az alətləri qalıb.

“Hər hansı özəl şirkət” – ABŞ-ın təklifi

Qriqoryanın sözlərinə görə Azərbaycan “Zəngəzur dəhlizi” adlandırdığı yola Rusiyanın nəzarət etməsinə qarşı deyil, amma hər hansı “qeyri-Rusiya” nəzarətinin olmasına da etiraz etməzdi.

Şərhçi deyib ki, Ermənistan hökuməti ABŞ-ın məsləhəti ilə bu dəhlizdə gömrük və sərhəd xidmətinin xarici bir şirkətə həvalə olunması məsələsini nəzərdən keçirirdi:

“Amma problem burasındadır ki, bu variantda qarşılıq prinsipi pozulur. Azərbaycan birtərəfli həll yolu istəyir, amma özəl şirkət yalnız Ermənistan ərazisində fəaliyyət göstərəcək”.

Paşinyan avqustun 31-də demişdi ki, onun hökuməti hər hansı xarici özəl şirkətin Naxçıvanla Azərbaycan arasında kommunikasiyanın “əlavə təhlükəsizliyini” təmin etməsinə hazırdır.

Xarici işlər naziri Ararat Mirzoyan daha sonra izah etmişdi ki, özəl şirkət sözü gedən yolda adamları və yükləri müşayiət etsə də, Ermənistanın gömrük və sərhəd xidmətlərini əvəz etməyəcək.

Azərbaycan XİN bildirmişdi ki, belə bir variant rəsmi Bakını qane etmir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Daha sonra Rusiya sülhməramlıları Azərbaycan ərazisindən çıxarılıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG