Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 16:18

Azərbaycan AŞPA-ya qayıtmaq istəyir, istəmir…


Avropa Şurası Azərbaycana sanksiya qoya bilərmi? 'Erməni sakinləri inandırmağa çalışmalıdır'
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

Avropa Şurası Azərbaycana sanksiya qoya bilərmi? 'Erməni sakinləri inandırmağa çalışmalıdır'

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın bu quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib.

"Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen deyib.

İndi Azərbaycan hökumətinin buna hazır olub-olmaması sualı aktuallaşır.

"Hökumət AŞPA-ya qayıtmaqda səmimidirsə…"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı deyir ki, bu ilin əvvəlində AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatı təsdiqlənməyəndə ölkədə insan hüquqlarının vəziyyəti önə çəkilib: "İndi yenidən mandatı təsdiq etsələr, özlərini təkzib kimi çıxacaq".

Süleymanlının fikrincə, müəyyən addımlar atılmalıdır ki, qarşılıqlı güzəşt olsun. O hesab edir ki, əgər hökumət AŞPA-ya qayıtmaq istəyirsə, hansısa addımların atılmasını da fikirləşir: "Hökumət AŞPA-ya qayıtmaqda səmimidirsə, arzulamasa belə yenidən o addımları atmalıdır. Güman ki, hökumət bunları hesablayıb, əks təqdirdə, mənasız olardı".

Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev

"Qətnamələrin ruhuna əlavə yamaq kimi görünür"

Mövzu ilə bağlı, hələlik, hökumət rəsmiləri ilə danışmaq mümkün olmayıb. Amma "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev AzadlıqRadiosuna deyib ki, rəsmi Bakı Avropa Şurası ilə əməkdaşlığa həmişə hazır olub: "Əvvəlki illərdə bu açıq şəkildə görünürdü. Amma Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra Avropa Şurasının qərəzli münasibəti üzə çıxdı. Görünür, separatçılar və terrorçulara qarşı antiterror əməliyyatı Avropa Şurasının xoşuna gəlmədi və bu yöndə qərəzli qətnamələr qəbul edildi. Halbuki ərazilər 30 ilə yaxın işğal altında olanda Avropa Şurasının Ermənistana qarşı təpkiləri bu miqyasda deyildi. Sual yaranır: niyə 30 ildə faktaaraşdırıcı missiya bir dəfə həmin ərazilərə getmədi? O ki qaldı insan hüquqları ilə bağlı pozuntuların göstərilməsinə, qətnamələrin ruhuna əlavə yamaq kimi görünür".

Bu ilin əvvəli…

Bu il yanvarın 24-də AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyib. Buna Azərbaycanın 23 il öncə Avropa Şurasına qoşulanda götürdüyü əsas öhdəliklərini yerinə yetirməməsi səbəb göstərilib. Bakının təşkilatın prinsiplərini pozması, ölkədə insan hüquqlarının durumu, siyasi məhbusların sayının artması əsas gətirilib.

'İlham Əliyev bizimlə oyun oynayır...' - AŞPA deputatı
Gözlə

No media source currently available

0:00 0:06:36 0:00

Bu qərar hələ verilməmişdən Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumla işbirliyini qeyri-müəyyən müddətə dayandırdığını elan edib. Nümayəndə heyətinin bəyanatında deyilirdi ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra "qarayaxma kampaniyası" ilə üzləşib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla (Qarabağ daxil) ərazilərinə nəzarəti bərpa edib. Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi. Ötən il Qarabağda aparılan birgünlük əməliyyatı Ermənistan "etnik təmizlənmə" adlandırmışdı. Həmin vaxtdan sonra da Qarabağdan erməni əhali köç edib.

"Bunlar təəssüf doğurur"

Bütün bunlarla belə, Nuriyev insan hüquqları ilə bağlı hər zaman problemlərin olduğunu da əlavə edib: "Bilirsiniz, liberal dəyərlərlə bağlı məsələdə selektiv yanaşma var, ona görə bunlar təəssüf doğurur. Mən bütün bunlara rəğmən, pozuntuların olduğunu inkar etmirəm. O yerdəki idarəetmə var, orada məmurun hər zaman öz səlahiyyətlərindən sui-istifadə halları da olacaq. Ona görə müdafiə vasitələri də mövcuddur".

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

"Mayda əfv sərəncamı imzalanarkən…"

Bəşir Süleymanlı isə bugünlərdə Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri Qubad İbadoğlunun (saxta pul əldə etmə və başqa qanunsuz əməllərdə ittiham edilir, ittihamları qurma sayır) ev dustaqlığına buraxılması fonunda bir sıra addımların atılmasını da vacib sayır: "Mayda gəzlənən əfv sərəncamı imzalanarkən hazırda həbsdə olanların bir qisminin adı siyahıya salına bilər. İkincisi, COP29 (Bu ilin dekabrında BMT-nin İqlim Dəyişikliyi Konfransı Bakıda keçirilməlidir) ərəfəsində vətəndaş cəmiyyətinin fəallığının artırılması istiqamətində başqa bir addım atılar. Digər məsələ ondan ibarətdir ki, qeyri-rəsmi məlumatlara görə, iyul və ya avqustda parlament seçkiləri gözlənilir. Tədbirdə Avropa Şurasının təmsil olunması üçün dəvət göndərərlər".

Hüquq müdafiəçisi xatırladır ki, son günlər Ermənistan və Azərbaycan arasında pozitiv münasibətlər sezilir: "Prosesin davamı gəlsə, sülh müqaviləsi imzalansa, Avropa Şurası tərəfindən müsbət qarşılanar".

Xatırlatma

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olub. Həmin vaxt Azərbaycan demokratiya, insan haqları və bir sıra başqa məsələlərlə bağlı üzərinə öhdəliklər götürüb.

XS
SM
MD
LG