Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:20

Azərbaycanlı dissident 'Susqun Tanqo'nu unutmaq olarmı?


Əli Şamil
Əli Şamil

Araşdırıcı Əli Şamil Repressiya Qurbanları Günündə ən yaxın tarixin dissidentlərini yada salır.

Hər il oktyabrın 30-da Repressiya Qurbanları Günü qeyd edilir. AzadlıqRadiosu Azərbaycan xalqının milli-azadlıq və demokratiya mübarizəsində önəmli rol oynamış belə qurbanlardan zaman-zaman söz açır, yaxın tarixin öyrənilməmiş və ya unudulmuş səhifələrini vərəqləyir. Bu dəfə həmin səhifələri vərəqləməkdə tanınmış araşdırıcı, «Dissident sorağında» kitabının müəllifi Əli Şamil yardım edəcək.

- Əli müəllim, 30 oktyabr Repressiya Qurbanları Günüdür. Bəlkə xatırlatmaqda fayda var: Kimə repressiya qurbanı deyirlər?

- Dilimizə ruscadan keçmiş «repressiya» sözü latın dilindəki «repressus»dandır. Xarici sözlərin izahlı lüğətində «repressus» sözü «geri qayıtma», «geri hərəkat» kimi verilir. Bəzən də «deqradasiya» sözü ilə əvəzlənir. «Deqradasiya»nı da «dağılma», «məhv olma» kimi çevirirlər.

Azərbaycan türkcəsində bu sözün mənası basqı, təqib, təzyiq kimi verilməyə çalışılsa da, alınmadı. Çünki basqı, təzyiq, təqib bir adam tərəfindən də ola bilər. Bunlarda çox vaxt qəddarlıq, kütləvi məhvetmə olmur.

Repressiya isə dövlətin gerçəkləşdirdiyi antinsani, antibəşəri bir hərəkatdır. Bu sözün arxasında yaşından, cinsindən, toplumdakı sosial mövqeyindən asılı olmayaraq, minlərlə insanın döyülməsi, hər cür alçaldılması, toplumdan təcrid edilməsi, sürgünə, həbsxanaya göndərilməsi, güllələnməsi durur. Repressiya zamanı hökumət yalnız cinayətkar saydığı insanı deyil, onun ailəsini, qohumlarını, dostlarını da cəzalandırır.

«Repressiya» sözü daha geniş mənanı əhatə etdiyindən onu olduğu kimi dilimizə daxil etdik.

Çar Rusiyası zamanı da üsyanlar qəddarlıqla yatırılıb, minlərlə insan öldürülüb, sürgünə və həbsə göndərilib, lakin o illərdə «repressiya» sözü işlədilməyib.

Rusiyada yalnız müstəmləkə altında olan xalqlara deyil, elə rusların özlərinə də ən sərt cəza Sovet hakimiyyəti illərində verilib. Kütləvi cəzalandırılmalar müxtəlif zamanlarda fərqli terminlərlə ifadə edilib. Qaynaqların verdiyi bilgiyə görə, bolşeviklər 1920-ci il aprelin 28-dən 1921-ci ilin oktyabrınadək Azərbaycanda 48 min nəfəri güllələyiblər. Buraya acından, aclığın, evsizliyin doğurduğu xəstəliklərdən ölənlər, xarici ölkələrə qaçanlar daxil deyil. Unutmayaq ki, o zaman Azərbaycanın əhalisi indikinin onda birindən az idi.

1936-1938-ci illərdə aydınlara, Sovet ideoloqlarının istədiyi kimi düşünməyənlərə qarşı cəza tədbirləri başladıldı. Bu da «xalq düşmənləri»nə qarşı mübarizə adı altında həyata keçirildi. Həmin illərdə Azərbaycanda məhv edilənlərin sayı qaynaqlarda fərqli göstərilir. Dəqiq bilinən odur ki, onları sayı yüz minləri keçib.

Sovetlər Birliyinin ideoloqları 1956-cı ildə elan etdilər ki, ölkədə siyasi görüşlərinə görə təqib və həbslərə son qoyulur. Ölkədə nisbi bir yumşalma olsa da, repressiya tam aradan qaldırılmadı. Sovet ideoloqlarının istədiyi kimi düşünməyənlər zorla psixi xəstəxanalarda «müalicə»yə göndərilir, oğurluqda, müxtəlif qanun pozuntusunda günahlandırılaraq həbs edilir, avtomobil qəzası, suda boğulma və s. adla öldürülürdülər.

