Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:30

Qarabağ əlili Elvin Cəfərovun anası: 'Son iki ayda pensiyası kəsilmişdi'


Ruqiyyə Cəfərova
Ruqiyyə Cəfərova

Sabirabadda icra hakimiyyətinin binası önündə intihar edən Qarabağ əlili Elvin Cəfərovun ailə üzvləri onun psixoloji problemlərinin olması, hadisənin də bundan qaynaqlanması haqda iddialara münasibət bildirib. Anası Ruqiyyə Cəfərova deyir ki, oğlunun psixoloji problemi vardısa belə, bunu 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində qazanmışdı.

"Müharibədən əvvəl psixoloji problemi yox idi ki. Yaralanmağı da, kontuziyası da müharibədə olub. Bu adama niyə psixoloji yardım göstərmirdilər, müalicə eləmirdilər? Niyə heç maraqlanmırdılar? Maştağada da qardaşının hesabına bir müddət yatıb müalicə almışdı", – Cəfərova AzadlıqRadiosuna bildirib.

Heç vaxt intihar haqda danışmamışdı

Elvinin Şuşa uğrunda döyüşlərdə yaralandığını deyən ananın sözlərinə görə, o, öncə Füzulidə, daha sonra Gəncədə hospitalda müalicə alıb. Ardınca Qazaxa aparılıb, sonra isə Bakıya – Mərkəzi Hərbi Hospitala gətirilib. Bir müddət sonra isə Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasında müalicə alıb.

Cəfərova danışır ki, 3-cü qrup əlil olan oğlu 420 manat pensiya alırdı. Amma son iki ayda pensiyası kəsilmişdi. İki azyaşlı uşaq atası olan Elvinin ailəni dolandırmaqda çətinlik çəkdiyini deyən anasının sözlərinə görə, oğlu zaman-zaman biganə münasibətdən gileylənsə də, heç vaxt intihar haqda danışmamışdı: "Çətinlik olanda Elvin narazılıq edirdi ki, "belə yaşayış olar, vətən uğrunda canını qoyana qiymət verilmir". Amma deməmişdi ki, elə eləyərəm. Kreditimiz var, mənim pensiyam tam ora gedir. 66 yaşım var, Elvinin iki oğlunu da götürüb (rayonda şirkət rəhbəri) Məmməd müəllimin yanına getmişdim ki, dolanışıq çətindir, iş istəmişdim. Sağ olsun, məni işə götürdü. 1 hektar pay torpağımız var, bəlkə, bir 20 ildir verilib. Amma su olmadığına görə əkib-becərə bilmirik".

Sabirabadda icra hakimiyyətinin binası önündə intihar etmiş Qarabağ əlili Elvin Cəfərovun son aylarla pensiyasının kəsilməsi haqda ailə üzvlərinin dediklərini Dövlət Sosial Müdafiə Fondu (DSMF) təkzib edib. Fondun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşad Mehdili AzadlıqRadiosuna bildirib ki, iyun ayı da daxil olmaqla, Cəfərova pensiya ödənişində heç bir problem olmayıb.

"Qazimizə 30 iyun 2022-ci ilə qədər 420 manat təqaüd və müavinət ödənilib", - Mehdili belə deyib. O əlavə edib ki, bundan sonra mərhumun üç ailə üzvünə (həyat yoldaşı və iki azyaşlı oğlu) də 886 manat 50 qəpik ailə başçısını itirməyə görə pensiya təyin ediləcək: "Ailəyə 720 manat məbləğində dəfn üçün müavinət ödəniləcək".

Ailəsinin Bakıda mənzillə təmin olunmasını tələb edir

Qarabağ əlilinin anası övladının ölümündə günahı olanların tapılıb cəzalandırılmasını, oğluna "şəhid" statusunun verilməsini, onun uşaqlarının təhsil, səhiyyə probleminin həllini, ailəsinin Bakıda mənzillə təmin olunmasını tələb edir. Deyir ki, Elvin Cəfərov Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda çıxdığı yolda həyatını itirib: "Mənim oğlum sağlamlığını da Vətən uğrunda itirib, canını da bu Vətənə görə fəda edib".

Cəfərovlar ailəsi Elvinin hadisədən öncə çəkdirdiyi videoda Sabirabadın icra başçısını ittiham etdiyi halda, sonradan yas mərasiminə onun buraxılması haqda sosial şəbəkələrdə yazılanlara da münasibət bildirib. Mərhum döyüşçünün anası və qardaşı Elnur Cəfərov deyir ki, ailənin icra başçısından pul alması, bu üzdən yas məclisinə buraxılması haqda deyilənlər cəfəngiyatdır.

"Yas məclisinə düşmən də gəlsə, onu qova bilməzdik. Bu, öz əzizimizin ruhuna hörmətsizlik olardı. Nəinki qardaşımın qanını, bütün nəslimi nə pula sataram, nə də satın alaram", – Elnur Cəfərov bildirib.

