Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:19

Ötən il Azərbaycanda bir mənbədən satınalmalar artıb


Bir aylıq şirkətlər 200 min manatlıq dövlət tenderini necə udur?
Gözlə

No media source currently available

0:00 0:05:56 0:00

Bir aylıq şirkətlər 200 min manatlıq dövlət tenderini necə udur?

Dövlət satınalmaları Azərbaycanda korrupsiya hallarının ən çox yayıldığı sahələrdən biridir. Tenderlərin onu elan edən qurumun rəhbərliyinə məxsus və ya ona yaxın şirkətlərə verilməsi, tenderdə qalib edilməsi üçün əlavə ödənişlərin alınması kimi hallarla bağlı indiyədək çoxsaylı faktlar üzə çıxıb. Hər il Azərbaycanda dövlət satınalmalarına milyardlarla manat ayrılması bu istiqamətdə görülməli olan işlərin vacibliyini artırır. Şəffaflıq və hesabatlılıq mühiti yetərsizdirsə, hər il milyardlarla manatlıq dövlət satınalmaları büdcə vəsaitlərindən effektiv istifadəni risk altında qoyur.

Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanda dövlət satınalmalarına 7 milyard 546 milyon manat sərf edilib. 2022-ci ildə bu göstərici 6 milyard 779 milyon manat idi, yəni ötən il dövlət satınalmalarının həcmi 767 milyon manat və ya 11 faizdən çox artıb. Bu il ölkədə bir mənbədən, yəni rəqabətsiz satınalmaların həcmi 2 milyard 856 milyon manat olub. Başqa sözlə, bütün satınalmaların, məbləğ olaraq, 38 faizi rəqabətsiz satınalma metodu ilə aparılıb.

Müqayisə üçün: 2022-ci ildə toplam dövlət satınalmalarının həcmi 6 milyard 779 milyon manat, bir mənbədən satınalmaların həcmi 2 milyard 779 milyon manat, yəni inişil bir mənbədən satınalmaların toplam satınalmalardakı payı 34 faizə yaxın idi. Başqa sözlə, 2022-ci ildə hər 100 manatlıq dövlət satınalmalarının 34 manatı rəqabətsiz şəkildə gerçəkləşdirilmişdisə, ötən il bu məbləğ 38 manata yüksəlib və həcmlə yanaşı, say olaraq da bir mənbədən satınalmaların payı artıb. 2022-ci ildə toplam 12 min 102 dövlət satınalmasının 35 faizi (4 min 278) bir mənbədən satınalma şəklində gerçəkləşdirilmişdi. Ötən il toplam 12 min 483 dövlət satınalması olub. Bunun da 37 faizi (4 min 665) rəqabətsiz şəkildə baş tutub. Hökumətin dövlət satınalmalarında şəffaflığı təmin etməklə bağlı açıqlamaları olsa da, satınalmalarda rəqabətsiz satınalmaların payca artması hökumətin bu sahədəki fəaliyyətinin effektivliyini sual altında qoyur.

2023-cü ildə baş tutan dövlət satınalmalarının, məbləğ olaraq, 48 faizi açıq tender, 13 faizi təkliflər sorğusu, 0.8 faizi isə kotirovka sorğusu şəklində həyata keçirilib.

Bir aylıq şirkət 48 minlik tenderi necə qazanıb?
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Satınalmalar daha çox dördüncü rübdə keçirilib

Dövlət satınalmaları ilə bağlı açıqlanan göstəricilərdən bəlli olur ki, bu satınalmaların böyük bölümü ilin sonunda baş tutur. Ötən il Azərbaycanda aparılan dövlət satınalmalarının (12 min 483) 35 faizi ilin son rübündə gerçəkləşdirilib və il ərzində ən çox dövlət satınalması məhz dördüncü rübdə baş tutub. Dövlət Hesablama Palatasının 2023-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində qeyd edilir ki, dövlət satınalmalarının, əsasən, ilin sonunda aparılması bir sıra risklər yaradır və dövlət satınalmaları ilə bağlı planlaşdırmada boşluqların olduğunu göstərir.

Satınalmaların ilin sonunda həyata keçirilməsi dövlət maliyyəsi üçün bir sıra risklər doğurur. Belə ki, bu hal ilin sonunda istifadə edilməyən vəsaitin bank hesablarına, akkreditiv hesablara yönəldilməsinə yol açır, eyni zamanda ilkin ödəniş (avans) üçün əhəmiyyətli məbləğin podratçılara köçürülməsinə, bununla da ilin sonunda qabaqcadan ödəniş məbləğlərinin artımına səbəb olur. Dövlət satınalmalarının daha çox ilin dördüncü rübündə keçirilməsi planlaşdırma işinin satın alan təşkilatlar tərəfindən düzgün aparılmamasından, satın alan təşkilatların bu sahədə yetərincə səriştəsinin olmamasından qaynaqlanır. Satınalmanın baş tutması üçün bəzi mal və xidmətlərin təchizatı ilə məşğul olan podratçıların say yetərsizliyi və ya uyğun bazarın, hələ ki, tam formalaşmaması və s. amillər də bunda mənfi rol oynayır.