1956-cı ildən sonra Sovet rejiminə etirazlarını bildirilənlər «dissident» adlandırılmağa başlandı.

Sonrakı illərdə əksinqilabçılar da, qolçomaqlar da, xalq düşmənləri də, vətən xainləri də, dissidentlər də repressiya qurbanları kimi bir ad altında birləşdirildi.

- Mediadan da bilinir ki, Siz hələ tələbəlik illərindən «xalq düşmənləri» və onların ailələri ilə, dissidentlərlə maraqlanır, tələbələr arasında onlardan söz açmağı sevirmişsiniz. Ailənizdən Sovet rejimindən zərərcəkənlər olduğuna görəmi hökumətdən belə yanıqlıydınız?

- Keçmiş Göycə mahalının İnəkdağ kəndində doğulmuşdum. Nə ailəmizdə, nə də kəndimizdə siyasi mənsubiyyətinə görə sürgünə, həbsə göndərilən, güllələnən olub. Amma gözümü açandan görürdüm ki, kənddə bir haqsızlıq hökm sürür. Yaşlıların çar dövründə baş verənlər haqqında söhbətlərini dinləyirdim. Onları kolxoz sədrlərinin, raykom katiblərinin, polislərin hərəkətləri ilə müqayisə edəndə görürdüm ki, mətbuatda, toplantılarda durmadan tənqid edilən çar hökumətində insanlara münasibət Sovet dövründən yaxşı olub.

Kənddəki haqsızlıqdan qurtarmaq üçün şəhərə gəldim. Sumqayıtda zavodda işə girdim. Gördüm ki, burada da haqq-ədalət yoxdur. İnsanlar toplantılarda bir cür danışır, arxada tamam başqa cür. Heç kim qorxusundan nöqsanları toplantılarda demir. Bilir ki, desə, müxtəlif bəhanələrlə cəzalandırılacaq.

Noyabrın 7-də, yəni Oktyabr Sosialist İnqilabının ildönümü ərəfəsi axşam növbəsində olduğumuz zaman gəlib iş yoldaşlarımızdan birinə dedilər ki, onu zavodun qapısında görmək istəyən var. O da getdi. Bir azdan xəbər gətirdilər ki, həmin adamı milis maşınına qoyub aparıblar. Seximiz növbəni başa vuranda zavodun yük maşını ilə Sumqayıt şəhər Milis İdarəsinin qarşısına yollandıq. İş yoldaşımızın nə üçün milis idarəsinə gətirildiyi ilə maraqlandıq. Növbətçilər bizə dedilər ki, onu buraya gətirməyiblər və gətirilməsindən də xəbərsizdirlər. Gecə saat 12-dən sonra Sumqayıt şəhər Milis İdarəsində çalışanların çoxu ətrafımızı sarıb bizi yarı hədə-qorxu, yarı dilətutma ilə yola saldı. Söz verdilər ki, sabah məsələni aydınlaşdıracaqlar. Verdikləri vədə əməl etmədilər. O sabah beş gün çəkdi. Noyabrın 9-da iş yoldaşımız gəldi. Onda bildim ki, bu adam 1963-cü ildə Sumqayıtda baş vermiş ayaqlanmaya qatıldığından həbs edilibmiş. Bir neçə il həbsxanada saxlandıqdan sonra onu icbari əməyə, bizim sexə işləməyə göndəriblərmiş.

7 Noyabr ərəfəsində onu təcrid etmək üçün gəlib gizlicə aparıblar. Onda mənim 17 yaşım vardı. Düşündüm ki, cəzasını çəkmiş adamı nədən gəlib gizlicə aparır və bu haqda nə ailəsinə, nə iş yoldaşlarına doğru-dürüst cavab verilir?

Oxumağa marağım çox idi. Konstitusiyanı, qanunları da həvəslə oxuyur və görürdüm ki, yazılanlarla həyatda gördüklərim düz gəlmir.