Elnur Cəfərov
Elnur Cəfərov

"Onların hesabına işədüzəlmə haqda deyilənlər yalandır"

O, qardaşının dövlətdən aylıq təxminən 1000 manat civarında pul alması haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatı da təkzib edib. Deyir ki, bununla bağlı iradlarını nazirliyə də çatdırıb, onlardan dediklərinin sübutunu tələb edib: "Yaşıllaşdırmaya şəxsən özüm xahiş edib işə düzəltmişdim. Anam da özü iki uşaqla gedib, iş üçün xahiş edib, götürüblər. 290-300 manat maaşlı işdir. Onların hesabına işə düzəlmə haqda deyilənlər yalandır. Guya 11 min manat verilməsiylə bağlı deyilənlərin də sübutunu istədim. Mənə kamera görüntüsünü, ya qardaşımın imzası olan qəbzi göstərsinlər. İmkansızlığa görə neçə aydır heç bir müalicə ala bilmirdi...".

Cəfərov mərhum qardaşının ailəsinin Bakıda mənzillə təmin olunmasını istəyir. Deyir ki, özü hazırda Bakıda kirayə qalır, qardaşının ailəsinə də nəzarət edə bilməsi üçün buna ehtiyac var. O, baş vermiş hadisədə rolu olan şəxslərin tapılıb cəzalandırılması və qardaşına "şəhid" statusunun verilməsində də israrlıdır.

"Həyatda hərtərəfli qollarımı sındırdılar"

35-yaşlı Elvin Cəfərovun intiharı ilə əlaqədar Sabirabad rayon Prokurorluğunda araşdırma gedir. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, hadisədən əvvəl Sabirabad rayon İcra Hakimiyyətinin binası yaxınlığında onun videosunu çəkən şəxs də müəyyənləşdirilərək istintaqa cəlb edilib.

İyulun 10-da lentə alınmış sözügedən videogörüntülərdə Qarabağ döyüşçüsü icra başçısının qəbuluna düşə bilməməsindən şikayətlənir.

44 günlük müharibədəki xidmətlərinə görə səkkiz medal aldığını deyən 35-yaşlı Cəfərov vurğulayıb ki, iki azyaşlı övladını, xəstə anasını qoyub döyüşlərə yollanmışdı. "Başçının qəbuluna çıxmaq olmur. Niyə?! İmamdır, peyğəmbərdir?.. Həyatda hərtərəfli qollarımı sındırdılar. Məni o dərinliyində sındırmağın yeri yox idi...", - Cəfərovun sözləridir.

"Bu, siyasi məsələ deyil"

İyunun 12-də Sabirabad rayonunun Qalağayın kəndində Cəfərovlar ailəsinin qapısındakı yas mərasimində iştirak edən icra başçısı Siraqəddin Cabbarov onu qəbul etməməsi haqda deyilənlərlə razılaşmayıb. O bildirib ki, Elvin Cəfərovla bir neçə dəfə şəxsən görüşüb: "Elvinlə dəfələrlə görüşüm olub. İcra hakimiyyəti, bələdiyyə, icra nümayəndəsi tərəfindən imkan daxilində onun istəkləri həyata keçirilib. Həmişə diqqət göstərilən qazilərimizdən, Vətən müharibəsi iştirakçılarından olub".

Qarabağ əlilinin özünə qəsd etməsinin səbəblərinə gəlincə, icra başçısı bu haqda ətraflı danışmaq istəməyib. O bildirib ki, bu məsələni hüquq-mühafizə orqanları araşdırır: "Səbəbi hüquq-mühafizə orqanları araşdırır. Psixoloji durumunda problem olub, bu və başqa səbəblər hərtərəfli araşdırılacaq. Xahiş edirəm, heç kim siyasiləşdirməsin. Bu, siyasi məsələ deyil".

Rəsmi məlumat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov isə bildirib ki, Elvin Cəfərova pensiya, təqaüd, maddi yardım və əməkhaqqı formasında ümumilikdə aylıq 958 manat ödənilib. Onun sözlərinə görə, ötən ilin noyabrında Cəfərova 3-cü dərəcə əlillik təyin edilib. Bununla əlaqədar ona Prezidentin aylıq təqaüdü (300 manat) və aylıq müavinət (120 manat) təyin edilib. DOST İş Mərkəzi də onu 2021-ci ilin mayından aylıq 300 manat əməkhaqqı ilə işlə təmin edib.

"Elvin Cəfərovun ailəsinə "YAŞAT" Fondu tərəfindən 2021-ci ildə 6 min 500 manat maddi dəstək olunub. Hərbi səbəbdən 3-cü dərəcə əlilliyə görə "Azərsığorta" da 4 min 400 manat sığorta ödənişi edib", – nazirliyin rəsmisi sosial media hesabında məlumat yayıb.

Azərbaycan 2020-ci ildə hərbi əməliyyatlar nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Müharibədə 2 min 900-dən çox hərbçi həlak olub, minlərlə hərbçi yaralanıb. Rəsmi qurumlar müharibə iştirakçılarına, müharibə əlillərinə müxtəlif formada sosial dəstək göstərildiyini bildirir.

XS
SM
MD
LG