Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:18

Azərbaycanın xarici ticarət göstəriciləri nəyin hesabına artıb?


Hökumət dövlət büdcəsinin Neft Fondundan asılılığına son qoya bilmir
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Hökumət dövlət büdcəsinin Neft Fondundan asılılığına son qoya bilmir (2021)

"Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 62.9 faiz artaraq 49 milyard 220 milyon dollar, ixrac isə 83.5 faiz artaraq 36 milyard 340 milyon dollar təşkil edib". Bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov dilə gətirib. Nazir iddia edib ki, bu artımlar xarici ticarət əlaqələrinin daha da genişləndirilməsi və biznes əlaqələrinin təşviqi nəticəsində baş verib. Bu, doğrudanmı belədir və əslində Azərbaycanın xarici ticarət dövriyyəsi və ixrac nəyin hesabına artıb?

Xarici ticarət iştirakçıları azalıb

Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistik göstəricilər nazirin səsləndirdiyi rəqəmləri təsdiqləyir. Ancaq xarici ticarət əlaqələrinin genişləndirilməsinə gəlincə, məlum olur ki, son bir ildə Azərbaycanın ticarət əlaqəsi qurduğu ölkələr sayca artmayıb, əksinə, azalıb. 2021-ci ilin ilk 11 ayında Azərbaycan 186 ölkə ilə xarici ticarət əlaqəsi qurmuş, başqa sözlə, ixrac-idxal əməliyyatları aparmışdı. Bu ilin ilk 11 ayında Azərbaycanın ticarət əlaqəsi qurduğu ölkələrin sayı 184-ə enib.

Həmin müddətdə xarici ticarət iştirakçılarının da sayı azalıb. Əgər 2021-ci ildə elə iştirakçılarının sayı 59 min 826 olmuşdusa, 2022-ci ildə həmin göstərici 53 mini aşmayıb. Azalma, əsasən, xarici ticarətə qatılan fiziki şəxslərin hesabına baş verib. Ötən il 51 min 302 fiziki şəxs xarici ticarət iştirakçısı olmuşdusa, bu il həmin göstərici 43 min 917 nəfərə enib. Başqa deyimlə, 7 min nəfərdən çox azalıb. Əvəzində xarici ticarət iştirakçısı olan hüquqi şəxslərin sayı artıb. Eyni müddətdə xarici ticarət iştirakçısı olan şirkətlərin sayı 8 min 524-dən 9 min 166-ya yüksəlib.

Artım necə baş verib?

Gömrük statistikasına dair rəqəmlərdən aydın olur ki, ötən ilin 11 ayında Azərbaycanın toplam ixracı 19.8 milyard dollar olub. Bu ilin həmin dövründə ixrac göstəricisi 36.3 milyard dollardır. Deməli, bir il içində ölkənin ixracı 16.5 milyard dollar çoxalıb. Bu müddətdə Azərbaycanın neft-qaz ixracının dəyəri də 17.4 milyard dollardan 33.6 milyard dollara yüksələrək 16.2 milyard dollar artıb. Aydın olur ki, son bir il ərzində ölkənin ixracında baş verən artımın 98 faizi məhz neft-qaz sektorunun payına düşüb.

2022-ci ilin birinci yarısı ilə bağlı göstəricilər açıqlanarkən bildirilmişdi ki, ilk yarımildə "Azeri Light" markalı neftin bir barelinin orta illik qiyməti 2021-ci ilin birinci yarısına nisbətən 68 faiz çox olub və 110 dollar səviyyəsində qərarlaşıb. Nəzərə almaq lazımdır ki, bu il dünya bazarlarında təbii qaz qiymətləri də kəskin artıb. Rusiya-Ukrayna müharibəsinin baş verməsi və Avropanın Rusiyadan qaz asılılığı bu artımın əsas səbəbidir. Dövlət Statistika Komitəsinin məlumatlarından da aydın olur ki, neft-qaz sənayesi üzrə qiymət indeksləri cari ilin oktyabrında ötən ilin eyni dövrünə nisbətən 161 faiz, bu ilin yanvar-oktyabr aylarında isə keçən ilin həmin dövrü ilə müqayisədə 234 faiz artıb. Bu baxımdan, üzə çıxır ki, il ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin və ixracının artması, iqtisadiyyat nazirinin dediyi kimi, "xarici ticarət əlaqələrinin daha da genişləndirilməsi və biznes əlaqələrinin təşviqi nəticəsində" deyil, enerjidaşıyıcıların bahalaşması hesabına baş verib.

Enerji gəlirlərinin strukturunda dəyişikliklər

Qeyd edilən kimi, ixracın artması birbaşa enerji gəlirlərinin artması hesabına formalaşıb. Əgər keçən ilin ilk 11 ayında neft-qaz məhsullarının ixracı toplam ixracın 88 faizi idisə, bu il həmin göstərici 92.6 faizə yüksəlib. Deməli, Azərbaycanın xarici ticarətdən qazandığı hər 100 dolların 93-ü neft və qaz hesabına əldə edilib. Son 1 il ərzində qeyri-neft sektoru üzrə ixrac 2 milyard 360 milyon dollardan 2 milyard 517 milyon dollara yüksəlib və bir il ərzində artım cəmi 157 milyon dollar və ya 7 faiz olub.

Son bir ildə enerji gəlirlərinin özünün daxilində maraqlı dəyişikliklər var. Azərbaycanın ixrac gəlirlərinin formalaşmasında, ənənəvi olaraq, neft-qaz sektoru həlledici rol oynasa da, bu sektorun əsas gəliri neft ixracı hesabına formalaşırdı. Ancaq 2022-ci ildə enerji gəlirlərinin tərkibində təbii qaz satışından əldə edilən gəlirlərin payı kəskin artıb. Artıq neft və qaz satışından əldə edilən gəlirlər, az qala, bərabərləşəcək həddədir. Rəsmi rəqəmlərə görə, 2021-ci ilin ilk 11 ayında Azərbaycanın ixracında xam neft satışından gəlirlərin ixracda payı 62 faiz idi. Həmin dövrdə təbii qaz satışı ixracın 23 faizini aşmırdı. Bu ilsə təbii qaz gəlirlərinin ixracda payı iki dəfəyə yaxın artıb. Ölkənin ixrac gəlirlərinin 41 faizi məhz təbii qaz satışından əldə edilib. Neft gəlirlərinin ixracda payı isə son bir ildə 62 faizdən 50 faizə geriləyib.

İxrac coğrafiyası necə dəyişib?

Azərbaycanın ixracının neft-qaz sənayesi hesabına artımı ixrac coğrafiyası ilə bağlı göstəricilərdə də öz əksini tapır. Enerji resurslarının əsas alıcısı olan Avropa ölkələrinin ixracdakı payında ciddi artım baş verib. Ötən ilin 11 ayında Avropa İttifaqı ölkələrinin Azərbaycanın ixracında payı 58 faiz idisə, bu il həmin göstərici 67 faizdir. Eyni dövrdə MDB ölkələrinin ixracdakı payı 8 faizdən 4 faizə enib.

XS
SM
MD
LG