Tələbəlik illərində «xalq düşməni» adlandırılanlara və onların ailələrinə, 1948-ci ildə Azərbaycanı müstəqil, Sovet işğalından azad görmək istədiklərinə görə həbs edilənlərə marağım heç də ailəmizə edilmiş basqıdan, zülmdən deyil, «niyə» sualına axtardığım cavabdan doğub. Öyrənmək istəyirdim ki, onları niyə həbs edib, güllələyiblər! İndi bir çox məsələlərə aydınlıq gətirilib. 1960-70-ci illərdə bu mövzuda nə müəllimlərimiz, nə də həbsdən geri dönənlər danışmaq istəyib. Anlaya bilmirdim ki, necə olur Sovet hakimiyyətini qurmaq üçün canından keçməyə hazır olmuş Əliheydər Qarayevi də, Mirzə Davud Hüseynovu da, Həmid Sultanovu da, ümumiyyətlə, o dövrdə yüksək partiya-sovet işində işləyənləri də, Azərbaycanı müstəqil görmək istəyən, millətçi adlandırılanları da eyni vaxtda güllələyiblər. Hətta onların güllələnməsində suçlu sayılan, durmadan tənqid edilən Mir Cəfər Bağırovu da güllələyiblər. Sovet hökumətinə dost kim idi, düşmən kim idi, onu aydınlaşdıra bilmirdim. Ona görə axtarışdaydım...

- Ötən il Əzizə Şamillə birgə yazdığınız «Dissident sorağında» (1956-1986) kitabınızda Azərbaycandakı dissidentlərlə bağlı heç də birmənalı qarşılanmayacaq xeyli ad və bilgi var. İstər-istəməz, bir sual doğur: Kimə dissident demək gərək? Yəni bununla bağlı dünyada ortaq bir anlayış yozumu var, ya yox?

-Sualınızın birinci hissəsinə adını çəkdiyiniz kitaba yazdığımız ön sözdə cavab vermişik. Dissident – yəni ayrı düşünən (Lat. Dissidens – «razılaşmayan» – ümumməqbul baxışlardan qəti şəkildə fərqlənən baxışları müdafiə edən adam. Çox vaxt şəxsi etiqadı ilə hakim doktrin arasındakı bu konflikt rəsmi hakimiyyətin zülm, təqib və cəzalandırmalarına gətirib çıxarır). Onların baxışları rəsmi şəkildə müəyyənləşdirilmiş baxışlardan fərqlənir.

Kitabda 21 nəfər haqqında ensiklopedik məqalə verməyə çalışmışıq. Bundan başqa, ön sözdə 87 nəfərin adını çəkmişik. Onların adını çəkərkən Sovetlər Birliyi çökəndən sonra nəşr olunan qəzet və jurnallardan, radio-televiziya verilişlərindən, xalq hərəkatı iştirakçılarının söhbətlərindən, özümüzün şahidi olduqlarımızdan istifadə etmişdik. Heyf ki, onlardan bəziləri sağ olsa da, bu mövzuda danışmaq istəmədi. Bir qismi də dünyasını dəyişmişdi. Arxivlərdə işləməyə də geniş imkanımız olmadı.

Kitabın ön sözündə universitetdə bizə fəlsəfədən dərs demiş Qənbər Əsgərovun da adı var. Onunla çox söhbət etmişdik. Hər ikimiz Sovet idarəçiliyindən narazı idik. Baxışlarımız arasındakı fərq mübahisəmizə səbəb olurdu. Mən, nə yolla olur olsun, Azərbaycanın Sovetlər Birliyinin caynağından çıxmasını, güneydəki soydaşlarımızla birləşməyimizi arzulayırdım. Qəmbər müəllimsə sosial ədalətin pozulmasının əleyhinə idi. Rüşvətxor müəllimlərin, raykom katiblərinin, yüksəkvəzifəli məmurların adını böyük cəsarətlə çəkir, onları nəinki ifşa etməyə, gözdən salmağa çalışırdı. Həm də haqlarında təhqiramiz sözlər söyləyirdi. Uzağa getməyim, özünün çalışdığı kafedranın müdiri, o dövrdə böyük nüfuz sahibi Fuad Qasımzadə haqqında deyirdi ki, «bu savadsız alim maaşla belə firavan yaşaya bilərmi? Əlbəttə, yox. O, rüşvətxor, yaltaq və şəxsiyyətsiz adamdır». Qənbər müəllim partiya-sovet rəhbərlərinin əksəriyyətini rüşvətxor, oğru və millətə düşmən adlandırırdı.

Mən də onunla şərik idim, amma onlara bu şəraiti quruluşun yaratdığını deyəndə aramızda mübahisə başlayırdı. Universiteti bitirib təyinatla Naxçıvana gedəndən sonra da onunla əlaqəni kəsməmişdim. Bakıya gələndə görüşür, birlikdə yeyib-içir və höcətləşirdik. Sonuncu dəfə görüşəndə yaxın vaxtlarda toy edəcəyini söylədi. Mənə də zarafatla dedi ki, jurnalistsən, vəsiqəni göstərərsən, vaqon bələdçisi səndən çəkinib bilet tələb etməz. Toyda da yeyib-içib gedəcəksən, pul salan deyilsən.

