Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:44

Bayden Putinə: ...ABŞ və müttəfiqləri digər ssenarilərə də eyni dərəcədə hazırdır


Bayden və Putin
Bayden və Putin

Ağ Evin məlumatında vurğulanır ki, Bayden Putinə aydın şəkildə bildirib ki, əgər Rusiya Ukraynaya qarşı yeni işğala qərar verərsə , Vaşinqton və onun müttəfiqləri tez və qəti şəkildə cavab verəcəklər

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə telefon danışığına başlayıb. Söhbətdə Ukrayna ətrafında vəziyyət müzakirə olunur. Bu barədə Associated Press Ağ Evin kommünikesinə istinadən xəbər verir.

Prezidentlər arasında söhbət Moskva vaxtı ilə saat 19:04-də başlayıb, təxminən bir saatdan bir qədər çox davam edib.

Ağ Evin danışıqlardan sonra, fevralın 12-də yaydığı məlumatda deyilir ki, prezident Bayden Putinə aydın şəkildə bildirib ki, əgər Rusiya Ukraynaya qarşı yeni işğala qərar verərsə , Vaşinqton və onun müttəfiqləri tez və qəti şəkildə cavab verəcəklər.

"Növbəti işğal geniş insan iztirablarına səbəb olacaq və Rusiyanın nüfuzunu zəiflədəcək".

Məlumatda daha sonra vurğulanır ki, Prezident Bayden prezident Putinə açıq şəkildə bildirib ki, Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə tam koordinasiya şəraitində diplomatiyaya hazır olsa da, digər ssenarilərə də eyni dərəcədə hazırdır.

Yuri Uşakov, Moskva, 9 aprel 2020
Yuri Uşakov, Moskva, 9 aprel 2020

Elə həmin gün Kremlin yaydığı məlumatda Putinin köməkçisi Yuri Uşakovun brifinqdə dediklərinə istinad edilir.

Onun açıqlamasına görə, Putin Baydenə deyib ki, Qərb ölkələri Minsk razılaşmaları üzrə öhdəliklərini yerinə yetirmək üçün Ukraynaya lazımi təzyiq göstərmirlər. Moskva və Kiyev razılaşmaların təfsirində ciddi şəkildə fərqlənirlər, Rusiya isə ümumiyyətlə özünü münaqişə tərəflərindən biri kimi tanımaqdan imtina edir.

Kreml bir gün əvvəl danışıqları Amerika tərəfinin tələb etdiyini bildirmişdi. Ağ Ev deyir ki, Putin bazar ertəsi zəng etmək istəyib, lakin Bayden şənbə günü danışmaqda israr edib.

Bir gün əvvəl Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Ağ Evdə keçirdiyi brifinqdə Rusiyanın Pekin Olimpiadası zamanı, fevralın 20-dən əvvəl Ukraynaya müdaxilə etməyə hazır olduğunu bildirib.

Cümə günü ABŞ rəhbərliyi vətəndaşlarına növbəti 48 saat ərzində Ukraynanı tərk etməyi tövsiyə edib. Oxşar tövsiyələr Yaponiya, Böyük Britaniya və bir sıra Aİ ölkələri tərəfindən verilib.

Şənbə günü Fransa prezidenti Emmanuel Makron da Putinlə danışıb. Söhbət saat yarımdan çox davam edib. France-Presse agentliyi Makronun ofisinə istinadlə bildirir ki, Fransa prezidenti Putinə vəziyyətin gərginləşməsinin yolverilməzliyini qeyd edib.

Kremlin hesabatında deyilir ki, Rusiya prezidenti “Rusiyanın Ukraynaya planlaşdırılan “işğal”ı ilə bağlı təxribat xarakterli spekulyasiyaları” müzakirə edib.

Blinken və Lavrov telefonla Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər

Blinken və Lavrov
Blinken və Lavrov

Fevralın 12-də prezidentlərdən bir qədər əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda zəngin Amerika tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilir. Nazirliyin məlumatında qeyd olunur ki, Lavrov danışıqlar zamanı qeyd edib ki, Vaşinqton və onun müttəfiqləri Rusiyanı Ukraynaya qarşı təcavüzdə ittiham edərək Moskvaya qarşı “təbliğat kampaniyası” aparırlar.

Bundan başqa, XİN rəhbərinin sözlərinə görə, ABŞ Kiyevi Minsk razılaşmalarını sabotaj etməyə təşviq edir və “Donbass problemi”nin güc yolu ilə həllini dəstəkləyir.

Lavrov həmçinin bildirib ki, Vaşinqton və Brüssel Rusiyanın daha əvvəl irəli sürdüyü əsas təhlükəsizlik tələblərinə məhəl qoymayıb.

Blinken həmsöhbətinə münaqişənin diplomatik yolla həllinin zəruriliyindən danışıb, lakin bildirib ki, bunun üçün Moskva vəziyyəti deeskalasiya etməli və zəruri məsələlərin vicdanla müzakirəsinə qayıtmalıdır.

Dövlət Departamentinin bəyanatında deyilir ki, dövlət katibi Kremlin Kiyevə qarşı davam edən təcavüzünün ABŞ və müttəfiqlərinin sərt reaksiyasına səbəb olacağını vurğulayıb.

Telefon zəngindən bir müddət əvvəl Blinken hələ də bölgəyə yeni Rusiya hərbçilərinin gəlməsinə diqqət çəkib.

Xerson vilayətində keçirilən hərbi təlimlərə baş çəkən Ukrayna prezidenti Vladimir Zelenski isə bir daha ukraynalıları panikaya düşməməyə çağırıb.

Bu arada Rusiya ilhaq etdiyi Krımın sahillərində Qara dəniz donanmasının hərbi təlimlərinə başlayıb. Manevrlərin elan edilmiş məqsədi Krım sahillərinin mümkün hərbi təhdidlərdən müdafiəsini həyata keçirməkdir. Eyni vaxtda Rusiya-Belarus birgə “Müttəfiqlərin qətiyyəti - 2022” təlimləri də keçirilir.

XS
SM
MD
LG