Hələ də kağız daşıyıcılarla tender keçirilir

Azərbaycanda dövlət satınalmaları sahəsindəki korrupsiyanın aradan qaldırılması ilə bağlı hökumətin ictimaiyyətə təqdim etdiyi mexanizmlərdən biri "e-tender" platformasıdır. Bu onlayn platforma dövlət satınalmalarının elektron şəkildə aparılmasını nəzərdə tutur. Dövlət satınalmaları ilə bağlı açıqlanan rəsmi göstəricilərdən görünür ki, elektron platforma uzun müddətdir fəaliyyət göstərsə də, satınalmaların önəmli bölümü hələ də kağız daşıyıcılarda gerçəkləşdirilir. Düzdür, satınalmanın onlayn platforma vasitəsi ilə aparılması hələ onun şəffaflığına 100 faiz zəmanət vermir, ancaq bu halda dövlət satınalmalarında iştirakçılıq nisbətən daha yüksək ola bilər.

Rəsmi rəqəmlərə görə, ötən il keçirilən açıq tenderlərin sayca 3 faizi, məbləğ olaraqsa 55 faizi kağız daşıyıcılar vasitəsi ilə aparılıb. Dövlət qurumları nisbətən azməbləğli satınalmaları onlayn platforma üzərindən həyata keçirsələr də, iri həcmli satınalmalar daha çox kağız daşıyıcılarla aparılıb. 2023-cü ildə etender.gov.az - dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilmiş dövlət satınalmalarının toplam satınalmalarda payı say baxımından 58 faiz, məbləğ olaraqsa, cəmi 22 faiz olub.

Neftçalanın yeni icra başçısı necə işləyir? Müəmmalı tenderin izi ilə
Gözlə

No media source currently available

0:00 0:08:29 0:00

Yeni qanun işə yarayacaq?

Bu il yanvarın 1-dən Azərbaycanda dövlət satınalmaları ilə bağlı yeni qanun qüvvəyə minib. Həmin qanunda satınalmalara dair yeniliklərin tətbiqi nəzərdə tutulub. Yeni qanuna görə, dövlət satınalmaları yalnız portal vasitəsilə aparılacaq, təkliflərin cəlb edilməsi barədə elanlar portalda yerləşdiriləcək, məxfi məlumatlarla əlaqəli satınalma və bu satınalmalarla bağlı prosedurlar kağız daşıyıcılarda həyata keçiriləcək.

Ehtimal olunan qiymət 100 min manat və ondan çox olduqda satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilməlidir. Ehtimal olunan qiymət 100 min manatdan az olduqda satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər.

Yeni hazırlanan qanunda dövlət satınalmalarına nəzarətin artırılmasına dair yeni maddələr olsa da, müstəqil ekspertlərin fikrincə, qanunun tətbiqi dövlət satınalmalarında korrupsiya hallarını tam aradan qaldırmağa yetərli deyil. Gerçək budur ki, Azərbaycanda dövlət satınalmalarındakı pozuntuların əsas səbəblərindən biri ölkədə məmur sahibkarlığının geniş yayılmasıdır. İndiyədək bir çox jurnalist araşdırmasında sübut olunub ki, dövlət qurumlarının elan etdiyi tenderlərin qalibləri çox vaxt həmin qurum rəhbərlərinə məxsus şirkətlərdir. Rəhbər şəxslər əksər hallarda ailə üzvlərinə və digər yaxın adamlarına məxsus şirkətlərin bu tenderlərin qalibi olmasını təmin edir. Bu baxımdan, ölkədə dövlət satınalmalarında şəffaflığın təmin edilməsi üçün ən vacib amil məmur sahibkarlığını, dolayısıyla, maraq toqquşmasını aradan qaldırmaqdır.

O da var ki, bəzi hallarda dövlət satınalmaları ilə bağlı tenderlərdə süni rəqabət yaratma halları da baş verir. Eyni şəxsə məxsus müxtəlif şirkətlərin tenderdə iştirakı təmin edilir. Həmin yalançı şirkətlərin daha çox qiymət tələb etdiyi şəraitdə eyni şəxsə bağlı bir şirkət daha az ödəniş tələbi ilə təklif edilən işi həyata keçirir və beləcə, açıq tenderin rəqabət ortamında baş tutduğu görüntüsü yaradılır. Digər tərəfdən, yeni qanundakı bəzi maddələr də satınalmalarda korrupsiya hallarının davam etməsinə şərait yarada bilər. Məsələn, qanunun 49.1.3-cü maddəsində qeyd edilir ki, "standartlaşdırma mülahizələrinə əsasən" və ya "uyğunluğu təmin etmək zərurəti baxımından" satınalma bir mənbədən keçirilə bilər. Ancaq satınalmanı gerçəkləşdirən orqanın bu mülahizə və qənaətə necə gəlməsi məsələsi açıq qalır və həmin təşkilatlar heç də reallığı əks etdirməyən mülahizə və qənaətlər hesabına bir mənbədən satınalma keçirilməsini istəyə bilər.

XS
SM
MD
LG