Yaşı keçirdi. Mən də toyu tələsdirməsinin vacibliyini söylədim və gələcəyimi bildirdim. Bir neçə ay sonra Qənbər müəllimin bir qızı öldürüb Qanlıgölə atması xəbəri yayıldı. Buna inanmadım. Tələbə yoldaşlarım, dost-tanış da şahiddir. Mən deyirdim, Qənbər müəllim o qızla toya hazırlaşırdı, niyə öldürsün ki? Burada KQB-nin barmağı var.

Qənbər Əsgərovu həbs etdilər və az sonra güllələdilər. «Dissident sorağında» kitabı çapdan çıxandan sonra millət vəkili Fazil Qəzənfəroğlunun FB-da bir statusunu oxudum. O, Milli Məclisdəki çıxışında qanunların hazırlanmasından söz gedərkən, Qənbər müəllimin də adını çəkib və deyib ki, Qənbər Əsgərovu qızı öldürməkdə suçlayıb güllələdilər. Aradan bir neçə il keçəndən sonra qızı öldürən məlum oldu.

Bu onu göstərir ki, biz kitabı hazırlayanda həqiqətə yaxın olmuşuq. Amma əlimizdə fakt olmadığından Qənbər Əsgərov haqqında məqaləni kitaba daxil etməmişik.

Kitabda belə bir cümlə var: Məmməd Məmmədov – (Tovuz rayonunun Alakol kəndində fizika müəllimi). Haqqında geniş bilgi əldə edə bilmədik. Kitab nəşr ediləndən sonra Məmməd müəllimin kəndliləri və qohumları, Bakı Dövlət Universitetinin professoru Nəsir Əhməd və jurnalist Namiq Əhməddən olduqca maraqlı söhbətlər eşitdim. Kənddə hamının «Kəllə Mamed», «Bala Lenin» dedikləri adam dissident imiş! Nəsir müəllim deyir ki, yaxın qohum olduğumuza baxmayaraq, kolxozun malını yeyənlərə həsr etdiyi həcvində qardaşımın da adını çəkmişdi. Namiq Əhməd isə Sovet rejiminin əleyhinə danışsa da, onun həbs edilməməsini belə izah edir: «Məmməd çox savadlı, məntiqli, gözəl danışığı olan birisi idi. Qeyri-səlis məntiq nəzəriyyəsini çox sadə dillə bizə anladırdı. Amma biz onda bilmirdik ki, onun dediyi qeyri-səlis məntiq nəzəriyyəsidir. Leninin əsərləri, Sovet qanunları haqqında çox kəskin fikirlər söyləyirdi. Hamı ona öyüd-nəsihət verir, məsləhət görürdü ki, belə danışmasın. Buna baxmayaraq, çayxanaya, bir məclisə gələndə hamı istəyirdi Mamed onun yanında otursun. Onun danışdıqlarından qorxsalar da, hamısının içində Məmmədə qarşı bir sevgi vardı. Kənd sovetinin sədri də, məktəb direktoru da, bir sözlə, kəndin hamısı bir-birinə qohum idi. Görünür, elə buna görə Mamedin dediklərini KQB-yə, partiya-sovet orqanlarına çatdırmır, dediklərinə qeyri-ciddi yanaşırdılar. Qənbər Əsgərovla, Tofiq Qasımovla, Əziz Məmmədovla dostluğu vardı. Qənbər Əsgərov bir neçə dəfə bizim kəndə Məmmədgilə gəlmişdi.

Sonralar Azərbaycan Respublikasının xarici işlər naziri olan Tofiq Qasımovun, BDU-nun fəlsəfə müəllimi Qənbər Əsgərovun kənd müəllimi ilə dostluğu, əlaqələri məndə bu qənaət yaradır ki, həmin dövrdə onları şəxsi münasibətlər deyil, hansısa bir ideoloji baxış birləşdirirmiş. Bəlkə dərnəkləri də varmış. Əldə fakt olmadığına görə qəti fikir demək olmur. Bunun üçün KQB-nin arxivində ciddi axtarış lazımdır.

Kitabda adı çəkilənlərin bir neçəsinin məhkumluqları da var. Ola bilsin, bu məhkumluqlar saxta olsun. Amma arxasındakı ciddi siyasi-ideoloji məsələni tapıb ortaya çıxarmaq araşdırıcıların borcudur.

