Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:22

Deputatlardan konqresmenlərə cavab: 'Dövlət müstəqilliyinə qarşı demarşdır'... 'Necə həyəcanlanıblarsa...'


Milli Məclis
Milli Məclis

Milli Məclisin (MM) 43 deputatı oktyabrın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək, Amerika Birləşmiş Ştatları (ABŞ) ilə münasibətlərə yenidən baxılması və müdafiə sahəsində əməkdaşlığa dair sazişlərə xitam verilməsini istəyib.

Onlar ABŞ-nin Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və onun qeyri-hökumət təşkilatlarının Azərbaycanda gerçəkləşdirdiyi bütün layihələrin dayandırılmasını, eləcə də USAID-in ölkələrində fəaliyyətinə son qoyulmasını xahiş ediblər.

Deputatların ləğv edilməsini istədikləri sənədlər sırasında “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” birgə bəyanat (1997-ci ildə imzalanıb) və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” (2013-cü il) saziş yer alıb.

Deputatlar bu müraciəti ABŞ Konqresinin bir qrup üzvünün dövlət katibi Entoni Blinkenə (Antony Blinken) müraciətinə cavab olaraq hazırlayıblar.

Oktyabrın 3-də ABŞ-ın 60-dək konqresmeni dövlət katibi E.Blinkeni gələn ay Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində insan haqlarının müdafiəsi və bütün siyasi məhbusların azad edilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevə təzyiq göstərməyə çağırıb: "Biz Dövlət Departamentini COP29-da uğurlu diplomatiya üçün daha əlverişli mühit yaratmaqdan ötrü etnik ermənilər də daxil olmaqla, bütün siyasi məhbusların, girovların və hərbi əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsinə nail olmağa çağırırıq".

Konqresmenlər həmçinin “Ermənistana qarşı təxribat xarakterli bəyanatların” verilməsinin dayandırılmasını istəyiblər.

Azərbaycan prezidenti İ.Əliyev isə müraciəti tənqid edib: “Bizim iradəmizə təsir edə bilməz... Məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır”.

Azərbaycan prezidentinin tənqidinə, hələlik, ABŞ-dan reaksiya gəlməyib.

'On milyardlarla dollar itirəcəksiniz' - Avropa Bakını tənqid edib niyə əməkdaşlıq edir?
Gözlə

No media source currently available

0:00 0:11:54 0:00

“Söhbət artıq dövlət müstəqilliyinin təhdid altında...”

Müraciəti imzalayan deputatlarından biri Fazil Mustafa “Turan”a deyib ki, burada söhbət artıq dövlət müstəqilliyinin təhdid altında olmasından gedir: “ABŞ-ın bu addımı yalnız ermənipərəst bir mövqeyin ifadəsi deyil, Azərbaycanın dövlət müstəqilliyinə qarşı bir demarşdır”.

Deputat qeyd edib ki, müstəqillik ən ali dəyərdir: “Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan bu təhdidli addımı əlbəttə ki, Amerikanın bizə qarşı münasibətinin nə dərəcədə yarıtmaz vəziyyətə gəlib çıxdığını göstərir”.

F.Mustafanın sözlərinə görə, bu, Azərbaycandan asılı məsələ deyil: “Biz Amerika ilə münasibətləri pisləşdirmirik ki. Amerika deyir ki, mən Ermənistan üçün hər cür addım atmağa hazıram. Amma onlar üçün atdığı addım bizim dövlət müstəqilliyimizi təhdid edir. Ona görə də Azərbaycan dost olmayan davranışa görə necə münasibət bildirməlidir?”

O, bildirib ki, ABŞ böyük dövlətdir, onun tətbiq etdiyi sanksiya, Azərbaycana qarşı atdığı addımlar müəyyən qədər nəticələri doğura bilər:

“Amma bu o demək deyil ki, biz bu təzyiqin altında müstəqilliyimizi təhdid edən davranışlara sadə bir gözlə baxmalıyıq. O baxımından da məncə, bu kimi məsələlərdə Azərbaycan prinsipial mövqe nümayiş etdirməlidir”.

“Bizim ABŞ-la bir problemimiz yoxdur”

Deputatın fikrincə, Azərbaycanın ABŞ-la münasibətləri yaxşılaşdırmaq üçün bütün atdığı addımları ortadadır: “Bizim ABŞ-la bir problemimiz yoxdur və bu istiqamətdə dəfələrlə ayrı-ayrı bəyanatlar vermişik, iradə nümayiş etdirmişik. Amma nəticədə ABŞ Azərbaycanla dostluğu ancaq erməni məsələsinə münasibət üzərində görürsə, bu, gülüncdür. Onda biz Amerikaya münasibəti hinduların üzərində aparaq?"

O, hesab edir ki, bu baxımından Azərbaycanın atdığı addım anlaşılandır: “Bunun bizə hər hansı şəkildə zərbəsi dəyə bilər, amma biz müstəqilliyimizi təhdid altına alan bu davranışa imkan versək dalınca digər dövlətlər və birliklər də eyni addımı atacaq”.

Deputatların bu müracitəinə, hələlik, Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma müraciəti bəzi müxalifət partiyaları tənqidlkə qarsalayıblar.

