Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:28

Hökumət 2013-cü ilə planlanan işləri 2040-cı ildə bitirəcək?


Prezident İlham Əliyev paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış olur. 2018
Prezident İlham Əliyev paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış olur. 2018

Dövlət Arxitektura Komitəsi Bakının ötən il dekabrın 30-da təsdiqlənən Baş Planı ilə bağlı izahat yazısı paylaşıb. Bu plan paytaxtın bütün inzibati ərazisini əhatə edir və hesabat dövrü boyunca (2040-cı ilədək) şəhərin əsas inkişaf öncəliklərini özündə əks etdirir. Açıqlanan sənəddə Bakıda metro şəbəkəsinin genişləndirilməsinə dair bəndlərə də rast gəlinir. Baş Planda qeyd edilir ki, 2040-cı ilədək metro xətləri şəbəkəsinin toplam uzunluğu indiki 36.6 km-dən 73.4 km-ə, stansiya sayı isə 25-dən 46-ya çatdırılacaq. Deməli, hökumət təxminən 17 il ərzində metro stansiyalarının sayını iki dəfəyə yaxın artırmağı planlayır. Bəs indiyədək olan metro tikintilərini nəzərə alanda bu hədəf nə qədər gerçəkdir?

Gecikmiş hədəflər

Metro şəbəkəsinin inkişafı ilə bağlı hökumətin açıqlaması yenilik deyil. Verilən vədlər tutulsaydı, hələ 10 il öncə Bakıda bir çox yeni stansiya işə düşməli idi, axı 2011-ci ildə paytaxtda metro şəbəkəsinin inkişafına dair sənəd qəbul edilmişdi. O dönəmdə Bakı Metropoliteninin rəisi olan Tağı Əhmədov mediaya açıqlamasında demişdi ki, "Biz 2013-cü ilin sonuna "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarını, 2015-ci ilin sonunadək isə "Həzi Aslanov-2", "Köhnə Günəşli" və "Yeni Günəşli" stansiyalarını istifadəyə vermək niyyətindəyik".

Metropoliten rəsmisinin 2013-cü ilin sonunda açılacağını bildirdiyi "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları üç il gecikmə ilə 2016-cı ildə istifadəyə verilib. Tikinti işlərinin başlamasından 10 ildən çox keçsə də, 2015-ci ilin sonunadək inşası planlanan "Həzi Aslanov-2" stansiyasından hələ də xəbər yoxdur. Bir müddət öncə Bakı Metropoliteninin rəsmisi mediaya açıqlamasında "Həzi Aslanov-2" stansiyasında inşaat işlərinin 2030-31-ci illərdə başa çatdırılacağını bildirib. Deməli, həmin stansiya hökumətin vəd etdiyi tarixdən 16 il, inşasının başlanmasındansa 20 il sonra hazır olacaq. Sözügedən dönəmdə hökumətin metro şəbəkəsini genişləndirə bilməməsi bu sahəyə ayrılan vəsait azlığından qaynaqlanır. Özəlliklə 2015-ci ildə baş verən devalvasiyalardan sonra ölkə iqtisadiyyatı çətin günlər yaşayıb. O vaxtdan bəri metro tikintisinə də ara verilmişdi. Bu baxımdan, unutmaq olmaz ki, Baş Planda metro şəbəkəsinin genişləndirilməsinin açıqlanması hələ bu layihələrin icrasına təminat vermir. Ötən illərin təcrübəsi göstərir ki, ölkə iqtisadiyyatının durumu metro şəbəkəsinin genişləndirilməsi ilə bağlı fəaliyyətə təsir göstərən başlıca amildir.

Bakıda 8 ilə 50 metro stansiyası tikiləcək? 'Bu, mümkün deyil'
Gözlə

No media source currently available

0:00 0:05:29 0:00

Hökumət rəsmiləri 2011-ci ildə 2030-cu ilədək Bakıda 70 metro stansiyası olacağını söyləyirdilər, ancaq Baş Planda göstərilir ki, 2040-cı ildə cəmi 46 metro stansiyası olacaq. Belə çıxır ki, hökumət öncə nəzərdə tutduğu 24 stansiyanın tikintisindən vaz keçib.

Yeni metro stansiyaları harada açılacaq?

Dövlət Arxitektura Komitəsinin açıqladığı sənəddə yeni metro stansiyalarının hansı ərazilərdə planlaşdırıldığı ilə bağlı bilgilərə də yer verilib. İlkin mərhələdə - 2027-ci ilədək metronun "Xocəsən-Avtovağzal" hissəsinin - şərti adı "B-04" olan stansiyanın tikintisi nəzərdə tutulur. Bu stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə - Cəlil Məmmədquluzadə küçəsində yerləşir.

Eyni dövr ərzində (2027-ci ilədək) yaşıl (dairəvi) xətt üzrə "Dərnəgül" elektrik deposunun, Y-03, Y-02, Y-14 və Y-15 stansiyalarının tikintisi də nəzərdə tutulub. Y-14 stansiyası "Ağ şəhər" yaşayış massivində, ərazinin ortasında yerləşəcək, Y-15 stansiyası isə 8 Noyabr prospektində, təxminən "Xəzər" televiziyası binasının yerləşdiyi ərazinin yaxınlığında olacaq. Beləcə, "Xətai" metro stansiyası "Həzi Aslanov" stansiyası ilə birləşdiriləcək. Y-03 və Y-02 stansiyaları isə "Koroğlu" və "Dərnəgül" stansiyalarını birləşdirəcək xəttin üzərində yerləşəcək.

İndi metro ilə hər gün ortalama 633 min (illik götürəndə 231 milyon) sərnişin daşınır. Nəzərdə tutulan işlər gerçəkləşərsə, 2040-cı ildə gündəlik daşıma1 milyon 370 min nəfərə (illik ortalama 499 milyona) çatacaq.

Metroya girmək bir dərddir, qatara minmək də bir ayrı dərd: Günahkar kimdir?
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

2030-dan sonrakı illərə qalan işlər

Baş Planla bağlı açıqlanan sənəddə 2030-cu ildən sonrakı dövrdə nəzərdə tutulan işlərə də yer verilib. Açıqlanan bilgilərdən görünür ki, metroda sıxlığın qarşısının alınması üçün "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması vacibdir. Bu, 2030-cu ildən sonrakı dövrdə icra ediləcək. Perspektivdə Xırdalan şəhərinə də metro çəkilməsi gündəmdədir.

Bir müddət öncə ictimaiyyətə açıqlanan rəqəmlərdən bəlli olmuşdu ki, 4.6 km uzunluğundakı "Dərnəgül"-"Koroğlu" xəttinin və bu xətt üzərindəki üç yeni stansiyanın inşasına 893 milyon – 1 milyard 150 milyon manat arası vəsait və beş il vaxt lazımdır. "Xətai" stansiyasından sonra iki stansiyanın (Y14 və Y15) tikintisi üçünsə 607- 774 milyon manat və üç il müddət gərəkdir. Y15- "Həzi Aslanov" xəttinin və iki yeni stansiyanın tikintisi üçün gərəkli məbləğsə 715-846 milyon manat civarındadır. "28 May" – "Cəfər Cabbarlı" stansiyalarında "Qırmızı" və "Yaşıl" xətlərin ayrılmasına 127- 280 milyon manat, "Yaşıl" xətt üçün "Dərnəgül" elektrik deposunun inşasının tamamlanmasına isə 153 milyon manat lazımdır.

XS
SM
MD
LG