- Əli müəllim, yeri gəlmişkən, kitabda dillər əzbəri olan «Susmaram» şeirini dissident şair Məzahir Daşqının yazdığını bildirmisiniz. Bu şeiri, adətən, Əhməd Cavada aid edirlər...

-Bu şeiri yeniyetməliyimdə Məzahir Daşqının öz dilindən eşitmişəm. Bir neçə qaynaqda da onun şeiri kimi yayınlanıb. Yəqin ki, araşdırıcılarımız bu məsələyə aydınlıq gətirəcəklər.

- AzadlıqRadiosunun müxbiri haqqında yazdığınız, araşdırdığınız dissidentlərdən bir neçəsini - İbrahimxəlil Eşqi, Rahimi Dünyamalıyev və Elman Ağaoğlunu şəxsən tanıyırdı. Siz və Əzizə xanım bu siyahıdan kimlərə bələd idiniz?

- Kitabda haqqında ensiklopedik məqalə verdiyimiz 21 dissidentdən 15-i ilə görüşmüşdüm. Görüşmək hələ «dost idim», «xoş münasibətlərimiz vardı» demək deyil. Məsələn, mən İsfəndiyar Çoşğunla çox görüşə bilərdim. Amma acıdılliyi, hər şeyə şübhə ilə yanaşması buna imkan vermədi. Bir dəfə ondan şeirlərini istədim. Çox sərt şəkildə: «Çap edəcəksən?»,- deyə xəbər aldı. Mən də sakitliklə «Yaxşı bilirsən ki, sənin şeirlərini heç bir mətbuat verməz», -dedim. «Onda neynəyirsən şeirlərimi? KQB-yəmi verəcəksən?»,-dedi.

Tanıdıqlarımla bağlı maraqlı xatirələrim də var. Əbülfəzl Hüseyni haqqında «Əbülfəzl Hüseynini necə öldürdük?» adlı bir məqalə də yazmışdım. Dostlar məsləhət gördü ki, hələ çap etdirmə. Zamanı gəlməyib. Düzgün anlaşılmayacaq. Öz yazdığından bədxahlar sənə qarşı istifadə edəcəklər.

Eyni dövrdə yaşamışıq. Maraqlı söhbətlərimiz, görüşlərimiz olub. Rahimi Dünyamalıyev Naxçıvana Heydər Əliyevin yanına gələndə bizim evdə qalıb. Söhbətlərinin şahidi olmuşam. Onu intihara aparan yol gözümün qabağındadır...

Safruhla bir neçə il eyni idarədə işləmişəm. Onu kənardan görənlər ağız büzürlər. Heyf ki, onun içini görən çox azdır. KQB-nin sorğu-sualına çox mətanətlə dözüb. Geri çəkilməyib.

- Araşdırma zamanı bu dissidentlərdən hansının həyatı və aqibəti Sizi daha çox sarsıdıb?

-O adamların hər biri qəhrəmandır. Bəziləri haqqında bir az yazılıb, bəziləri demək olar, tanıdılmayıb. Çingiz Abdullayevin və Çahid Hilaloğlunun ömür yolu bədii əsər, serial mövzusudur. Çingiz Abdullayevin ədliyyə nazirinə yazdığı məktub dərsliklərimizə salınmağa layiqdir.

Çahid Hilaloğlu (1956-cı il mayın 28-də Qız Qalasının başına cümhuriyyət bayrağını sancan adam - red.) haqqında bir xatirə eşitmişdim. Sibirdə həbsxana işçiləri onu ram edə bilməyəcəklərini görüb qışın ortasında itələyib buzlu suya salırlar. Qısa müddətdə onun bədəni elə şişir ki, qapıdan keçməz olur... Gündüz ağır işdən yorğun və taqətsiz qayıdan dustaqlar tibb məntəqəsinin qapısını söküb Çahid Hilaloğlunu oraya qoyur və sonra da qapının ətrafını hörüb normal vəziyyətə gətirirlər.

