Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:54

COVID beyinin funksiyasını poza bilər – araşdırma


Çində aeroport işçisi, iyul, 2022-ci il
Çində aeroport işçisi, iyul, 2022-ci il

Ümumilikdə COVID-19 xəstələrinin 3.7 faizində post- COVID simptomu yarandığı bildirilir

COVID-19-a yoluxanlar iki il keçəndən sonra psixoz, demensiya, “yaddaş pozğunluğu” riskiylə üzləşiblər. Bu haqda “Politico” bu gün – avqustun 18-də dərc olunmuş araşdırmaya istinadla yazır.

Oksford Universitetinin tədqiqatçıları bir milyondan çox xəstənin sənədlərini araşdıraraq belə qənaətə gəliblər ki, COVID-19-a yoluxanlar iki ildən sonra artan nevroloji və psixoloji problemlərdən əziyyət çəkirlər.

Böyüklər və azyaşlılar

İlkin mərhələdə bəzi əlamətlərdə yüksəliş qeydə alınsa da sonradan sabitləşib. Narahatlıq və depressiya yoluxmadan iki ay sonra digər respirator xəstəliklərlə eyni səviyyəyə enib.

Ancaq məsələn, COVID-19-dan sağalmış 18-64 yaşlılar yaddaş pozğunluğundan, digər respirator xəstəlikləri olanlardan 16 faiz daha çox əziyyət çəkiblər. Yaşı 65-dən yuxarı olanlar üzrə fərq daha böyükdür, çünki bu yaş qrupunda psixoz və demensiya riskinin də artdığı üzə çıxıb.

Əsasən ABŞ-dan olan xəstələrin datası xəstəliyin azyaşlılara da təsirini ortaya qoyub. COVID-19-dan sağalan uşaqlar epilepsiya və qıcolmadan respirator xəstəlikdən sağalanlardan iki dəfə çox əziyyət çəkiblər. Onlarda psixi pozğunluq riski də üç dəfə artıq olub.

“The Lancet Psychiatry” dərgisində dərc olunmuş araşdırmaya görə, hətta hazırda dünyada dominant olan daha yüngül Omikron ştammı belə oxşar uzunmüddətli risklər yarada bilər.

Yalnız ağır xəstələr

Araşdırma müəlliflərindən biri Maksim Take deyib ki, tədqiqat yalnız ağır xəstələnərək səhiyyə sistemində qeydiyyata salınan, COVID-19 diaqnozu qoyulan şəxsləri əhatələyir, yəni yoluxmanı yüngül keçirənlərə aid deyil.

Bu tədqiqat koronavirusun qalıcı ziyanına əlavə dəlil deməkdir. Bu məsələ hökumətləri narahat edir, onlar “uzunmüddətli COVID”in simptomlarının araşdırılması və müalicəsinə pul xərcləyirlər. Buraya nevroloji problemlərlə yanaşı, yorğunluq və təngnəfəslik də daxildir.

Ümumilikdə COVID-19 xəstələrinin 3.7 faizində post- COVID simptomu yarandığı bildirilir.

Son 2 ildə dünyada koronavirusa 600 milyona yaxın insan yoluxub, 6,5 milyon nəfər dünyasını dəyişib. Azərbaycanda aşkarlanmış yoluxma sayı 800 mini keçib, 9 min 700-dən çox xəstə vəfat edib.

XS
SM
MD
LG