Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:12

Azərbaycan Türkiyəyə gömrük rüsumu olmadan şərab ixrac edəcək


İstər Türkiyə, istərsə Azərbaycanın hökumət rəsmiləri uzun müddətdən bəri iki ölkə arasındakı ticarət dövriyyəsini 15 milyard dollara yüksəltmək istədiklərini bildirirlər. Dövlət Gömrük Komitəsinin hesabatlarına görə, ötən il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 7 milyard 750 milyon dollar olub. Deməli, 15 milyard dollar hədəfini gerçəkləşdirmək üçün indiki ticarət dövriyyəsini iki dəfə artırmağa ehtiyac var.

Ötən il Türkiyə Azərbaycanla ticarət dövriyyəsinin həcmi baxımından, İtaliyadan sonra ikinci ölkə olub. 2023-cü ildə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 15.7 milyard idi.

Türkiyə və Azərbaycan qarşılıqlı ticarətin genişlənməsindən ötrü bəlli addımlar atır. Məsələn, 2020-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi imzalanmışdı. Bu saziş hər iki ölkəyə bir-birinə bəlli məhsullar üzrə gömrük rüsumu ödəmədən ixrac əməliyyatları etmək imkanı yaradırdı. Məhsulun gömrük rüsumu olmadan ixracı, təbii ki, onun maya dəyərinin daha ucuz olması, dolayısıyla, məhsulun daha çox rəqabət imkanı qazanması deməkdir.

2020-ci ildə imzalanan sazişlə Azərbaycan Türkiyəyə gömrük rüsumu olmadan bir neçə pendir növü, gavalı, xurma, ağ şəkər, xiyar və kornişon, fındıq, alma, gavalı və ərik pürələri göndərə bilərdi. Azərbaycanın güzəşt tətbiq etdiyi Türkiyə mənşəli malların siyahısında isə karamel, preslənmiş həblər, şokolad minası, qənnadı məmulatları və s. vardı. Tərəflər bu məhsulları bir-birlərinin ərazilərinə bəlli limitlər çərçivəsində gömrük rüsumu olmadan ixrac edə bilir.

Güzəşt siyahısı genişlənirilib

Ötən ilin aprelində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişikliyə dait Protokol” imzalanıb. Həmin Protokol bu il fevralın 21-də Türkiyə parlamentində təsdiqlənib. Tərəflərin Preferensial Ticarət Sazişinə dəyişiklik qərarı güzəşt tətbiq edilən məhsulları sayca artırıb.

Yeni sazişə daxil məhsullara dair Türkiyə mediasında yayımlanan xəbərlərdə bildirilir ki, artıq Azərbaycan bu ölkəyə ildə 1.5 milyon litr şərabı gömrük rüsumu ödəmədən ixrac edə biləcək. Bu xəbər Türkiyə cəmiyyətində mübahisə doğurub. Buna səbəb indiki Türkiyə iqtidarının, adətən, spirtli içkilərlə bağlı qərarlara mühafizəkar yanaşmasıdır. İqtidardakı Ədalət və İnkişaf Partiyası uzun illərdir spirtli içkilərə tətbiq edilən vergi və rüsumları artırır. Bu da Türkiyə toplumunun sekulyar kəsimində narazılıq doğurur. Bu baxımdan, uzun müddət sonra islamçı yanaşmaları ilə tanınan iqtidarın ölkəyə güzəştli şərab ixracına şərait yaratması birmənalı qarşılanmayıb.

Yeni dəyişikliklər Türkiyəyə şərabla yanaşı, bir sıra digər məhsulların da güzəştli ixracına şərait yaradır. Belə ki, saziş çərçivəsində Azərbaycandan Türkiyəyə göndəriləcək şərab, tut, heyva, qara metallurgiya məmulatları və qablaşdırma materialları 10 il müddətinə gömrük rüsumundan azad edilib. Türkiyə tərəfi isə dəyişikliklərdən sonra Azərbaycana gömrük rüsumu olmadan mis məftil, paltaryuyan maşın, monitor, videoqeydiyyat qurğuları, avtomobil ehtiyat hissələri və alüminium ixrac edə biləcək.

Məmurların gizli şirkətləri: Göyərtisatan, taksi sürücüsü, fəhlənin adına milyonlar necə yuyulub?
Gözlə

No media source currently available

0:00 0:07:15 0:00

Azərbaycan və Türkiyə arasındakı ticarət

Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərdən aydın olur ki, Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin əsas hissəsini Azərbaycanın Türkiyəyə ixracı tutur. Ötən il boyunca Azərbaycandan Türkiyəyə 5 milyard 359 milyon dollarlıq, Türkiyədən Azərbaycana isə 2 milyard 291 milyon dollarlıq ixrac gerçəkləşdirilib. Başqa sözlə, Azərbaycanın Türkiyəyə ixracı Türkiyənin Azərbaycana ixracı ilə müqayisədə 2.3 dəfə çoxdur. Türkiyə Azərbaycanın ixracında İtaliyadan sonra ikinci, idxalında isə Rusiya və Çindən sonra üçüncü yeri tutur.

Azərbaycanın Türkiyəyə ixracının Türkiyənin Azərbaycana ixracını üstələməsinin əsas səbəbi Azərbaycanın Türkiyəyə neft və qaz ixrac etməsi ilə bağlıdır. Məhsul çeşidinə görə, Türkiyənin göstəricisi Azərbaycanla müqayisədə xeyli genişdir. Ötən il Azərbaycan Türkiyədən 3 min 453 növ məhsul idxal etdiyi halda, cəmi 872 adda məhsul ixrac edə bilib.

Digər ölkələrə olduğu kimi, Azərbaycanın Türkiyəyə ixracında da əsas pay enerji sektoru ilə bağlıdır. Ötən il Azərbaycan Türkiyəyə 3.7 milyard dollarlıq təbii qaz ixrac edib. Başqa deyimlə, Azərbaycanın Türkiyəyə ixracının 69 faizi təbii qazdan ibarətdir.

İxracda ikinci yeri tutan məhsul xam neftdir. İlboyu Türkiyə Azərbaycandan 676 milyon dollarlıq xam neft alıb. Təbii qazla xam neftin Azərbaycanın Türkiyəyə ixracında toplam payı 81 faizdir. Bu ixracda üçüncü yeri tutan məhsulsa elektrik enerjisidir (276 milyon dollar).

Türkiyənin Azərbaycana ixracına gəlincə, burada ilk sırada dərman vasitələridir. Ötən il Azərbaycan Türkiyədən 78 milyon dollarlıq dərman vasitələri gətirib. Azərbaycanın Türkiyədən idxalında ikinci məhsul tütündür. Ötən il 72 milyon dollarlıq belə məhsul idxal edilib. Təkdənsatış üçün qablaşdırılmış vasitələrsə 52 milyon dollarlıq idxalla siyahıda üçüncü yerdədir.

XS
SM
MD
LG