“Necə həyacanlanıblarsa...”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli hesab edir ki, ABŞ-ın 60-a yaxın konqresmen və senatorunun 300 nəfərdən artıq siyasi məhbusun hamısını COP 29 ərəfəsində azad etmək çağırışı hakim düşərgəni çox həyacanlandırıb: “Necə həyacanlanıblarsa, reallıq hissini itirərək ABŞ-ı sanksiya ilə hədələməyə başlayıblar. Heç öz seçki dairəsində belə tanınmayan, Milli Məclisə isə İlham Əliyev tərəfindən təyin olunmuş deputatların ABŞ-ı hədələməsini sosial şəbəkə fəallarının əksəriyyəti gülüşlə qarşılayır”.

Ə.Kərimli əlavə edib ki, onlar əvvəllər “çürük diktaturalar” və “avtoritar rejimlər”in ABŞ-ı belə hədələnməsini az görməyiblər:

“Hazırda Azərbaycan hakimiyyətinə Qərbdən gələn təzyiqlərin 90 faizi ölkədəki siyasi məhbusların azadlığa buraxılması və Ermənistanla sülhün tezləşdirilməsilə bağlıdır. Hər iki məsələ Azərbaycanın milli maraqlarına tamamilə uyğundur”.

Siyasi şərhçi Nəsimi Məmmədli də mövzu ilə bağlı Azadlıq Radiosuna deyib ki, Azərbaycan-ABŞ münasibətlərinin yaxşı olması Azərbaycanın milli maraqlarına tamamilə uyğundur: “Çünki ABŞ dünyanın ən qüdrətli dövlətidir. Eyni zamanda ABŞ Azərbaycanın milli təhlükəsizlik maraqlarında eyni zamanda iqtisadi və siyasi maraqlarında da müəyyən dövrlərdə müsbət rolunu oynayıb”.

“Azərbaycan azadlıqlar sahəsində ABŞ-la gərginlik yaşayır”

Ekspert qeyd edib ki, beynəlxalq terrorizmə qarşı mübarizədə də iki ölkə arasında ciddi əlaqələr olub: “Azərbaycan sadəcə olaraq, insanların hüquq və azadlıqları sahəsində ABŞ-la münasibətdə müəyyən gərginlik yaşayır. Çünki faktiki olaraq Azərbaycan hakimiyyəti demokratik islahatlardan yayınmağa çalışır. Bu da münasibətlərdə müəyyən gərginlik yaradıb”.

Onun fikrincə, son zamanlar bir sıra geosiyasi məsələlər var ki, onlar hər bir dövlətin təhlükəsizlik maraqları baxımından müəyyən tərəddüdlər yaradır: “Azərbaycanın yerləşdiyi coğrafiya Rusiya və İrana daha çox bağlı regiondur. Son illərdə Rusiyanın təsiri Azərbaycanda kifayət qədər artıb. Xüsusilə 44 günlük müharibəsindən və Ukrayna-Rusiya müharibəsindən sonra Rusiya Azərbaycanda özünü daha çox rahat hiss edir”.

Politoloq hesab edir ki, Milli Məclisin deputatlarının müstəqil şəkildə belə bir addımın atması inandırıcı deyil: “Bu, hökümətin yanaşmasıdır və özünün özünə müraciətidir. Hökümət daha çox Rusiyayaya, İrana göstərməyə çalışır ki, mən də sizinlə eyni dərəcədə ABŞ-la münasibətləri gərgin olan bir dövlətəm və bununla bu iki dövlət tərəfindən hər hansı təhlükəli davranışını önləməyə çalışır”.

Xatırlatma

Rəsmi Bakının son illər Qərblə münasibətlərində ayrı-ayrı vaxtlarda gərginlik yaşanıb. Özəlliklə bu il növbədənkənar prezident, parlament seçkiləri fonunda Qərb ölkələri və təşkilatlarının Azərbaycanda narazı kəsimi etirazlara həvəsləndirmələri, müxalifət liderlərinin təlimatlandırılması kimi iddialar səslənib. Ötən ilin sonunda münasibətlərdə gərginlik artıb, ABŞ səfirliyinin məzun tədbiri "casus şəbəkəsi ilə görüş" adı ilə təqdim olunub. Ancaq ABŞ-nin yeni təyin olunmuş səfiri Mark Libbi Bakıya gələndən sonra həmin tədbir baş tutub.

Bəzi yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının hesablamalarına görə Azərbaycanda 300-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri bu iddialarla razılaşmırlar.

Ötən əsrin 80-ci illərində qizişan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycan Qarabağ daxil 20 faiz ərazisinin işğal edildiyini açıqlayıb. Amma 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Bundan sonra bölgədəki erməni əhali Ermənistana köç edib. Oradakı separatçı qurumun bir çox təmsilçiləri isə həbs edilərək Bakıya gətiriliblər.Onlar əsasən hərbi cinayətlərdə ittiham edilirlər.Rəsmi Yerevan Bakinin 2023-də “ antirerror tədbirləri”kimi təqdim etdiyi hərbi əməliyyatları “etnik təmizlənmə” adlandırıb

Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG