Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:37

Cəbhəçi cərimələndiyini, oğluna isə 30 sutka verildiyini deyir


Fəzail Əliyev
Fəzail Əliyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fəzail Əliyev 200 manat cərimələndiyini bildirir. Bu barədə AzadlıqRadiosuna danışan F.Əliyevin sözlərinə görə, dünən, sentyabrın 17-də ona yaşadığı Qazax rayonunun polis şöbəsindən zəng gəlib və o, şöbəyə çağırılıb: "Dedilər ki, rəis müavini məni görmək istəyir. Mən rəsmi çağırış göndərmələrini istədim. Bir müddət sonra evdən çıxanda məni tutub zorla maşına otuzduraraq şöbəyə aparıblar".

O vurğulayıb ki, bir neçə gün əvvəl Qazax rayonunun işğalda olan kəndləri barədə müsahibə verib: "Özüm bu kəndlərdən birinin sakiniyəm. Polisdə mənə dedilər, bəs, sənin nəyinə lazımdır bu barədə danışırsan? Üstümə beş-altı nəfər tökülüşdü, vurmağa başladılar. İndi qollarımda, döş qəfəsində, başımda ağrılar var".

F.Əliyevin sözlərinə görə, barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub: "Apardılar məhkəməyə, heç nədən 200 manat cərimələdilər. Məhkəmədə tibbi ekspertizanın keçirilməsini istədim, təmin etmədilər. Mən özüm Qarabağ müharibəsi veteranıyam, sağlamlığımda ciddi problemlər var, amma heç nəyə baxmadılar".

O qeyd edib ki, oğlu Fərid Əliyev isə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 30 gün müddətinə həbs olunub: "Oğlumu mənə görə həbs ediblər. Əgər oğlum narkoman olsaydı, əvvəl niyə tutmurduz? Məni tutduqları gün onu da həbs ediblər".

Cəbhəçinin sözlərinə görə, müsahibəyə görə rayonda bir çayxana sahibini də cərimələyiblər: "Amma səhvləri olub. Heç müsahibə həmin çayxanada olmayıb. Sadəcə elə biliblər orada olub və çayxana sahibini başqa bəhanə tutaraq cərimələyiblər".

Bu deyilənlərə Daxili İşlər Nazirliyi və Qazax rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb. Amma Azərbaycan rəsmiləri, bir qayda olaraq, bildirirlər ki, heç kim dinc peşə və siyasi fəaliyyətinə görə ölkədə təqib edilmir.

+++

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərini polisin saxladığı bildirilir.

Partiyadan deyiblər ki, sentyabrın 17-də Qazax rayonunda AXCP üzvləri Tahir Çaylı Fəzail Əliyev saxlanılıb: "Tahir Çaylı bir müddət sonra sərbəst buraxılsa da, Fəzail Əliyev hələ də rayonun polis şöbəsindədir".

AXCP-dən əlavə edilib ki, partiya üzvləri bir müsahibəyə görə saxlanılıb: "Fəzail bəyin oğlu Fərid da dünən, sentyabrın 17-dən Qazax rayon Polis Şöbəsindədir. O da partiyanın üzvüdür, amma onu çox güman ki, Fəzail bəyə görə saxlayıblar. Bizdə olan məlumata görə, onu şərləməyə hazırlaşırlar".

T.Çaylı da bildirib ki, Qazax rayonunun işğalda olan yeddi kəndindən köçkün düşənlərdən müsahibə alıb paylaşdığına görə saxlanıb.

Xatırlatma

  • Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi, ətraf yeddi rayona və bəzi başqa kəndlərə (Qazax rayonun yeddi kəndi daxil) nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
  • Ermənistan rəsmiləri də bildirirlər ki, silahlı münaqişə zamanı Azərbaycan da onların bəzi kənd və ərazilərini zəbt edib.
XS
SM
MD
LG