Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:09

Sürgündəki əfqan professorlar qadınlar universitetlərə qayıtmasa, geri dönməyəcəklərini deyirlər


Kabildə əfqan qadınlar universitet təhsilinə qoyulan qadağaya etiraz edirlər. 2022
Kabildə əfqan qadınlar universitet təhsilinə qoyulan qadağaya etiraz edirlər. 2022

Taliban hakimiyyəti ələ keçirməsindən az sonra Əfqanıstan universitetlərində öz radikal islami dəyərlərini tətbiq etməyə başlayıb.

Aşırı mühafizəkar islamçı qrup indi də ixtisaslı ali məktəb müəllimlərinin çatışmazlığı ilə üzləşdiyindən ölkəni tərk edən müəllimləri vətənə qayıtmağa razı salmağa çalışır.

Talibanın Təhsil naziri Neda Məhəmməd Nadim bu həftə hökumətin xaricdə yaşayan yaxşı müəllimlərin qayıtması üçün müxtəlif ölkələrə …nümayəndə heyətləri göndərdiyini bildirib. Ancaq iki il öncə - Taliban hakimiyyəti ələ keçirərkən ölkəni tərk edən müəllimlər qayıtmağa bir səbəb olmadığını deyirlər.

"Önəmli olan tənqidi düşüncə və ifadə azadlığıdır"

"Universitetdə professor olmaq yalnız gəlir və karyeradan ibarət deyil, önəmli olan müstəqillik, tənqidi düşüncə və ifadə azadlığıdır. …[Taliban] kimi hökumətin əlində bizim belə hüquqlarımız yoxdur. …Daha inkişaf etmiş ölkələrə gedən professorlar qayıtmayacaq", - Əfqanıstanı tərk edərək xarici ölkəyə köçən müəllim Sami Rasax Radio Azadi-yə belə deyib.

Talibanın bütün bu səylərinə baxmayaraq, müəllimlərə nə öyrədəcəkləri və kimə öyrədəcəkləri ilə bağlı ciddi məhdudiyyətlər qoyulur. Qız və qadınların ali təhsil almaq hüququnun əllərindən alınması nəticəsində əksər qadın müəllimlər peşələrini, ya da elə ölkəni tərk etməli olublar.

Kabil Universitetinin keçmiş riyaziyyat professoru Obaydullah Vardak deyir ki, Taliban professorların ölkəyə qayıtmasına ümid etməzdən öncə qız və qadınların universitetdə oxumaq hüquqlarını özlərinə qaytarmalıdır: "Professorlardan maşın kimi dərs demələrini gözləməməlidirlər. Professorlar hər hansı inkişafın olub-olmadığını görmək istəyirlər. İlk addım kimi universitet qapılarının yenidən qızların üzünə açılmasını tələb edirik".

Taliban "təmizləmə" siyasətindən əl çəkmir

Taliban çox sayda universitet professorunu, özəlliklə qadınları işdən qovub və onları öz mollaları ilə əvəzləyib. Onlarla professor da Talibanın təhsilə gətirdiyi bu sərt qadağalara etiraz edərək işdən çıxıb.

Öz aşırı mühafizəkar dəyərlərini də həyatın bütün sahələrinə yükləməyə çalışan Taliban universitetlərdə apardığı bu "təmizləmə" siyasətini hələ də davam etdirir.

Taliban ölkədə çağdaş dünyəvi təhsilin bütün formalarının kökünü kəsməyə söz verib. ABŞ-ın 2001-ci ildə Taliban hakimiyyətinə son qoymasından sonra Əfqanıstanda dünyəvi təhsil çiçəklənirdi. Di gəl, islamçı qrup hakimiyyəti yenidən ələ keçirincə, dünyəvi məktəbləri, dövlət universitetlərini və peşə təlim mərkəzlərini islam seminariyalarına çevirdi və ölkədə mədrəsə sayını artırdı.

Çox sayda professor Radio Azadi-yə deyib ki, indi geri dönmələrini istəyən Təhsil Nazirliyi daha öncə onları Taliban hökumətinin ixtisassız üzvləri ilə əvəzləməyi əmr etmişdi.

"Bir yandan mənim işdən çıxarılmağımı əmr edəcək, o biri yandan da məni dəvət edəcək? Professor qayıdarsa, onun yenidən həbs olunmayacağına, mənim insan haqlarımın, ləyaqətimin qorunacağına hansı təminatlar var?", - Kabildəki Şeyx Zahid Universitetinin keçmiş professoru Nurullah Şadın sözləridir.

Taliban 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirəndə 1996-2001-ci illərdə tətbiq etdiyi qəddar idarəçiliyə qayıtmayacağına söz vermişdi. O vaxt dövlət qulluqçularını, hərbi personalı, həkimləri və digər peşə sahiblərini itirdiyini görən Taliban onları öz əvvəlki iş yerlərinə geri dönməyə çağırdı. Mükafat kimi isə qız və qadınların təhsil hüququna sayqı göstərəcəyinə söz verdi. Öncəki hökumətdə çalışan əsgər və polislərə isə amnistiya təklif etdi.

Taliban vədlərinə xilaf çıxıb

Ancaq insan haqları təşkilatları çox sayda keçmiş hərbi və polis əməkdaşlarının hədəfə alınaraq öldürülməsi hallarını qeydə alıblar. Beynəlxalq ictimaiyyət Talibanın qız və qadınların hüquqları ilə bağlı vədlərini yerinə yetirməməsindən qəzəbləndiyini dilə gətirib.

Üstəlik, qız və qadınların universitetdə oxumasına qoyduğu qadağaları tənqid etdiyi üçün Talibanın həbs etdiyi universitet professorları da var.

BMT-nin Əfqanıstandakı missiyası bildirir ki, Taliban qadın haqları məsələsində dünyanın ən gericil ölkəsini yaradıb.

Xaricdə yaşayan S.Rasax deyib ki, İran və Pakistanda çətin durumda olan professorlar, bəlkə də, çarəsizlikdən Talibanın çağırışına cavab verərlər. Qayıdan professorlardan bir çoxu Radio Azadi-yə müsahibələrində S.Rasaxın dediklərini təsdiqləyiblər. Onlar xaricdə maliyyə problemləri və qanuni sənəd almaqla bağlı çətinliklər yaşadıqlarından qayıtmağa məcbur olduqlarını deyiblər.

XS
SM
MD
LG