Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:43

Yerevan sülh sazişi təkliflərini Bakıya göndərdiyini deyir


Paruyr Ovannisyan
Paruyr Ovannisyan

Ermənistan sülh sazişi layihəsi ilə bağlı son təkliflərini Azərbaycana göndərdiyini bildirir. Bunu xarici işlər nazirinin müavini Paruyr Ovannisyan noyabrın 5-də təsdiqləyib.

AzadlıqRadiosunun erməni xidmətinin sualına cavabında Ovannisyan konkret hansı təkliflərin və nə zaman verildiyini açıqlamayıb.

31 oktyabr

Ermənistan Azərbaycanla sülh sazişinə dair 'ehtiyatlı' nikbinliyini dilə gətirib

Ermənistanla Azərbaycan sülh sazişinə dair danışıqlarda "bir-iki bənd" üzərində işi davam etdirir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdəki çıxışında belə deyib.

Mirzoyan nikbinliklə söyləyib ki, həmin bəndlər də yaxın gələcəkdə razılaşdırılacaq və sülh sazişinin mətni hazır olacaq. O, hansı bəndlər üzərində iş getdiyini açıqlamayıb.

Baş nazir Nikol Paşinyanın aparatının rəhbəri Araik Harutyunyan da dünən parlamentdə nikbin ruhda çıxış edib və sülh müqaviləsi layihəsində mübahisəli məqamların həlli üçün fürsət yarandığını gördüyünü söyləyib.

Nikbinlik Kazan görüşündən bəri artıb

Bir müddət öncə Paşinyan aralıq sazişinin 80 faizinin hazır olduğunu və razılaşdırılmış bəndlər əsasında onu imzalamağın mümkünlüyünü dilə gətirmişdi. Baş nazirin fikrincə, qalan bəndləri daha sonra da razılaşdırmaq olar. Ancaq rəsmi Bakı bu təklifi rədd etmişdi.

Sözügedən nikbinlik oktyabrın əvvəlində Kazanda baş tutan BRICS sammiti zamanı iki ölkə lideri arasındakı görüşdən sonra artıb.

AzadlıqRadiosunun erməni xidmətinə bilgi verən qaynaq bildirib ki, tərəflər razılaşdırılmamış bəndlər üzrə bəlli irəliləyiş əldə edib.

Ermənistan xarici işlər naziri iki ölkə arasında sərhədlərin demarkasiya məsələsinə də toxunub. O deyib ki, tərəflər yaxın zamanda sərhədlərin çəkilməsi ilə məşğul hökumət komissiyalarının birgə fəaliyyətini müəyyənləşdirəcək qaydaların qüvvəyə minməsi barədə bir-birinə rəsmi bilgi verəcəklər.

Kazan görüşündən sonra hər iki ölkə lideri həmin qaydaları ratifikasiya edib.

Mirzoyan sərhədlərin demarkasiya prosesinin davam etdiriləcəyinə ümid bəslədiyini bildirib.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurub. O dövrdə Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Son bir neçə ildə hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrıca danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Danışıqların detalları açıqlanmır. Ötən ildənsə tərəflər sərhədlərin delimitasiyası ilə bağlı birbaşa danışıqlara başlayıb.

XS
SM
MD
LG