Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:55

İranla sərhəddə: 'Nəzarət var, amma alver də gedir'


Mağazalarda İran malları satılır
Mağazalarda İran malları satılır

Astara sərhəd-keçid məntəqəsinin önündəki mağazalarda, əsasən, İran malları satılır. Burada ərzaq, yuyucu tozlar, xalçalar, qab-qacaq, müxtəlif konservlər, hətta dərmanlar da var. Mağazalarda sifariş də qəbul olunur. Sərhədyanı ticarətlə məşğul olan mağaza sahibinin dediyinə görə, yay mövsümündə alıcıların sayı artıb: "Turistlər də gəlir. İran sərhədi onlar üçün maraqlıdır. Burada malların qiyməti aşağıdır. Hər dəfə İran rialı Amerika və Azərbaycan manatına nisbətən dəyərdən düşəndə İran mallarının qiyməti düşür. Hər gün İrandan maşınla bura mal gəlir. Kim hansı malı istəyir, gətizdirir, problem yoxdur. Əvvəllər çətin idi. Kim telefonla İranla əlaqə saxlayırdı, onu aparırdılar. İndi belə hallar yoxdur, sakitlikdir. Çörəyimiz burdan çıxır. Ticarətlə məşğuluq".

Söhbətinə fasilə verib yaxınlıqda dirəyə bərkidilmiş kameranı göstərir: "Nəzarət var, amma alver də var".

"Oradakı böhran tacirləri borca salıb"

Söhbətə qoşulan digər satıcı da İran mallarının qiymətində azalma olduğunu deyir. Onun mağazası Astara sərhəd-keçid məntəqəsində yerləşir: "İranla manatla, Amerika dolları ilə alış-veriş edirik. İran puluna etibar yoxdur. İran Astarasında tanışım var, onunla alver edirəm. Daha telefonla danışmıram, nömrəni pozmuşam. İrana gedən maşına tapşırıram, malları gətirir. İranlı mənə borcludur. Oradakı böhran tacirləri borca salıb. Elə mallar var ki, burada satılmır. İstəmədiyim halda, hər dəfə o maldan göndərir. Əvvəlki kimi böyük dövriyə yoxdur".

Onun sözlərinə görə, sərhədyanı ticarətlə məşğul olanların sayı çox azalıb. Mağaza sahibi İranla alış-verişdə dil problemi olmadığını, hər iki tərəfdən yaşayan azərbaycanlıların Azərbaycan dilində danışdığını qeyd edir: "İranla münasibətlər pozuldu, işimiz çətinə düşdü. Piyada keçid açıq olanda sərhəddən iki-üç min adam evinə çörək aparırdı. Elə mağazalar var ki, bağlıdır. Son günlər alış-veriş bir az canlanıb. İrandan gələn yuyucu toz mağazalarda satılan digər tozdan 2 manat ucuzdur, ona görə bura gəlirlər. İranda səfirliyimizdə baş verən hadisələr, müharibə dövründə İranın mövqeyi alış-verişə mənfi təsir etdi. Karantin oldu".

İrana gedən yük maşınları
İrana gedən yük maşınları

Bakının Tehranla münasibətləri son aylar gərginləşib. Yanvarın sonunda Tehrandakı səfirliyə silahlı hücumda bir nəfər həlak olub. Azərbaycan səfirliyin fəaliyyətini dayandırıb, bu hücumu "terror aktı" adlandırıb. Bakı İrana getməməklə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

"Bu taya İran vətəndaşı gəlmir"

AzadlıqRadiosunun müxbiri Astara şəhərində İran malları satan mağazaların sayının artdığını müşahidə edib.

Astara sərhəd-keçid məntəqəsindən Bakıya sərnişin daşıyan maşının sürücüsü isə qazancın azlığından gileylənir. İrana piyada keçid bağlı olduğundan ziyarətlər kəskin azalıb: "Məşhəd şəhərinə ziyarətə gedənlər olardı, indi o da yoxdur. İrana heç kim getmir. İranla bağlı olanları həbs etdilər, buna görə camaat qorxur. Bu taya İran vətəndaşı gəlmir. Sadəcə bura bizim dayanacağımıza çevrilib. Kim minik maşını ilə Bakıya getmək istəyir, bura gəlir. Hər il məhərrəmlik ayında buraya iranlılar gələrdi. Məhərrəmlik başlasa da, gəlmirlər. Bu il Novruz bayramında da gəlmədilər. Sovet dövründə də belə idi. İrana ancaq yük maşınları işləyərdi. Qazanc azdır. Bakıya adambaşına 15 manata aparırıq. Elə ay olur ki, əlimizə bir manat gəlmir. Bahaçılıqdır".

Yük terminalı açılıb

Yük maşınları isə İrana fasiləsiz işləyir. İrana gedən yolda Rusiyaya, Ukraynaya, Türkiyəyə və Azərbaycana məxsus yük maşınları görünür. Sürücülərdən biri deyir ki, İran tərəfi Azərbaycana məxsus yük maşınlarının rüsumunu 500 manat artırıb: "İran gömrüyünə girmək üçün bizdən əlavə olaraq 500 manat tələb edirlər. Şikayət etmişik. Deyirlər ki, danışıqlar gedir. Biz elə o pula baxırıq. Yük maşını şirkətə məxsus olanda belə problemləri şirkət həll edir. Şəxsi maşın olsa, vay halına. Maşının ehtiyat hissələrinin qiyməti bir dəfə bahalaşıb. Maşının təkcə təkərlərinin qiyməti 10 min manata yaxındır. İranda ərik vurmuşam, Rusiyaya aparmalıyam. İrandan Rusiyaya kənd təsərrüfatı məhsulları, Azərbaycana isə, əsasən, tikinti materialları daşınır. Ölkələr arasında gərginlik yarananda bizi İran tərəfi incidir. Bizim günahımız nədir? Üç-dörd ay bundan əvvəl Rusiya maşınları çox idi, indi azalıb. İndi Rusiyada da kənd təsərrüfatı mövsümü vaxtıdır".

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, sərhəd yaxınlıqda yerləşən, uzun müddət bağlı qalan yük terminalının fəaliyyəti bərpa olunub. Yük maşınları yollarda yox, terminalın həyətində növbəyə dururlar.

İyulun 5-də Bakıda səfərdə olan İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ölkəsinin məhkəmə və hüquq-mühafizə orqanlarının Azərbaycan səfirliyinə terror aktını çox ciddi araşdırdığını deyib. O, Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini tezliklə bərpa edəcəyinə ümidini bildirib.

XS
SM
MD
LG