Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:54

'Baku Steel Company'nin keçmiş rəhbəri ilə bağlı əmlak qalmaqalı: Prokurordan Ramiz Mehdiyevin qızınadək...


Rasim Məmmədov
Rasim Məmmədov

"Baku Steel Company" MMC (poladəritmə zavodu) Müşahidə Şurasının keçmiş sədri, 4 ilə yaxındır həbsdə olan işadamı Rasim Məmmədovun həm özü, həm prokurorluq, həm də onun işiylə əlaqədar bir sıra maraqlı şəxs Ali Məhkəməyə şikayət vermişdi. Oktyabrın 8-də bu şikayətlərə baxılıb. Şikayətçilər arasında Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva da var.

R.Məmmədovun özü üzərindəki 13 il 9 aylıq cəzanın ləğvini, bəraət hökmünün çıxarılmasını istəyir. O, həyat yoldaşının, qayınatasının və başqa yaxınlarının adına olan əmlakla bağlı müsadirə qərarlarının ləğv olunmasını, onların geri qaytarılmasını da tələb edir.

Prokurorluqsa, əksinə, R.Məmmədovla ailəsinin daha bir neçə əmlakının müsadirəsini istəyir və bu məqsədlə də Ali Məhkəməyə kassasiya protesti verib. R.Məmmədov tutulandan sonra üzərinə həbs qoyulsa da, məhkəmənin müsadirə etmədiyi bir neçə mənzil və torpaq sahəsi var. Prokuror həmin qərardan narazı qalıb.

R.Mehdiyevin qızı K.Əliyeva isə Bakı Oksford Məktəbi (Baku Oxford School) binasının müsadirəsinə dair qərardan şikayət verib.

R.Məmmədovun işini Bakı Ağır Cinayətlər Məhkəməsi araşdırıb. Hökm və əmlakların müsadirəsi haqda qərarı da bu məhkəmə çıxarıb. Bakı Apellyasiya Məhkəməsi işadamının cəzasını 3 ay azaltsa da, qalan bölümdə hökmü dəyişməyib.

Bakı Oksford Məktəbində 100 faizlik payın tən yarısının sahibi olan K.Əliyeva bir müddət öncə Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə göndərərək məktəb binasının müsadirəsinə dair qərarın onun mülkiyyət hüququnu pozduğunu vurğulayıb.

"Bu iş artıq Ali Məhkəmənin icraatında olduğuna görə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov Kamilə Əliyevanın müraciətini Ali Məhkəməyə göndərib", - AzadlıqRadiosuna belə deyilib.

Mehriban Məmmədova və Kamilə Əliyeva
Mehriban Məmmədova və Kamilə Əliyeva

Bakı Oksford Məktəbi neçəyə satılır?

K.Əliyeva məhkəmədə Ədliyyə Nazirliyinə və R.Məmmədovun həyat yoldaşına - məktəbin digər payçı və təsisçisi Mehriban Məmmədovaya qarşı da iddia qaldırıb. Ancaq Səbail rayon Məhkəməsi həmin iddiaya baxmaqdan imtina edib.

K.Əliyevanın nazirliyi məhkəməyə verməsinin səbəbi Ali Məhkəmənin yekun qərarı olmadan icra məmurlarının müsadirə ilə bağlı qərarı icra etmələri – məktəb binasının hərraca çıxarılmasıdır.

Məktəbin binası ilk dəfə iyul ayında 24 milyon 703 min manata satışa çıxarılsa da, alıcısı olmayıb. Sentyabrda gerçəkləşdirilən üçüncü hərracda qiymət 22 milyon 232 min 700 manata endirilsə də, yenə də alıcı tapılmayıb. Növbəti hərrac oktyabrın 28-nə planlaşdırılıb, qiymətsə 18 milyon 527 min 250 manat nəzərdə tutulub.

R.Məmmədovun həyat yoldaşı M.Məmmədovayla atası da Ali Məhkəməyə şikayət verib. M.Məmmədova şikayətində göstərib ki, hələ R.Məmmədovla ailə qurmazdan öncə atasının aldığı əmlaklar müsadirə olunub, bu da qanunsuz və mülkiyyət hüququnun pozulmasıdır.

Məhkəmə çəkişməsinə Dubayda fəaliyyət göstərən "RMH General Trading" DMCC də qoşulub. Bu şirkət iddia edir ki, əslində onlara aid şirkəti Bakı Ağır Cinayətlər Məhkəməsi R.Məmmədovun əmlakı kimi müsadirə edib. Söhbət "Baku Non Ferrous and Foundry Company"dən gedir.

Məhkəmə qərarında bu şirkətin R.Məmmədova aid olduğu, bu səbəbdən müsadirə edildiyi iddia olunsa da, "RMH General Trading" DMCC göstərir ki, şirkətin təsisçisi onlardır.

Ali Məhkəmə şikayətlərin heç birini, o cümlədən prokurorluğun protestini də təmin etməyib. Aşağı instansiyanın hökm və qərarları olduğu kimi saxlanılıb.

'Baku Steel'in poladını kimlər bərkidir?
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

Xatırlatma

R.Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib "Baku Steel Company"dən 185 milyon manatlıq mənimsəmədə, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması kimi əməllərdə suçlanır. Ancaq o özünü təqsirli bilmir və məhkəmədəki çıxışlarında heç bir cinayət törətmədiyini, təqsirsiz olduğunu, yalan bilgilər əsasında, qondarma ittihamlarla və sifarişlə həbs edildiyini vurğulayır. Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur.

İşadamı məhkəmədəki çıxışında vurğulamışdı ki, 2011-ci ildə "Baku Steel Company" ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə aparıb, müəyyən məsələləri razılaşdırıblar. Sonradan zavodun gəlirləri də həmin razılaşma əsasında bölünüb.

XS
SM
MD
LG