Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:20

Aİ-92 və dizel bahalaşacaqmı?


Ölkədə benzinlərin ucuzlaşacağı ilə bağlı gözləntilər var idi.
Ölkədə benzinlərin ucuzlaşacağı ilə bağlı gözləntilər var idi.

Bugünlərdə Azərbaycanın bəzi media orqanlarında Aİ-92 və dizel yanacaqlarının bahalaşacağı haqqında məlumatlar yayılıb. Həmin medialar ad çəkmədən hökumətdəki mənbələrinə istinad etdiklərini bildirirlər. Vurğulandığına görə, artım 20 qəpik civarında gözlənilir. Artım gözləntiləri belə izah edilir ki, Aİ-92 və dizel, bir tərəfdən, ciddi ekoloji problemlər yaradır, digər tərəfdən də, elektrik mühərriklərə Azərbaycanda keçidi ləngidir.

Ötən aydan ölkədə "Avro 5" standartına uyğun Aİ-95 markalı benzinin istehsalına başlandığı açıqlanıb. Bundan sonra ölkədə benzinlərin ucuzlaşacağı ilə bağlı da gözləntilər var idi.

Hazırda Azərbaycanda Aİ-92 benzinin qiyməti 1 manat, dizelin isə 80 qəpikdir. Həmin markalı benzin, habelə dizel ölkədə istehsal olunur və onların qiymətinə Tarif Şurası baxır.

Tarif Şurasından Aİ-92 və dizelin bahalaşacağı ilə bağlı iddialara, hələlik, münasibət almaq mümkün olmayıb.

Vahid Əhmədov
Vahid Əhmədov

Deputat: "İnanmıram Yeni ilə qədər artım olsun"

Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, hazırda benzinin qiymətinin artacağına inanmır: "İnanmıram Yeni ilə qədər hər hansı artım olsun. Ümumiyyətlə, Azərbaycanda Aİ-92 və dizel çox işlədilir. Bahalaşması barədə heç bir məlumatım yoxdur və indiki vəziyyətdə bahalaşacağına inanmıram".

"Ekologiya sadəcə bəhanədir"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna xatırladır ki, əvvəl belə söhbətlər dünya bazarlarında neftin qiyməti artanda ortalığa atılırdı: "İndi dünyada neftin qiyməti də bahalaşmır, əksinə, ilin əvvəlinə nisbətən 10-12 faiz ucuzlaşma var. Azərbaycan neft istehsalçısıdır, daxili bazarı təmin etmək üçün Aİ-92 markalı benzini və dizel yanacağını istehsal edir. Yəni, bahalaşma üçün hər hansı fundamental iqtisadi səbəb yoxdur".

O hesab edir ki, ekoloji məsələlər bəhanədir: "Hökumət ekoloji məsələləri çox önəmli sayırsa, nədən yalnız son üç ildə istehsal olunan elektrik və hibrid avtomobilləri üçün güzəşt tətbiq edir? Son 10 ildə istehsal olunan elektrik avtomobillə bu il istehsal olunan arasında ekoloji baxımdan fərq yoxdur. Amma bizdə fərq qoyulur və daha əvvəl istehsal edilən bu avtomobillərə güzəşt tətbiq olunmur".

Natiq Cəfərli
Natiq Cəfərli

N.Cəfərlinin fikrincə, benzinin bahalaşması ilə bağlı addım atılacaqsa, bu, ölkənin gəlirlərinin azalmasından qaynaqlanacaq: "Ekologiya və başqa səbəblər sadəcə bəhanədir. Ölkənin gəlirləri kəskin şəkildə azalır (qaz ucuzlaşır, neft istehsalı azalır...). Ona görə də belə bir addım atılarsa, bu, ancaq bununla izah edilə bilər".

Amma iqtisadçı yaxın aylarda belə bir addımın atılacağına inanmır: "Azərbaycanda seçki sürəcidir (Bu il növbədənkənar parlament və bələdiyyə seçkilərik keçirilməlidir). Məncə, istənilən halda hökumət seçki dönəmində benzin və dizelin qiymətini qaldırmaqla özünə problem yaratmaz. Ona görə də, ola bilsin ki, seçkilərdən sonrakı dönəmdə buna gedilsin".

XS
SM
MD
LG