Həbsxana rəisi səhər gəlir ki, tibb məntəqəsinin qapısı sökülüb və sonra da düzəldilib. Tapşırıq verir ki, bir daha Cahid Hilaloğlu ilə işləri olmasın. Bunu danışan adam həbsxana rəisinin də içərisində insani hisslər olduğunu deyirdi. Mənə görə isə, o vəzifəyə yüksəlmiş birisinin içərisində insani hisslər ola bilməzdi, sadəcə, qorxu onu belə bir göstəriş verməyə vadar edib. Düşünüb ki, işdən yorğun gəlmiş dustaqlar həbsxana rəhbərliyindən, nəzarətçilərdən qorxmayıb gecənin qaranlığında, şaxtada tibb məntəqəsinin qapısını söküb Çahid Hilaloğlunu orada yerləşdiriblərsə, qiyam da qaldıra bilərlər.

Oradakı insanları bir-birindən ayırmaq mənim üçün çox çətindir. 18-22 yaşlarında Azərbaycan ordusu yaratmaq istəyən, orduda xidmət edəcək şəxslərin fərqlənmə nişanlarını hazırlayan, Birləşmiş Azərbaycanın xəritəsini cızan Nofəl Tahirzadəni, yaxud onun yaşıdı gizli təşkilat qurmuş Baycan Məhərrəmovu necə unutmaq olar? Həmişə qürur duyduğum, onu görəndə özümü günahkar saydığım susqun Tanqonu necə unudum? O, işsiz gəzir, mənsə işləyirdim. Amma aldığım maaş o qədər az idi ki, əyilməz Tanqoya heç bir kömək edə bilmirdim. Asif Atanımı deyim, yoxsa Əbülfəz Elçibəyi, Məhəmməd Hatəmini, Xəlil Rza Ulutürkümü deyim?! Milliyətcə alban olan, Sovet KQB-sinə baş əymədiyinə görə «sən azərbaycanlı Şəmsəddin Mehdiyevsən, özünü alban diplomatına bənzədirsən» deyərək uzun illər psixi xəstəxanada «müalicə edilən», ölənədək Vətənə dönə bilməyən İsmail Farkanı necə unutmaq olar? Təbrizdə Milli Hökumət zamanı Maarif naziri olmuş, çılğın şair Məhəmməd Biriyanı mürdəşirə çevirən adamlara yoxsa sağ ol deməliyəm?!

Kitabdakı kiçik bir statistika məncə oxucuya çox şey deyər: «Təqib və təzyiqlərin insanların taleyinə təsirinin mənzərəsini göz önünə sərmək üçün haqlarında məqalə yazdığımız 21 nəfərə aid kiçik bir statistikaya baxmaq yetərlidir. Çingiz Abdullayev, Tanqo (Tanrıqulu Əliyev), Sabir Yanardağ, Baycan Məhərrəmov, Tofiq Vəndamlı və Nofəl Tahirzadə ailə qurub, ev-eşik, oğul-uşaq sahibi olmadan dünyadan köçdülər. Demək, 6 mübariz, döyüşkən insanımızın nəsli kəsildi.

Məhəmməd Biriyanın (Bağırzadə), Asif Atanın, Safruhun, İsmail Farkanın, Nadir Ağayevin ailəsi dağıldı. Cahid Hilaloğlu (onun da nəslinin davamçısı olmadı), Əbülfəz Elçibəy, Əli Azərli, Asəf Kərimov çox gec evlənmək məcburiyyətində qaldılar».

- Sizcə, gerçək repressiya qurbanlarına dövlət və vətəndaş borcunu ödəmək üçün daha nələrə ehtiyac var?

-Xəlil Rza Ulutürkün bir şeiri var: «Davam edir 37!». «Dissident sorağında» kitabında adı çəkilənlərə divan tutanların özü və ya övladları hələ də hakimiyyətdədirlərsə, onların adının əbədiləşdirilməsi, xidmətlərinin dəyərləndirilməsi mümkün olan iş deyil!

Tarixin bütün dövrlərində vətənin və millətin xoşbəxt gələcəyi üçün mübarizə aparan yenilikçilər az olub. Həmişə də onların fəaliyyəti nə hakimiyyətdəkilər, nə də xoşbəxtliyi uğrunda mübarizə apardığı toplum tərəfindən xoş qarşılanıb. Buna baxmayaraq, qarşıdurma həmişə olub. Toplumun inkişafına da bu qarşıdurmalar, ziddiyyətlər təkan verib.

Azərbaycanın müstəqilliyə qovuşmasından 28 il keçsə də, Sovet rejiminə, müstəmləkəçiliyə, irticaya, mühafizəkarlığa və s. qarşı dirəniş göstərənlər layiqincə dəyərləndirilməyib. Çünki hələ də repressiya davam edir...

XS
SM
MD
LG