Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:48

Avropa İttifaqı Gürcüstanın yeni qanun layihələri paketini pisləyib


Tbilisidə LGBT icmasına qarşı etiraz aksiyalarından birində
Tbilisidə LGBT icmasına qarşı etiraz aksiyalarından birində

Avropa İttifaqı Gürcüstan parlamentinin “ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihələri paketinin ikinci oxunuşda qəbul etməsini pisləyib.

Bu barədə Aİ Xarici Fəaliyyət İdarəsinin rəhbəri Jozep Borrelin sözçüsü Piter Stano bildiib.

Aİ-nin bəyanatında deyilir ki, təklif edilən qanun layihələri Gürcüstan əhalisinin təməl haqlarını pozur, əhalinin bir qisminə “damğa vurulması” və diskriminasiyası təhlükəsi yaradır.

Paketə 19 qanun layihəsinin daxil edildiyi bildirilir. Gələcək qanunlar LGBT+ insanlarının və eynicinsli cütlüklərin hüquqlarını məhdudlaşdırır.

Belə şəxslərin uşaq övladlığa götürməsi və ya onların himayəsinə uşaq verilməsini qadağan edir. Qanun layihələri habelə gey-paradların keçirilməsini qadağan edir. Hakimiyyətin fikrincə belə tədbirlər eynicinsli nikahları və transgender keçidini populyarlaşdırır.

Deputatlar habelə mayın 17-sinin – “Ailə müqəddəsliyi gününün” yeni dövlət bayramı kimi qeyd olunmasını təklif ediblər.

Həmin gün dünyanın bir çox ölkələrində homofobiya və transfobiyaya qarşı mübarizə günü kimi qeyd olunur və LGBT icmasına dəstək aksiyaları keçirilir.

Senzura

Qanun layihələrində habelə müəlliflərin bədii əsərlərdə, ədəbiyyatda, tamaşalarda, rəsmlərdə “eynicinsli nikahları və ya insesti” təbliğ etməmələri üçün xüsusi nəzarət komissiyasının təsis edilməsi təklif olunur.

Qanun layihəsinə görə belə kontent əsərlərdən ya çıxarılmalı, ya da onların nümayişi və yayılması qadağan olunmalıdır.

Avropa İttifaqı Gürcüstan hakimiyyətinə xatırladır ki, insan haqlarının təminatı və müdafiəsi İttifaqın genişlənməsinin əsasını təşkil edir:

"Avropa İttifaqı Gürcüstan hakimiyyətini bu qanun layihəsi paketinə tamamilə yenidən baxılmasına çağırır. Belə layihə, məhdudiyyətləri və əlavə olaraq “xarici təsirin şəffaflığı” qanunu ilə birlikdə Gürcüstan və Avropa İttifaqı arasında münasibətləri daha da kəskinləşdirəcək. Avropa İttifaqı xatırladır ki, Gürcüstanın üzvlüyə qəbul olunması prosesi faktiki olaraq dayandırılıb və İttifaq Gürcüstanı Aİ ilə inteqrasiya yoluna qayıtmağa çağırır”.

XS
SM
MD
LG