Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:53

Ermənistanda konstitusiyanın dəyişdirilməsinə dair mübahisələr getdikcə qızışır


Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının lideri Hayk Koncoryan
Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının lideri Hayk Koncoryan

Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi komandası ölkə konstitusiyasından 1990-cı il Müstəqillik Bəyannaməsinə dair müddəaların çıxarılması barədə hələ də yekun qərar verməyib.

Ermənistan müxalifətinin həftələrdir bunun Azərbaycanın tələbi olduğunu deməsinə baxmayaraq, Azərbaycan prezidenti İlham Əliyev bu müddəaların çıxarılmasının sülh prosesinə “fayda verəcəyini” ilk dəfə fevralın 1-də deyib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu fevralın 6-da hakim “Vətəndaş müqaviləsi” fraksiyasının lideri Hayk Koncoryan deyib:

“Mən bildirmək istəyirəm ki, bu barədə hələ yekun qərarımız yoxdur. Hələlik bu barədə yekun qərar qəbul etmək və bu baxımdan suallar qaldırmaq üçün tezdir”.

Lakin Koncoryan bunu da vurğulayıb ki, “biz hər hansı mətni müqəddəs yazı hesab etməməliyik”.

Ziddiyyət yaradan istinadlar

Ermənistan Konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir.

Öz növbəsində bu bəyannamədə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunur.

Yeri gəlmişkən o vaxt ən ali instansiya olan SSRİ Ali Soveti sözü gedən aktı dərhal ləğv etmişdi.

Bundan başqa 1995-ci ildə qəbul edilmiş indiki Ermənistan konstitsuiyasının preambul hissəsində habelə dünya birliyinə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrin “erməni soyqırımı” kimi tanınmsına çağırış edilir.

Əliyev necə demişdi?

Paşinyan ötən həftə yenə də indiki konstitusiyanı tənqid etmiş və bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmyacaq.

Beləliklə də baş nazir Ermənistana yeni konstutiya lazım olmasına dair bundan əvvəl verdiyi bəyanatı bir daha təsdiqləyib.

Prezident İlham Əliyev fevralın 1-də demişdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.

Onun sözlərinə görə, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.

“Əliyev və Paşinyan az qala bir ağızdan...”

Ermənistan müxalifəti Əliyevin bu bəyanatı verməsini Paşinyanın Azərbaycanın təzyiqi altında 1990-cı il Müstəqillik aktını ləğv etmək niyyətində olmasının sübutu adlandırıb.

Müxalif deputat Artur Xaçatryan bu barədə Azatutyuna danışıb:

“Əliyev və Paşinyan az qala bir ağızdan Ermənistan xalqından eyni tələbi edirlər. Burdan aydın olur ki, Əliyev Paşinyanı güzəştlərə getməyə məcbur edir”.

Koncoryan isə Paşinyanın konstitusiyanı Əliyevin tələbi ilə dəyişmək istəməsinə dair iddiaları rədd edib.

Azatutyun yazır ki, Paşinyanın özü bu barədə fevralın 1-də ölkə ictimai radiosuna müsahibəsində daha yumşaq danışmışdı.

Azatutyun bunu da xatırladır ki, müxalif Hayastan fraksiyasının deputatı Xaçatryan Ermənistan XİN-in icazəsi iə Bakı və Yerevan arasında mübadilə olunan təkliflərin mətni ilə tanış olub.

Fikir ayrılığı hakim partiyada da var

Buna baxmayaraq müxalifət deputatları fevralın 2-də birgə bəyanatla çıxış ediblər.

Xaçatryan deyib ki, Azərbaycanın sülh müqaviləsinə dair təklifi Ermənistan üçün son dərəcə qeyri-məqbuldir:

“Mən öz mövqeyimizdə qalıram ki, bizə belə təkliflər verən ölkə bizimlə sülh müqaviləsi imzalamaq istəyində və niyyətində ola bilməz”.

Fevralın 2-də Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri və Paşinyanın müttəfiqi Edmon Marukyan da Bakının mövqeyini tənqid etmiş və demişdi ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil.

O iddia etmişdi ki, “Əliyevin tələblərini yeni önşərtlər kimi qiymətləndirmək olar”.

Amma Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasının sədr müavini Vahaqn Aleksanyan deyib ki, Əliyev Ermənistan konstitusiyasının dəyişdirilməsini hərbi əməliyyatlara başlamaq bəhanəsi kimi istəmir.

Aleksanyan vurğulayıb ki, onun partiyası Ermənistanı həqiqətən də müstəqil və suveren dövlət kimi görmək istəyir, amma Ermənistanın Müstəqillik Bəyannaməsi buna imkan vermir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb.

XS
SM
MD
LG