Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:35

Ermənistan sərhədin demilitasiyası məsələsində mövqeyini dəyişib


Mher Qriqoryan
Mher Qriqoryan

1970-ci illərə aid sovet hərbi xəritələri Azərbaycanla sərhədin çəkilməsində tək texniki plan deyil. Oktyabrın 21-də Ermənistan hökumətinin məsələyə baxışındakı dəyişikliyi açıqlayan baş nazirin müavini Mher Qriqoryan belə deyib.

Bu yaxınlaradək Ermənistan hökuməti sərhədin delimitasiya və demarkasiya prosesində həmin xəritələrə əsaslanmağa təkid edib. Sözügedən xəritələrə istinad Azərbaycanın 2021 və 2022-ci illərdə sərhəddə hərbi toqquşmalardan sonra Ermənistan ərazisinin bir hissəsinin zəbt edilməsinin sübutu kimi istifadə olunurdu. Rəsmi Bakı Ermənistanın dəstəklədiyi mexanizmi rədd edib.

"Bu xəritələr tək qaynaq olmamalıdır"

"Həmin xəritələr bəlli suallara cavab verə bilmir. Düşünürəm ki, delimitasiya prosesində bu xəritələr istifadə oluna biləcək və ediləcək tək qaynaq olmamalıdır", - Qriqoryanın Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsi üzvlərinə dediyi sözlərdir.

"Fikrimcə, bir xəritəyə istinad etmək indiki və daha sonrakı mərhələlərdə çoxlu riskə yol aça bilər", - yenə onun dilə gətirdiyi sözlərdir.

İddiasını əsaslandırmaqdan boyun qaçıran Qriqoryan deyib ki, qapalı qapılar ardında hüquqşünaslarla görüşlərdən sonra daha çox təfərrüat verə biləcək. O, Ermənistanla Azərbaycan sərhədlərinin delimitasiyasına aid sazişin ölkə parlamentində gözlənilən ratifikasiyası ərəfəsində bu fikirlərini söyləyib.

Avqustun 30-da imzalanmış saziş delimitasiya prosesində Ermənistan və Azərbaycan hökumət komissiyalarının birgə fəaliyyətini tənzimləyən qaydaları əks etdirir.

Orada deyilir ki, başqa bir razılaşma olmasa, 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. Həmin bəyannaməyə görə, postsovet respublikaları bir-birinin sovet dönəmindəki sərhədlərini tanıyır.

Xəritə mübahisəsi - Bakı ilə Yerevanın əlində fərqli xəritə var?
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Razılaşdırılmış qaydaların digər altı bəndində təfərrüatlar azdır

Orada tərəflərin xəritələrdən istifadə edib-etməyəcəyi və ediləcəksə, hansı xəritəyə üstünlük verəcəyi açıqlanmır. Komitənin oktyabrın 21-dəki iclasında müxalifətdən olan deputatlar bir daha bu fakta diqqət çəkiblər.

Razılaşmada sərhədin öncə hansı hissəsinin və nə vaxt delimitasiya olunacağı da açıqlanmır. Ermənistan müxalifətini təmsil edən deputatların fikrincə, bu, Azərbaycanı Ermənistandan daha çox ərazi güzəşti tələb etməkdən saxlamayacaq. Onların dediyinə görə, rəsmi Bakı yalnız sərhədin özünə sərfəli hissələrində delimitasiyaya razı olacaq. Həmin ərazilərə iddialarsa Ermənistanın milli güvənliyinə təhdid yarada biləcək.

"Tərəflərin heç biri deyə bilməz ki…"

Sərhəd danışıqlarında Ermənistan nümayəndə heyətinə başçılıq edən Qriqoryan belə qorxuları aradan qaldırmaq üçün söyləyib ki, delimitasiyanın ardıcıllığı konsensus əsasında razılaşdırılacaq.

"Tərəflərin heç biri "gəlin, delimitasiya prosesinə sərhədin bu bölümündə davam edək" deyə bilməz", - Qriqoryanın sözləridir.

Qriqoryan və onun azərbaycanlı həmkarı Şahin Mustafayevin razılaşdırdıqları sənəd Ermənistan baş naziri Nikol Paşınyan dörd sərhəd ərazisini Azərbaycana verməyə razılaşandan dörd ay sonra imzalanıb. Bu qərar may və iyun aylarında Yerevanda hökumət əleyhinə böyük nümayişlərə yol açıb.

Paşınyan martda bildirib ki, Azərbaycan o ərazilərdə nəzarəti ələ keçirməsə, Ermənistana hücum edəcək. Müxalifət hüquqşünaslarından biri - Kristine Vartanyan oktyabrın 21-də Azərbaycan tərəfindən bənzər təhdidlərinin indi gedən danışıqlarda olub-olmamasına aydınlıq gətirməsini Qriqoryandan tələb edib. Baş nazirin müavini birmənalı cavabdan boyun qaçırıb.

XS
SM
MD
LG