Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:50

Ermənistanda ABŞ-la birgə hərbi təlimlər başlanıb


İyulun 15-də başlanan təlimlərdə iştirak edən ABŞ hərbçiləri
İyulun 15-də başlanan təlimlərdə iştirak edən ABŞ hərbçiləri

ABŞ və Ermənistan hərbçiləri iyulun 15-də Yerevan yaxınlığında birgə hərbi təlimlərə başlayıblar.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bundan əvvəl xəbər vermişdi ki, Rusiya bu təlimləri kəskin tənqid edib.

Xəbər verilir ki, 10 gün davam edəcək təlimlər Yerevandakı Vazgen Sarkisyan adına Hərbi Akademiyanın ərazisində keçirilir.

Təimlərin açılış mərasimində Ermənsitanın müdafiə naziri Suren Papikyan çıxış edib.

Papikyan deyib ki, o ölkənin beynəlxalq sülh məramlı missiyalarında iştirak edəcək hərbçiləri üçün bu keçirilən təlimləri yüksək qiymətləndirir.

Təlimlər

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kviyen də mərasimdə çıxış edib. O Eagle Partner 2024 adlı təlimləri ABŞ və Ermənistan arasında uzunmüddətli partnyorluğun nümunəsi hesab etdiyini deyib.

Azatutyun yazır ki, iyulun 15-24-də keçirilən təlimlərdə Ermənistanın sülhməramlı briqadasının əsgərləri, ABŞ-ın Avropa və Afrikadakı qüvvələri, habelə Kanzas ştatının Milli Qvardiyası iştirak edirlər.

Bu da vurğulanır ki, təlimlər zamanı xəyali münaqişə zonasında “stabilləşdirmə hərəkətləri” ilə müşayiət olunan sülhməramlı əməliyyat məşq ediləcək.

Ötən sentyabrda ABŞ-ın 85, Ermənistanın isə 175 hərbçisi Yerevan yaxınlığında buna bənzər iki birgə təlim keçirmişdilər.

O vaxt da Rusiya və İran bu təlimləri tənqid etmişdi.

Tərəflər hazırkı təlimlərdə iştirak edən hərbçilərin sayını açıqlamırlar.

Moskvanın sərt reaksiyası

Rusiya Ermənistanın ABŞ-la daha bir müştərək hərbi təlimlərə ev sahibliyi etmək qərarını tənqid edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 12-də deyib ki, bu qərar Rusiya və Ermənistan arasında təhlükəsizlik bağlarına daha bir zərbə olacaq.

Zaxarova Xarici İşlər Nazirliyində keçirdiyi brifinqdə deyib ki, bu layihələr Rusiyanı və İranı regiondan sıxışdırıb çıxarmaq məqsədi güdür.

Onun sözlərinə görə Ermənistanın bütün təhlükəsizlik sisteminin formatının dəyişdirilməsi Qərbə Yerevanın özünə qarşı “əlavə təsir aləti” verir.

İyulun 11-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin demişdi ki, Qərbin Ermənistanla yaxınlaşması Rusiyanın maraqlarına qarşı yönəlib:

“Məqsədi Rusiyanın “strateji məğlubiyyəti” olanlarla əməkdaşlığın belə sürətlə dərinləşdirilməsi ilə Yerevan öz əlləri ilə Cənubi Qafqazdakı vəziyyəti, öz təhlükəsizliyi də daxil ciddi şəkildə sabitsizləşdirmək riskinə girir. Düşünürəm ki, Ermənistanın məlumatlı ekspert və siyasətçiləri belə məsuliyyətsiz addımların bədəlindən xəbərdardırlar”.

Təlimlərdə iştirak edən Ermənistan briqadasının hərbçiləri
Təlimlərdə iştirak edən Ermənistan briqadasının hərbçiləri

Ermənistanın baş naziri Nikol Paşinyan ötən ay parlamentdəki çıxışında yenidən ölkəsinin KTMT-dən çıxa biləcəyinə işarə etmişdi.

Ermənistan hakimiyyəti KTMT-nin daha bir bəyanatını cavabsız buraxıb. Təşkilat Ermənistandan onunla münasibətlərinin perspektivinə aydınlıq gətirməsini tələb etmişdi.

Ermənistan artıq xeyli müddətdir ki, KTMT-nin iclaslarında iştirak etmir və bu təşkilatın fəaliyyətinin maliyyələşdirilməsini dayandırıb.

Ermənistan baş naziri 2023-cü ilin noyabrında KTMT-nin Minskdə keçirilən sammitinə qatılmaqdan imtina etmişdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG