Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:57

'Əlilliyin müəyyən olunması meyarları'na yazıda, yoxsa əməldə dəyişiklik edilir?


arxiv foto
arxiv foto

Nazirlər Kabineti “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edib. Söhbət habelə, “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə də dəyişikliklərdən gedir.

Qərarla xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri sütununa bir sıra yeni xəstəliklərin adları əlavə edilib. Həmin xəstəliklərin sırasında ürək, ağciyər xəstəlikləri öz əksini tapıb.

Son illər əlliliyin təyin edilməsi ilə bağlı ölkədə çoxsaylı şikayətlər eşidilir. Bu şikayətlərdə əlillik statusu almağın bir xeyli çətinləşdirildiyi bildirilir.

“Qızımızın anadangəlmə xəstəliyi var,..."

Ucar rayonun sakini 16 yaşlı S.İ.-nin valideynləri də qızlarına əlilliyin təmin edilməsi ilə bağlı şikayətlərini dilə gətiriblər. Adlarının çəkilməsini istəməyən valideynlərin sözlərinə görə, qızlarının ağır psixoloji xəstəliyi və buna dair bütün sənədlər olsa da, ona əlillik təyin edilmir: “Qızımızın anadangəlmə xəstəliyi var, danışa, özü yeyə bilmir. Diaqnoz da qoyulub. Qızımız pensiya alırdı, sonra kəsdilər, deyirlər təkrar müalicə edin. Pensiya yoxdur deyə, ona dərman da ala bilmirik”.

Valideynlər qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bir neçə gün əvvəl zəng vurub məsələ ilə maraqlanıb sənədləri qəbul etsələr də, hələlik ondan bir xəbər yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən həmin şikayətin taleyinə aydınlıq gətirmək mümkün olmayıb. Amma Nazirlikdən "Turan"a bildirilib ki, meyarlara yeni xəstəliklər əlavə edilib, bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizləri artırılıb, bəziləri üzrə orqanizmin funksiyalarının pozulması müddəti “müddətsiz” müəyyən edilib:

“Bütün bunlarda məqsəd..."

“Bütün bunlarda məqsəd bu sahədə vətəndaş məmnunluğunun daha da artırılması, əlilliyin qiymətləndirilməsi sistemində növbəti təkmilləşdirmə və sadələşdirmənin təmin edilməsidir”.

Vurğulanıb ki, 2023-cü ilin 6 ayında 25,5 min şəxsə əlillik təyin edilib, onlardan 12,2 mininə ilkin, 13,3 mininə təkrar əlillik statusu verilib: “Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunur”.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, problem Azərbaycanın başqa standartlara keçidlə bağlı qərar qəbul etməsindən başlayıb: “İnsanların xəstəlikləri və əlillik dərəcələri faizlə ölçülməyə başladı. Əvvəl əlilliyi qruplarla təsnifatlaşdırırdılar, indi isə əlillik əmək qabiliyyətinin neçə faiz itirdiyi ilə müəyyənləşdirilir”.

"Bizdə isə bu yenə də insan faktoruna bağlı oldu"

Hərçənd o, xatırladıb ki, bəzi ölkələrdə belə praktika var: "Amma orada avtomatlaşdırılmış bir sistem var və insan faktoru demək olar ki, sıfır dərəcəsindədir. Bizdə isə bu yenə də insan faktoruna bağlı oldu. Əvvəllər əlillik qrupları həkimlər təyin edirdi, indi isə eyni qaydada komissiya faizləri təyin etməyə başlayıb”.

O, qeyd edib ki, şikayətlər çox idi deyə indi Nazirlər Kabineti bəzi məsələlərə aydınlıq gətirməyə çalışır: “Əgər bu dəyişikliklər normal şəkildə tətbiq olunsa, son 2-3 ildə yaranmış narazlıqların bir çoxu aradan qalxa bilər. Amma yenə də bu insan faktoruna bağlı olacaqsa, hansısa korrupsiya halları, yaxud da rüşvət müqabilində xəstəliklərin qeyd olunması və ya əksinə səhvlərə görə qeyd olunmaması davam edəcəksə ciddi dəyişikliklərin olacağına inanmıram”.

Xatırlatma

2022-ci ilin iyunun 1-dən“Əlilliyin müəyyən olunması meyarları” qüvvəyə minib.

Bu meyarlara əsasən orqanizmin funksiyaları 30 faizdən artıq pozulduqda 31-60, 61-80 və 81-100 faizədək qiymətləndirilərək əlillik müəyyən edilir. Qiymətləndirmə 5 faiz aralığı ilə aparılır.

Orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal üzrə funksiyaların pozulma faizi müəyyən olunur. Əgər faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə 100 faizdən çox olmamaqla müəyyən edilir

XS
SM
MD
LG