Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 22:11

'Onu... prezident kimi dəstəkləməyiblər'. ATƏT-in seçkilərlə bağlı hesabatından razılar, narazılar...


ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun mətbuat konfransı. 29 dekabr 2023
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun mətbuat konfransı. 29 dekabr 2023

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Seçki Müşahidə Missiyasının (SMM) Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı aralıq hesabatına maraqlı tərəflərin münasibəti fərqlidir.

Hesabatda bildirilir ki, parlamentə daxil olmayan əsas müxalifət partiyalarından heç biri seçkiyə qatılmır, biri isə boykot çağırışı ilə çıxış edir. Əlavə olunur ki, təyin olunan müddətdə yeddi namizəd qeydə alınıb: "Hazırkı prezidentlə bərabər bu seçkilərə qatılan digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti açıq şəkildə dəstəkləyib".

Sənəddə seçkiöncəsi jurnalist həbslərinə diqqət çəkilir, təşviqat müddətinin azaldılmasından bəhs edilir.

E.Nəsirov
E.Nəsirov

"Onlar hər şeyi lupa altında yoxlayıblar"

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Nəzarət-Təftiş Komissiyasının üzvü, deputat Elman Nəsirov "Turan"a bildirib ki, Azərbaycan cəmiyyətində ATƏT DTİHB-in seçki haqda hər hansı bir müsbət, reallığa tam uyğun mövqe sərgiləyəcəyi ilə bağlı inam yoxdur: "Bu da təsadüfi deyil. Əvvəlki seçkilərdə də onlar hər şeyi lupa altında yoxlayıblar və neqativlə dolu, obyektivlikdən uzaq bir mövqe sərgiləyiblər. Bir çox hallarda onlar Bakıya hazır hesabatlarla gəliblər və sonra texniki düzəlişlər ediblər".

F.Mustafa
F.Mustafa

"Öz dövlətinə bağlı partiyalar Ali Baş Komandan kimi..."

Prezidentliyə namizəd, deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın sözlərinə görə, DTİHB "yaxın keçmişdə" dedikdə nəyi nəzərdə tutduğunu izah etməlidir: "Yaxın keçmişdə Azərbaycan Qarabağda savaş aparıb. Bu dövrdə Azərbaycanda öz dövlətinə, vətəninə bağlı olan bütün partiyalar Ali Baş Komandan kimi İlham Əliyevi dəstəkləyiblər. Hansısa partiyalar onu YAP-ın sədri kimi və yaxud da prezident kimi dəstəkləməyiblər. Ona görə də hesabatdakı bu yanaşma olduqca absurddur".

A.Hacılı
A.Hacılı

"Hər kəsə məlumdur ki..."

Seçkilərə qatılmayan Müsavat Partiyasının başqanı Arif Hacılı isə bildirib ki, DTİHB-in Seçki Müşahidə Missiyasının hesabatı mövcud vəziyyətin konstatasiyası kimi qiymətləndirilə bilər: "Çünki hər kəsə məlumdur ki, ölkənin gerçək müxalifəti seçkiləri boykot etdi. Eyni zamanda, televiziyalarda gedən debatlarda və ya namizədlərin açıqlamalarında açıq-aydın görsənir ki, digər namizədlər öz namizədliklərindən daha çox dövlət başçısının təbliğatı ilə məşğuldurlar".

M.Məmmədzadə
M.Məmmədzadə

"Bir az yumşaq formadadır"

Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə isə AzadlıqRadiosuna xatırladıb ki, ATƏT-in DTİHB Seçki Müşahidə Missiyası Azərbaycana bir az gec - dekabrın 29-da gəlib və yanvarın əvvəlindən müşahidəyə start verib: "Aralıq hesabat hələ seçkinin müəyyən hissəsini əhatə edir, əsas rəy 8 fevralda, yekun hesabat isə Konstitusiya Məhkəməsinin qərarından sonra olacaq. Orada daha detallı, təfsilatlı şəkildə seçki prosesi ilə bağlı rəy veriləcək".

Ekspertin fikrincə, indiki rəylə bağlı əvvəlki illərin təcrübəsinə əsaslanıb demək olar ki, bir az yumşaq formadadır və texniki məsələləri əhatə edir: "Amma bu hesabatda da sərbəst toplaşmaq azadlığı, medianın vəziyyəti, siyasi partiyalar və media haqqında qanunların məsələsi də kifayət qədər əhatə olunub".

Yazıda hesabatla bağlı səslənən fikirlərə DTİHB Seçki Müşahidə Missiyasından münasibət almaq mümkün olmayıb. Hələlik, seçkilərin monitorinqini bu qurumdan yanvarın əvvəlində gələn 26 uzunmüddətli müşahidəçi həyata keçirir. Onun qısamüddətli missiyası Azərbaycana gəlməyib. DTİHB-in ümumilikdə 300 civarında müşahidəçisi olmalıdır.

Müxalifət 'siyasi tamaşa', hakimiyyət 'məğlubiyyətdən qorxur' deyir - 7 fevral seçkiləri
Gözlə

No media source currently available

0:00 0:14:09 0:00

Xatırlatma

Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Qanunvericiliyə əsasən, növbəti prezident seçkiləri 2025-ci ildə keçirilməli idi. Prezident İlham Əliyev seçkinin tarixinin bir il önə çəkilməsini artıq Azərbaycanın bütün ərazilərində suverenliyin bərpa olunması ilə izah edib. (2020-ci ildə Ermənistanla 44 günlük savaş, ötən il isə qısa hərbi əməliyyatlarla Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad edilib)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat kimi bəzi müxalifət qüvvələri isə bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin əslində rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər. Onlar bu seçkilərdə iştirak etməyəcəklərini açıqlayıblar. Rəsmilər isə deyir ki, ölkədə azad və ədalətli seçkilər üçün bütün imkanlar var.

ATƏT 2018-ci ilin aprelində növbədənkənar prezident seçkilərinin məhdudlaşdırıcı siyasi mühitdə, fundamental hüquq və azadlıqları məhdudlaşdıran qanunlar çərçivəsində keçirildiyini bildirmişdi.

2020-ci ilin fevralında isə növbədənkənar parlament seçkilərini beynəlxalq missiya belə qiymətləndirmişdi: "Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanın parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb".

XS
SM
MD
LG