Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:02

‘Rus millətçiliyinə’ etiraz edən başqırd müğənni Rusiyadan qaçıb


Başqırd müğənni Altynay Valitov
Başqırd müğənni Altynay Valitov

Başqırd müğənni Altınay Valitov ona qarşı cinayət təqibi təhlükəsinə görə Rusiyanı tərk etməli olub.

O bundan əvvəl millətçilik ittihamı ilə dörd il müddətinə azadlıqdan məhrum edilmiş başqırd fəal Fail Alsınovun müdafiəsinə qalxmış, Rusiya milli azlıqlarını etiraz aksiyalarına çağırmışdı.

Müğənni bu barədə özünün Instagram hesabında yazıb:

"Mənim üstümə əməlli-başlı hücum çəkirlər. Sözlərimi təhrif edirlər. Lütfən, inanmayın. Bəli mən qaçmışam. Qaçmasaydım məni 15 illik hənbsxana gözləyirdi. Mənə belə demişdilər. Məhkəmə heç nə həll etmir. Vəkillər heç nəyə nail ola bilmirlər. Nə demişəmsə demişəm. Deyiləni geri qaytarmaq olmaz. Bəli mənim gözəl həyatımın altı üstünə çevrilib. Amma bu ağır vaxtda mənim dediklərimi kimsə deməliydi”.

Ekofəal Fail Alsınova yanvarın 17-də “düşmənçiliyi qızışdırmaq” ittihamı ilə dörd il iş kəsilib.

“Öz torpağımızda bizi rusca danışmağa məcbur edirlər”

Altınay Valitov məhkəmə hökmü oxunandan və buna görə başlanan aksiyalardan sonra video müraciəti yazıb. Müğənni videoda deyib ki, Alsınov “başqırd dili və başqırd torpağı” uğrunda mübarizə aparıb və başqırdlar “öz qəhrəmanlarının müdafiəsinə qalxıblar”:

"Amma çox az adam anlayır ki, Fail bu məsələdə yalnız tətik olub. Onun mühakiməsi səbir kasasının daşan yeri idi. Bizim ürəyimizidə səbir kasası çoxdan daşırdı. Niyə daşırdı? Rus millətçiliyinə etiraza görə daşırdı səbir kasamız. Əsl səbəb budur. Hər bir başqırd bu alçaldılmanı başa düşürdü. Biz öz doğma torpağımızda yaşayırıq. Amma biz başqırdları hər addımda alçaldırlar. Məhz milli mənsubiyyətimizə görə. Bizə “başqırd törəməsi”, “qara”, “auldan gələn” deyirlər. Ürəyimizə toxunurlar. Öz torpağımızda bizi rusca danışmağa məcbur edirlər”.

Başqırd müğənni başqırdları və Rusiyadakı başqa milli azlıqları öz şəhərlərindəki hakimiyyət binalarının qarşısına toplaşıb etiraz etməyə çağırıb.

Yanvarın 18-də polislər Valitovun Başqırdıstan paytaxtı Ufadakı evinə gələrək axtarış aparıblar. OVD-info saytı xəbər verir ki, polislər onun evinin pəncərələrini sındırıblar. Onlar nə məqsədlə axtarış apardıqlarını deməyiblər.

Çox sayda saxlanan və həbs olunan var

Bu da xəbər verilir ki, fəal Fail Alsınovun həbsinə etiraz edənlərin “Baymak işi” üzrə artıq onlarca saxlanan olub.

Onların əksəriyyətinə qarşı iğtişaşlarda iştirak ittihamı irəli sürülüb.

Bundan başqa Başqırdıstandakı məhkəmələr Baymak və Ufada keçirilmiş etiraz aksiyalarında iştirak etmiş 50-dək fəalı həbs ediblər.

Onların çoxu hakimiyyət nümayəndəsinə itaətsizlikdə ittiham olunur.

Yanvarın 17-də Alsınova hökm oxunanda məhkəmə binasının qarşısında yüzlərlə etirazçı toplaşmışdı. Onlar polislərə qartopu atırdılar. Buna cavab olaraq aksiyaya qarşı dəyənəklərdən, səs qumbaralarından və gözyaşardıcı qazdan istifadə olunub.

Baymaka əlavə polis qüvvələri gətirləndən sonra Alsınovu məhkəmə binasından çıxararaq koloniyaya apara biliblər.

Yanvarın 19-da Başqırdıstanın paytaxtı Ufada kortəbii etiraz aksiyası olub.

XS
SM
MD
LG