Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:38

Almaniya 'Şimal axını' kəmərinin partladılması ilə bağlı həbs orderi verib


Almaniya Baş Prokurorluğu Rusiyanın “Şimal axını” qaz kəmərlərinin partladılması işi üzrə bir ukraynalının həbsinə order verib.

Süddeutsche Zeitung və Die Zeit qəzetlərinin jurnalistləri yazırlar ki, bu iş üzrə üç ukraynalı dayvinq təlimatçısı fiqurant hesab olunurlar.

Həbs orderi bunlardan yalnız biri – Vladimir Z. üçün verilib. İstintaqın versiyasına görə o əlbirləri ilə birlikdə partlayıcıları qaz kəmərinə yapışdırıb.

Bu da xəbər verilir ki, sözü gedən şəxs ailəsi ilə birlikdə Varşava ətraflarında yaşayıb. Onun həbsi barədə order hələ iyun ayında verilsə də, bu barədə məlumat yalnız indi yayılıb.

Digər iki fiqurant ər-arvad Svetlana U.Yevgeni U. kimi təqdim olunurlar.

İddia olunur ki, onlar Ukraynadakı dalğıc məktəbinə rəhbərlik ediblər. Vladimir Z. isə həmin məktəbdə təlimatçı olub.

Svetlana jurnalistlərə deyib ki, Vladimiri tanımır və “Şimal axını” kəmərlərinə bomba hücumu barədə heç nə bilmir. O deyib ki, həmin vaxt ümumiyyətlə Bolqarıstanda olub. Onun əri suallara yazılı qaydada cavab verə biləcəyini deyib.

Fiqurantlar

Polşa hakimiyyət orqanları Almaniyadan order aldığını təsdiq edib, lakin bildirib ki, həmin şəxs Ukraynaya qaçıb. Vladimir bu işdə təqsirli olmadığını bildirir.

Ümumiyyətlə isə qaz kəmərinin partladılması işi üzrə Vladimir Z. da daxil, 6 fiqurant var. Bunlardan beşi kişi, biri qadındır.

İstintaqın versiyasına görə onlar 2022-ci ilin sentyabrında Rostokdakı Xoe-Dyune portundan “Andromeda” adlı yaxta ilə dənizə çıxıblar.

Almaniya prokurorluğu iddia edir ki, bu yaxta Rügen, Bornholm, Kristiansö, Sandhamn adalarında və Kolobjeqe şəhərində dayandıqdan sonra Rostoka qayıdıb.

İstintaq iddia edir ki, dalğıclar kəmərlərə partladıcı qurğuları məhz həmin müddətdə qoyublar.

2022-ci ilin sentyabrında baş vermiş partlayışlar nəticəsində “Şimal Axını-1” və “Şimal Axını-2” kəmərlərinin 4 qolundan üçü zədələnib.

Qaz kəməri bərpalıq deyil

Partlayışların güclü olduğu bildirilir. Hadisə yerinin təhqiqatında iştirak etmiş Blueye Robotics firması bildirir ki, 80 metr su dərinliyində boruların bütöv hissələri ya yoxdur, ya da ətrafa səpələnib.

Almaniya prokurorluğu bunu da bildirir ki, şübhəlilərlə Ukrayna dövlət strukturları arasında hər hansı əlaqə aşkar olunmayıb.

O vaxt Ukrayna prezidenti Volodimir Zelenski və Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov hakimiyyətin bu partlayışlarla əlaqəsinin olmadığını bildirmişdilər.

2024-cü ilin əvvəllərində Danimarka və İsveç bu işin araşdırmasını dayandırıblar.

Rusiya təhqiqatda iştirak etmir. Moskva Baltik dənizinin dibi ilə çəkilmiş kəmərlərin partladımasına görə ABŞ, Britaniya və Ukraynanı ittiham edir. Vaşinqton, London və Kiyev bu ittihamı rədd edirlər.

Ekspertlər deyirlər ki, boru kəmərlərinin bərpası texniki cəhətdən mümkün deyil.

XS
SM
MD
LG